etnik2014-cü il iyunun 25-də Muzey Mərkəzində “Doğma yurdum Azərbaycan” devizi altında milli azlıqların IV Festivalı çərçivəsində “Azərbaycanda etnik mədəni müxtəliflik və multikultural ənənələr” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə “Multikulturalizm Azərbaycanın dövlət siyasəti, cəmiyyətin həyat tərzidir” mövzusunda məruzə ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə azsaylı xalqların mədəni irsinə, adət-ənənələrinə, milli mənəvi dəyərlərin qorunmasına göstərilən dövlət qayğısından söz açmışdır.
Bildirmişdir ki, Azərbaycan rəhbərliyinin düzgün milli siyasəti nəticəsində ölkəmizdə milli azlıqlara öz mədəniyyətlərini və dəyərlərini qoruyub saxlamaq və inkişaf etdirmək üçün hər cür imkan və şərait yaradılmışdır.
Azərbaycanın bu sahədə qazandığı uğurların UNESCO tərəfindən yüksək qiymətləndirildiyini söyləyən nazir vurğulamışdır ki, mötəbər beynəlxalq qurum tərəfindən bu sahədəki uğurlarımız digər ölkələrə bir təcrübə kimi tövsiyə olunur.
Ə.Qarayev xüsusi olaraq vurğulamışdır ki, ölkə rəhbərliyi tərəfindən azsaylı millətlərin və xalqların inkişafı ilə əlaqədar müvafiq fərman və sərəncamlar imzalanmış və hazırda bu istiqamətdə mühüm işlər uğurla davam etdirilir.
Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev “Azərbaycanda milli azlıqların mədəniyyətinin qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqaməti kimi” mövzusunda məruzə ilə çıxış etmişdir.
Dövlət müşaviri demişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikamızda Bilik Fondunun təsis edilməsi haqqında Fərmanı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Sərəncamı dövlətçiliyimizin daha da inkişafı üçün güclü bir təkan olmuşdur.
Bu yaxınlarda Azərbaycanın bır sıra bölgələrinə səfər etdiyini deyən natiq keçirdiyi görüşlər zamanı maraqlı hadisələrin şahidi olduğunu bildirmiş, ölkəmizdə əsrlər boyu formalaşan və bu gün dünyaya örnək olan tolerantlıq mühitindən, milli mənəvi dəyərlərdən, respublikamızda yaşayan milli azlıq və etnik qrupların mədəniyyətinin Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi inkişaf etdirilməsindən, bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanması üçün məqsədyönlü işlərin aparılmasından söz açmışdır.
Sonra “Musiqi dünyası” jurnalının baş redaktoru, professor Tariyel Məmmədov tərəfindən “Azərbaycanda yaşayan milli azlıqların mahnıları” (CD) diskinin təqdimatı keçirilmişdir.
Vurğulanmışdır ki, diskdə mili azlıqlara məxsus 29 mahnı yer almış və onlar dinləyicilərə 3D formatında təqdim edilmişdir.
“Dəyirmi masa”da Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun “Mədəni hüquqlar və multikulturalizm”, Milli Məclisin deputatları Yevda Abramovun “Millətlərarası həmrəylik: Azərbaycan modeli”, Mixail Zabelinin “Tolerantlıq və millətlərarası həmrəylik mühiti və Azərbaycan dövlətçilik ənənələri”, Aytən Mustafayevanın “Milli azlıqların hüquqlarının müdafiə mexanizmlərinin inkişafı” və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun “Tolerantlıq və media” mövzusunda məruzələri dinlənilmişdir.
Məruzələrdə Azərbaycanda millətlərarası münasibətlər, etnik dillərin və mədəniyyətlərin, zəngin multikulturalizm ənənələrinin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılmışdır
Vurğulanmışdır ki, Azərbaycanda milli azlıqlar yerli əhali ilə eyni hüquqlara malikdir, onlar ölkəmizin mədəni irsindən eyni dərəcədə istifadə edirlər.