2014-cü il 24 iyunda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Qarabağ bölgəsinə səfəri çərçivəsində Ağdam rayonunda ziyalılar və din xadimləri ilə görüş keçirmişdir.
AzərTAc xəbər verir ki, görüş iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Ağdam Dövlət Dram Teatrında keçirilən görüşdə çıxış edən Kamal Abdullayev ölkəmizdə dövlət-din münasibətlərinin prioritet istiqamətləri, milli mənəvi dəyərlərin, tolerantlığın qorunub saxlanılması, azərbaycançılıq ideologiyasının inkişafı istiqamətlərində görülən işlərdən, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti tərəfindən həyata keçiriləcək layihələrdən danışmışdır.
Görüşdə yad dini-ideoloji təsirlərə, təfriqəçi təriqət və cərəyanlara qarşı mübarizənin zəruriliyi vurğulanmış, zəngin multikultural ənənələrin qorunub saxlanması və inkişafı, azərbaycançılıq ideologiyasının təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasətinin mahiyyəti ətraflı şəkildə izah edilmişdir. Xüsusən gənc nəslin milli mənəvi dəyərlər və Vətənə sədaqət ruhunda tərbiyə olunmasında məscidlərin roluna və din xadimlərinin üzərinə düşən vəzifələrə diqqət yönəldilmişdir. Qeyd olunmuşdur ki, məscidlər təkcə ibadət məkanı deyil, həmçinin mədəniyyət ocağı olmalı, burada dini kitablarla yanaşı, dünyəvi kitablar da saxlanılmalıdır.
Görüşdə rayon ziyalıları müxtəlif təkliflər irəli sürmüşlər. Bildirilmişdir ki, gənclərimizin yabançı din və təriqətlərdən, dövlətçiliyimizə yad olan müxtəlif yollardan çəkindirilməsi üçün cəmiyyətdə dini maarifləndirmə işi daha da gücləndirilməlidir.
Sonra Dövlət müşaviri Xındırıstan kənd məscidində və Çəmənli kəndində Seyid Lazım Ağa ziyarətgahında olmuş, din xadimləri ilə söhbətlər aparmışdır.
Şərh yoxdur