fuzuli2014-cü il iyun 25-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüş iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.
Heydər Əliyev Mərkəzində rayon ziyalıları, ağsaqqallar, gənclər, idarə, müəssisə və təşkilatların nümayəndələri ilə keçirilən görüşdə Azərbaycanda millətlərarası münasibətlər, zəngin multikulturalist ənənələrin inkişafı, azərbaycançılıq ideologiyasının təbliği və təşviqi sahəsində həyata keçirilən siyasətin prioritet istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Görüşdə dövlət-din münasibətlərinin mövcud durumu, etnik-dini tolerantlıq mühitinin və milli mənəvi dəyərlərin qorunub saxlanması, yad dini ideologiya və radikal təriqətlərin qarşısının alınması zərurəti və digər aktual mövzular müzakirə edilmişdir. Bildirilmişdir ki, Azərbaycanda bütün dünya ölkələrinə nümunə ola biləcək çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri mövcuddur. Ölkəmizdə dilindən və dinindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqları etibarlı surətdə qorunur.
Sonra Kamal Abdullayev Horadiz şəhərindəki “Əhli Beyt” məscidində olmuş, dindarlarla görüşmüşdür.