O gecə birdən
bir pıçıltı gəldi
düz yanımacan –
gəldi dayandı.
“Nə var, nə yox?”
“Sağ ol”.
“Birtəhərsən?”
“Belə də…”
“Yenə olsun…
Açıldım, nə açıldım.
“Belə də həyat olar” dan
“Prometeyin odu o vaxt bizlərdən oğurlamağına” qədər.
“Kolumb azərbaycanlıdır”dan
“Nineviya – nənə evi”nə qədər.
Koroğlu baba da
düşdü yada,
Həcər nənə də.
Babək də, Şah İsmayıl da.
Bir də gördüm
pıçıltıdan əsər yox, əlamət yox.
Yəqin peşmanladı,
Elə bildi bəlkə də
düşmanladı, kimlədi.
Nə dedi, nə demədi
indi yadımda deyil.
Bircə onu bildim
Pıçıltı dinməz-söyləməz
çıxıb gedir,
Mən özüm-özümlə danışıram.
Bircə onu bildim
dumanlara qarışıram
üz tuturam göy üzünə,
Sən də özün özünə
qalırsan
tək!
Ürkək-ürkək…
Kövrək-kövrək…
…Beş-altı – qırmızı don.
Bir-iki – Firəngiz.
Doqquz-on – qapını ört…
Bu qaraltı pıçıltı idi
bir az əvvəl axı.
Kövrək-kövrək,
Ürkək-ürkək…