15545Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi “İlboyu bilik” proqramının “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində aprelin 12-də Beyləqan şəhərində Bakı şəhəri Elitar Gimnaziya, Qəbələ rayonu Nic kənd orta, Beyləqan şəhər 1 saylı tam orta və Xocavənd rayonu Salakətin kənd tam orta məktəbləri arasında qardaşlaşma haqqında saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək qoyub, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi ilə tanış olublar.
Beyləqan şəhər mədəniyyət sarayında keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev “Qardaşlaşmış məktəblər” layihəsini yüksək qiymətləndirərək, şagirdlərə imzalanmış müqavilənin kağız üzərində qalmamasını, həmişə bir-birinin yanında olmağı, dostluq münasibətləri saxlamağı tövsiyə edib.
Tədbirdə Bilik Fondunun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verilib. Bildirilib ki, “Qardaşlaşmış məktəblər” layihəsi gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsində, onların dünyagörüşünün inkişafında və intellektual səviyyələrinin formalaşmasında, müxtəlif bölgələrdən olan məktəblilər arasında “bilik körpüsü”nün yaradılmasında mühüm rol oynayır.
Sonra qardaşlaşma haqqında sazişin mətni oxunub, hər məktəbdən bir şagirdin iştirakı ilə saziş imzalanıb.
Sonda məktəblilərə Bilik Fondunun hədiyyələri təqdim edilib.

12 aprel 2015-ci il