Ləpirin, izin qaldı uzaqda,
Sevirəm sözün qaldı uzaqda,
İndi şaxtadı, indi sazaqdı,
Yazın nə işi həyatımızda?!
Yazın nə işi həyatımızda?!
Sözlər yuyuldu bayatımızdan.
Bir dünya ömrü var yadımızda,
Unutmaq çətin, unudulacaq…
Unutmaq çətin, unudulacaq,
Yol başdan başa ulduz olacaq.
Ulduzlar göydə duz-duz olacaq,
Bəs mən hardayam, uçuram hara?
Bəs mən hardayam, uçuram hara?
Bəs mən köksümü açıram hara?
Qaranlıqlara, qaranlıqlara!
İşıq dediyin bir ilğım imiş.
İşıq dediyin bir ilğım imiş!
Qaranlıq mənim var-yoxum imiş.
Qaranlıq mənim varlığım imiş,
Əsl işıq da onun içində.
Əsl işıq da onun içində,
Ucsuz-bucaqsız sonun içində.
Sənə görünən anın içində
Uçuş bitəcək həzin bir axşam.
Uçuş bitəcək həzin bir axşam,
Bu yol bitəcək yə’qin bir axşam.
Qorxuram yolu mən elə çaşam,
Bir daha düşəm mən yer üzünə.
Bir daha düşəm mən yer üzünə
Baxam üzünə, baxam gözünə.
Nə ola, ola, açıq köksünə
Ölü quş olub daş kimi düşəm.
Ölü quş olub daş kimi düşəm…
Şərh yoxdur