musahibeÖlkəmiz çoxmədəniyyətliliyin dünyaya təqdim edilməsinin yeni və son dərəcə dəqiq, faydalı mərhələsindədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev söyləyib.

K.Abdullayev bildirib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyətinə “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits – 200” beynəlxalq kollokviumunun keçirilməsi ilə başlayıb. Bu kollokvium “Kitabi-Dədə Qorqud”un qədim Azərbaycan dastanı olmasını bir daha təsdiqləyəcəkdir.

Akademik qeyd edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin çox geniş planları vardır. Bu mərkəz xarici ölkələrin universitetlərində, müxtəlif qurumlarda Azərbaycanın multikultural təcrübəsini öyrənmək, təhlil və təşviq etmək məqsədilə qarşısına bir sıra məqsədlər qoyub.

Beynəlxalq kollokviumun əhəmiyyətindən danışan K.Abdullayev vurğulayıb ki, bu tədbirdə Azərbaycanda yaşayan dini və milli icmaların nümayəndələri də iştirak edirlər. “Kitabi-Dədə Qorqud” təkcə azərbaycanlıların deyil, eyni zamanda, ölkəmizdə yaşayan digər xalqların nümayəndələrinə məxsus sənət abidəsidir. Sevindirici haldır ki, milli və dini konfessiyaların nümayəndələri “Kitabi-Dədə Qorqud”a özlərinin milli mənəvi abidəsi kimi yanaşırlar.

30 yanvar 2015-ci il