Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi, oğuz türk dastanı “Kitabi-Dədə Qorqud”un alman diplomatı və şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə edilərək dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümü münasibətilə Beyləqan rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində N saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşlarına, Bakı Slavyan Universitetinin, Elitar Gimnaziyanın, Qəbələ rayonu Nic kənd tam orta məktəbinin müəllim, tələbə və şagirdlərinə, Beyləqan və Xocavənd məktəblilərinə döyüş silahları və hərbi sursatların təyinatı, onlardan istifadə qaydaları barədə məlumat verilib.
Sonra qonaqlar hərbi hissədə əsgərlərin xidmət və məişət şəraiti ilə tanış olub, onlarla birgə nahar ediblər. Xüsusi təyinatlı qrup döyüş bacarığını göstərib.
Çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Azərbaycanın gündən-günə artan hərbi qüdrətindən bəhs edib. Bildirib ki, Azərbaycan əsgərinin rəşadəti, əsrlərdən gələn daxili cəsarəti “Kitabi-Dədə Qorqud” dastanından, Nizami, Füzuli kimi şairlərdən bəhrələnmələri hesabınadır.
Azərbaycanın işıqlı, xoşbəxt, uğurlu gələcəyi naminə bu gün bir yerdə olduqlarını deyən Dövlət müşaviri bildirib ki, bu görüş əsgər və şagirdlərin yadından heç vaxt çıxmayacaq.
Tədbir “Savalan” qrupunun və Beyləqan şəhər uşaq musiqi məktəbi kollektivinin ifasında konsert proqramı ilə davam etdirilib.
Şərh yoxdur