Martın 10-da Azərbaycan Milli Peşəkar Teatrının yaranmasından 142 il ötür. Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqında teatr ictimaiyyətinin bayramına və Novruzun üçüncü çərşənbəsinə həsr edilmiş tədbir və mükafatlandırma mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri, xalq artisti Azərpaşa Nemət bütün sənət adamlarını təbrik edib, teatrın şanlı tarixindən, sənətdə iz qoymuş müqtədir sənətkarlardan söhbət açıb.
Qeyd edilib ki, ATXİ tərəfindən təsis edilən “Sənətkar” medalı Azərbaycan Milli Peşəkar Teatrı günüdə dramaturqlara, yazıçılara səhnəmizdə xidmətləri olan sənət adamlarına təqdim olunur.
Sonra “Sənətkar” medalının təqdimatı keçirilib.
Mükafat alanlar sırasında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, tanınmış yazıçı, akademik Kamal Abdullayev, Bakı Xoreoqrafiya Məktəbinin rektoru, professor Timuçin Əfəndiyev, xalq artistləri Şəfiqə Məmmədova, Ağakişi Kazımov, Arif Quliyev Cəfər Namiq Kamal, Canəli Əkbərov teatrşünas, professor Məryəm Əlizadə və başqalarına təqdim olunub. Ümumilikdə 23 mükafat 23 nəfərə təqdim olunub.
Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyinə minnətdarlığını bildirən mükafatçılar Azərbaycanda dövlət səviyyəsində sənətə və sənətkara verilən qiymətdən söz açıb və teatr sənətimizin inkişafı naminə bundan sonra da əzmlə fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.
Sonda sənət adamları və tədbir iştirakçıları Novruz süfrəsinin qonağı olublar.
Şərh yoxdur