Yağışlar yağar üzüyuxarı,
Yağışlar yağar dərgaha sarı,
Yağışlar yağar Allaha sarı,
Üzüaşağı yağmaz yağışlar.
Günahkar dünya alqışa həsrət,
Bir mərhəmətli baxışa həsrət,
İşığa həsrət, yağışa həsrət,
Yağışlar yağar üzüyuxarı.
Yavaşdan axar göz yaşlarımız,
Yağışla axar göz yaşlarımız,
Üzüyuxarı göz yaşlarımız,
Yağışlar yağar dərgaha sarı
Gülər yuxuda körpəliyimiz,
Yağışla göyə yol açarıq biz.
Tövbə edərik, dil açarıq biz,
Yağışlar yağar Allaha sarı
Gözünü yum, aç, yaxşı-yaxşı bax,
Min ildi gəlmir yağışdan soraq.
Üzüyuxarı, bəlkə də, vallah,
Üzüaşağı yağmaz yağışlar.