2014-cü il iyulun 5-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev iyulun 5-də Biləsuvardakı Heydər Əliyev mərkəzində rayon ziyalıları və dindarlarla görüşmüşdür.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.
Ulu Öndərin adını daşıyan mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətini, Biləsuvara səfərlərini əks etdirən foto və sənədlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev ölkəmizdə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında tarixən dostluq, qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Biləsuvar rayonu da bu baxımdan istisna təşkil etmir. Dindarlar üçün bütün imkanlar yaradılmışdır, onlar rayonun ictimai-siyasi həyatında yaxından iştirak edirlər.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərindən, ölkəmizdə tolerantlıq, multikulturalizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışmışdır. Natiq respublikamızda millətlərarası münasibətlərin, dinlərin, dillərin və mədəniyyətlərin, multikulturalizm ənənələrinin inkişafı sahəsində dövlət siyasətinin təqdir olunduğunu qeyd etmiş, dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulamışdır.
Dövlət müşaviri Prezident İlham Əliyevin yeni xidmətlə bağlı qarşıya qoyduğu məqsəd və vəzifələri diqqətə çatdırmış, bundan irəli gələn vahid konsepsiya və fəaliyyət planı əsasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə son dövrlər həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.
Görüş başa çatandan sonra Azərbaycan Respublikasının millətlərarası, multukulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Biləsuvardakı Cümə məscidində dindarlarla görüşüb söhbət etmişdir.
Şərh yoxdur