2014-cü il noyabrın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, Mərkəzin icraçı direktoru Azad Məmmədov tədbirdə ölkəmizdə tolerantlıq və multikulturalizm sahəsində əsrlərdir toplanmış təcrübənin, əldə edilən nailiyyətlərin müzakirə olunacağını söyləyib. O bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olub. Azərbaycan bu gün dünyada təkcə enerji resursları ilə zəngin ölkə kimi deyil, eyni zamanda, humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bildirib ki, Beynəlxalq Tolerantlıq Günü dünya miqyasında qeyd edilir. Zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanın da bu günü qeyd etməyə tam haqqı var.
Kamal Abdullayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini yaradarkən qarşıya konkret, real vəzifələr qoyub. Bu vəzifələr bundan ibarətdir ki, əsrlərlə multikultural mənəvi mühitdə yaşayan bir ölkədə bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirməli, hamımız birlikdə çox işlər görməliyik.
Qeyd edilib ki, Azərbaycan bu gün bütün dünyaya örnək olacaq multikultural mühit yaradıb. Ölkədə multikultural təhlükəsizlik tamamilə təmin edilib. Prezident İlham Əliyev Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında bütün dünyaya bir daha sübut etdi ki, ölkəmizdə multikultural rejimin nəinki inkişaf etdirilməsi, hətta başqa dövlətlərə örnək olacaq səviyyəyə çatdırılması mümkündür. Bu gün bunun çox gözəl örnəkləri var. Bu örnəkləri Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyeva bütün dünyaya nümayiş etdirir. Xalqımızın əsrlər boyu formalaşmış multikultural ənənələri var və yeni yaradılmış Mərkəz bu ənənələri inkişaf etdirəcək.
K.Abdullayev vurğulayıb ki, Azərbaycanda istər dini, istərsə də milli müstəvidə həll edilə bilməyəcək heç bir məsələ yoxdur. Azərbaycanda yaşayan bütün millətlərin mədəniyyətlərinin çiçəklənməsi, dini konfessiyaların hər bir nümayəndəsinin öz əqidəsinə uyğun yaşaması üçün bütün işlər görülür və bu işlər həmişə davam etdiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, tolerantlıq ölkəmizdə həyat tərzidir. Azərbaycanda bu sahədə çoxəsrlik zəngin təcrübə formalaşıb. Bu, ölkəmizdə təkcə dini dözümlülük deyil, dinlərarası münasibətlərin qarşılıqlı əlaqəsi kontekstində bir sistemə çevrilib. Azərbaycanın mədəniyyətlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfələr bütün dünyaya məlumdur. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər ölkəmizin bu sahədə də qazandığı uğurları dünyaya çatdırır.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin rahat yaşamaları, onların mədəniyyətlərinin, adət-ənənələrinin qorunması istiqamətində yaradılmış şəraitdən danışıb.
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva Azərbaycanda azsaylı xalqların hüquqlarının qorunması üçün yaxşı hüquqi bazanın olduğunu diqqətə çatdırıb.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının əhəmiyyətini qeyd edərək onun bəşəriyyət, insanlar üçün sülh, birgəyaşayış institutu olacağını deyib. Bildirilib ki, Azərbaycan müxtəlif mədəniyyətlərə hörmətlə yanaşan bir diyardır. Bu gün dünyada müxtəlif proseslər gedir. İqtisadi böhranlar, münaqişələr və müharibələr bütün insanları düşünməyə vadar edir. Belə bir zamanda Azərbaycan düzgün qərarlar verən, siyasi uğurlar qazanan bir ölkə kimi tanınır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycan tolerantlıq sahəsində qazandığı uğurlara görə dünyada nümunədir. Ölkəmizdə tolerantlığın qədim köklərinin olduğunu deyən M.Qurbanlı qeyd edib ki, tolerantlıq Azərbaycan xalqı üçün təkcə hüquqi bir öhdəlik yox, həm də mənəvi tələbatdır. Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri hüquqi və siyasi müstəvidə bərpa edildi. Ulu Öndər öz uzaqgörən siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirdi. Ümummilli lider Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
M.Qurbanlı Heydər Əliyev Fondunun tolerantlığın təşviqi ilə bağlı gördüyü işlərin əhəmiyyətindən də söhbət açıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev Azərbaycanda bütün dinlərin nümayəndələrinə ibadət üçün bərabər şərait yaradıldığını qeyd edib. Bildirilib ki, İslam dini digər dinlərə nisbətən bu məsələni daha qabarıq göstərir. Səmavi dinlərdə məcburiyyət məfhumu yoxdur. Dinimiz öz ayinlərini başqalarına məcburi qəbul etdirməyə çalışmır. Bu məsələlərdə fikirlər azaddır.
Tarixə nəzər salsaq görərik ki, ölkəmizdə daim müxtəlif dinlərin nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşayırlar. Onların öz adət-ənənələrinə uyğun yaşamaları üçün hər cür imkanlar yaradılıb.
Müzakirələr zamanı Milli Məclisin deputatı Elmira Axundova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, dini icmaların rəhbərləri çıxış edərək Azərbaycandakı tolerantlıq mühitindən, ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına verdiyi töhfələrdən danışıblar.
Şərh yoxdur