Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti müxtəlif istiqamətlərdə həm yerli, həm də xarici ölkələrin elm, siyasət, ictimaiyyət, mədəniyyət, incəsənət və digər sahələrin görkəmli insanlarının iştirakı ilə virtual “dəyirmi masa”lar təşkil edir.
Xidmətin təşkil etdiyi ikinci “dəyirmi masa”nın mövzusu belədir: “Multikultural təhlükəsizliyin əhəmiyyəti və onun təmin olunmasının yolları”. Bu mövzu əvvəlki mövzunun bir növ məntiqi davamıdır. Bu “dəyirmi masa”da multikulturalizm fenomeninin mühüm tərkib hissəsi olan və intellektual həyatımıza yavaş-yavaş daxil olan bir anlayış – “multikultural təhlükəsizlik” anlayışı və prinsipləri müzakirə olunur. Yerli və xarici ekspertlər multikultural təhlükəsizliyin mahiyyətini, onun milli təhlükəsizlik sistemində yerini, multikultural təhlükəsizliyin müasir dünyada vəziyyətini, multikultural təhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan Respublikasında görülən işləri müzakirə ediblər.
Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfovun moderatorluğu ilə keçən budəfəki “dəyirmi masa”da Böyük Britaniyadan professor Aksel Müller, rəssam, dizayner Lititsiya Reuss, Almaniyadan fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı professor Ervin Neher, Vürtsburq Universitetinin orta əsr alman ədəbiyyatı üzrə professoru Ziqlinde Hartmann, psixoterapevt Galina Heinzelmann, Amerika Birləşmiş Ştatlarının Berkli Universitetindən Dr. Liladhar Pendse, Kaliforniya Ştatı Məclisinin spikeri Antonio Villaraigosa, İsrailin Akko şəhərinin meri Şimon Lankri, Azərbaycandan Dövlət müşaviri akademik Kamal Abdullayev, Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov, professor Zümrüd Quluzadə, professor Əlikram Abdullayev iştirak ediblər.
İkinci “dəyirmi masa”nın materialları ilə Azərbaycan, rus və ingilis dillərində tanış olmaq mümkündür. Həmin materiallar “Yeni Azərbaycan” qəzetinin 20 fevral, “Rabitə dünyası” qəzetinin 27 fevral sayında Azərbaycan dilində, “Бакинский рабочий” qəzetinin 21 fevral sayında rus dilində, “The world of communications” (Rabitə dünyası) qəzetinin 27 fevral sayında ingilis dilində dərc edilib.
Xatırladaq ki, xidmətin təşkil etdiyi ilk virtual “dəyirmi masa”nın mövzusu “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” idi.
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumu ərəfəsində yerli və xarici ekspertlərin iştirakı ilə keçirilən bu “dəyirmi masa”da müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın qarşılıqlı münasibəti müzakirə olunub. Müzakirədə əldə olunan əsas fikir ondan ibarət idi ki, bu iki amil bir-birini həmahəng şəkildə tamamlayır, xalqımızın mənəvi dəyərləri sosial-iqtisadi inkişafın təsiri ilə daha da yüksələrək onu həm müşayiət edir, həm də əsas səbəblərindən biri kimi çıxış edir. Belə bir nəticə əldə olunur ki, heç bir iqtisadi sıçrayış mənəvi sıçrayışdan təcrid olunmuş şəkildə baş verə bilməz.

28 fevral 2015-ci il