Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qısa zamanda Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlərin icrasına başlayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri yaradıldı və hər iki fənn üzrə tədris proqramları hazırlanaraq Təhsil Nazirliyində təsdiq olundu.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparıldı və ilkin mərhələdə 10-a yaxın universitet təklifi müsbət qarşıladı.
Tədrisinə başlanacaq fənlər yeni olduğundan bu fənləri tələbələrə çatdıracaq müəllimlərin hazırlığını da öz üzərinə götürən Mərkəz ölkəmizin tanınmış alimləri və xaricdən dəvət etdiyi mütəxəssislərlə birgə müntəzəm treninqlərə başladı. Treninqlər zamanı mütəxəssislər dinləyicilərə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədris proqramlarının əsasında mühazirələr oxuyur, onları lazımi dərs materialları ilə təmin edir və sonda imtahanda onların biliklərini yoxlayırlar. İmtahandan uğurla keçənlərə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən sertifikat verilir. Treninqlərdə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərini tədris edəcək müəllimlərin hazırlanması bu sahədəki hazırkı tələbatı müəyyən dərəcədə qarşılaya bilib.
Hazırda 7 xarici ölkə universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Bu universitetlər aşağıdakılardır: Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti; İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti; Ural Federal Universitetinin Yekaterinburq filialı (Yekaterinburq, Rusiya Federasiyası); Litva Pedaqoji Universiteti; Praqa Karlov Universiteti (Çex Respublikası); Roma Sapienza Universiteti (İtaliya) və Belarus Dövlət Universiteti.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə “Azərbaycan multikulturalizmi” fənninin tədris olunması ilə bağlı rəsmi müraciətlərə əsasən növbəti tədris ilinin I semestrində dərslərə başlamaq üçün Vürsburq Universiteti (Almaniya), Frayburq Universiteti (İsveçrə), Sakarya Universiteti (Türkiyə), Doğu Akdeniz Universiteti (Şimali Kipr Türk Respublikası), Lutsk Milli Texniki Universiteti (Ukrayna) rəsmi müraciətlərini göndərib. Hazırda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Vatikan Sileza Universiteti (İtaliya), Auqsburq Universiteti (Almaniya) və İNALCO Universiteti (Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutu, Fransa) ilə bu istiqamətdə danışıqlar aparır.
Xatırladaq ki, “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri paralel olaraq ölkəmizdəki ali təhsil ocaqlarının bakalavr və magistr pillələrində də tədris edilməyə başlanılıb.
Dövlət müşaviri Kamal Abdullayev bu fənlərin ölkənin bir sıra ali təhsil ocaqlarında tədris olunmasının təşkilinə dair Təhsil Nazirliyinə etdiyi müraciət qəbul olunub və “Multikulturalizmə giriş”, “Azərbaycan multikulturalizmi” fənləri Azərbaycan İqtisad Universitetində, Bakı Ali Neft Məktəbində, Bakı Slavyan Universitetində, Gəncə Dövlət Universitetində, Naxçıvan Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində və Azərbaycan Texniki Universitetində tədris olunmağa başlanıb.
Azərbaycanın dünyaya başqa bir rakursdan təqdimatına xidmət edən bu fənlərin tədrisinin coğrafiyasının genişlənməsi akademik səpkidə daha bir addımın atılmasını zəruri edib. Belə ki, Bakı Slavyan Universitetinin elmi şurasının üzvü, akademik Kamal Abdullayevin təşəbbüsü ilə universitetin Elmi Şurasında “Azərbaycan multikulturalizmi” kafedrasının yaradılması haqqında qərar qəbul edilib. Universitetdə yaradılmış kafedrada BSU-nun bütün ixtisaslarında bakalavr pilləsində “Multikulturalizmə giriş”, regionşünaslıq (ölkəşünaslıq) ixtisasında, “ixtisas ölkələrinin mədəniyyəti və incəsənəti”, “ixtisas ölkələrinin etnoqrafiyası”, “ixtisas ölkələrinin ictimai fikir tarixi”, “ixtisas ölkələrinin etnopsixologiyası”, “müqayisəli ədəbiyyat” və s. fənlər tədris olunmaqdadır. Magistratura pilləsində isə “Azərbaycan multikulturalizmi” fənni ilə yanaşı, “ədəbi komprotivistika” və müxtəlif ixtisaslaşmalara uyğun fənlərin tədrisi nəzərdə tutulur. Bundan əlavə, kafedrada multikulturalizm üzrə buraxılış işləri, magistr və doktorluq dissertasiyalarının yerinə yetirilməsi planlaşdırılır.
Kafedranın tərkibi yuxarıda adları çəkilən sahələr üzrə kifayət qədər elmi-pedaqoji təcrübəyə malik olan mütəxəssislərdən formalaşdırılıb. Qeyd etmək lazımdır ki, BSU-da yaradılan kafedra respublikada ilk olduğuna görə gələcəkdə digər ali təhsil müəssisələrində yaradılacaq bu qəbildən olan kafedralara elmi-metodik yardım göstərəcək.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində yaxın gələcəkdə həm xaricdə, həm də ölkəmizdəki ali təhsil ocaqlarında “Multikulturalizmə giriş”, “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha da genişlənəcək və Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsü öz real həllini tapacaq.
12 mart 2015-ci il
Şərh yoxdur