Mən darıxan adamlar haqqında düşünürəm.

 Haqverdiyevin kiçik şedevrlərindən biri də “Çeşmək” adlanır. Bu hekayə sanki adi bir məzənin üzərində qurulub. Dostu ilə zarafat edən bir bəy ondan həm özü, həm də başqa adamlar vasitəsilə səhərdən axşama qədər çeşməyini soruşur. Guya bu, bir zarafatdır. Axırda çeşməkdən xəbəri olmayan bu biçarə məcbur qalıb şəhərdən çıxıb gedir, yenə olmur. Başqa yerlərdə də onu tapıb çeşməyi qaytarmağını xahiş edirlər. Sonunda doğma şəhərinə dönən bu məzlum xəstəlik tapır və həyata əlvida deyir. Məzarı üstündə ən çox “qardaş, vay!” deyib ağlayan elə onu bu dərdə salan dostu olur. Vəssəlam.

Sanki vəfa və vəfasızlıq üstündə, bihudə canfəşanlıq barədə, sonrakı peşmançılıqdan bəhs edən bir hekayədir. Amma onun son dərəcə kədərli bir dərin qatı da var. Bu adamlar darıxırlar. Haqverdiyevin qəhrəmanları istər uca dağ başında dəli oynatmaqla məşğul olsunlar, istər kənddən kəndə gəzib məktəb uşaqlarını dərsə gətirməyə getsinlər, istər uzaq məmləkətlərin yolunda can çürütsünlər, fərqi yoxdur, onlar hamısı darıxan adamlardır.

Eyni ölçü ilə hansı ustad yazıçımıza desəniz, yanaşmaq mümkündür. Mirzə Cəlilin də, Üzeyir bəyin də darıxan adamları var. Darıxan adamlar bəzən, məqsədli, çox zaman məqsədsiz şəkildə onların təsvir etdikləri demək olar ki, bütün obrazlara xas bir səciyyədir. Bu arada Qoqol da yada düşür. İvan İvanoviçlə İvan Nikiforoviçin küsüşmə əhvalatını təfərrüatı ilə qələmə alan bu böyük yazar povestini belə bir cümlə ilə bitirir: “Bu dünya necə də darıxdırıcıdı, cənablar”.

lll

Siz sonsuzluğu təsəvvür edə bilirsinizmi? Mən edə bilmirdim.  Elm dahilərindən olan riyaziyyatçı Fon Neymanın sözləri mənə bu maneəni dəf etməyə bir az kömək elədi: “Sonsuz çoxluqdan sonsuz çoxluğu çıxsan, yerdə yenə sonsuz çoxluq qalacaq”.

Mən çox düşündükdən sonra bu məsələnin həll mümkünsüzlüyünün belə bir linqvistik izahını tapdım. Bilirsinizmi, sonsuzluğu niyə təsəvvür eləmək çətindi, bəlkə də mümkün deyil?! Çünki biz onu sonu olan, kəsik-kəsik quruluşa malik “söz” vasitəsilə dərk və izah eləməyə çalışırıq. Sonsuzluğun isə öz bitib-tükənməz, fasiləsiz izahedici “aparatı” olmalıdı. Məsələn, biz onu fasiləsiz şüuraltımızda “dərk” edə bilərik, fasiləli dilə isə gətirməyi bacarmarıq…

lll

Rəşad Məcidin çap olunmamış bir şeiri var. “Qala adam” adlanır. Qatları açıldıqca açılan bir şeirdir. Arxanda dağ kimi duran Qala adam arzusu, nisgili var bu şeirdə.  Hamının özünə hayan arzuladığı, xilaskar Qala adam! Şeir sakit və təmkinli çay kimi axır. Sanki heç nə baş verməyəcək. Və birdən bu şeir bütün arxasınca gələn misraları ilə bir yerdə bir misranın arxasınca son dərəcə gözlənilməz bir şəkildə nəhəng şəlaləyə dönərək böyük bir yüksəklikdən özünü yerə atır. Bir misra, bircə misra şeirin daxili mahiyyətini yeni bir məcraya salır. O misra budur: “Bəlkə də təzə bəladı…” Sakit çayın şəlaləyə dönüb yüksəklikdən aşağı sürət yığımının məqamı.

Bəladan xilas edən özü bəlkə təzə bəladı… Əsl şeirin daxili energiyası elə belə də olur, başqa cür olmur.

lll

Biz hamımız nə zamansa mağaradan çıxmışıq – bu, bəlli. Amma heyhat alaçıqdan bu gündə bəzilərimiz çıxa bilməyib.

lll

“Xaosda heç nə yoxdur” deməyənə var ki… Asandan asan. Əsas məsələ odur ki, “xaosda heç nə var” deyəsən. Belə deyilə bilirsə, əslində, nə dəyişdi? Heç nə. Ya “heç nə yoxdur” de, ya da “heç nə var” de. Fərq edərmi? Etməz. Amma necə də fərq edir.

lll

…Hara yağdığını dəqiq bilən yağışlar kimi qadın var ki,  kişinin diqqətini onun qarşısında şux gəzişməsilə cəlb etməyə çalışır, qadın da var ki, fikirlərini bu cür deməklə, yada yazmaqla.

lll

Cavidin yerə enməməkdə israrını o zaman da ona bağışlamamışdılar,  bu gün də bəzi ağzı və ağlıgöyçəklər bunu ona bağışlaya bilmir. Əlbəttə, Cavid cinayətkardır, əlbəttə, Cavid günahkardır! Cavid günahsızlığın günahkarıdır. Bu adamlara daha nə demək olar ki, onlar sakitləşsinlər?! Mən yalnız onu deyə bilərəm ki, Cavid öz “göylərdən enməmək” israrı və inadkarlığı ilə Azərbaycan ədəbiyyatının semiotik bütövlüyünü qorudu. Burada “Aşağı” var idi, Cavid “Yuxarı”nı qurdu.

lll

Mən Azad Mirzəcanzadəni düşünürəm.

Belə bir latın ibarəsi var: “dosendo discimus”.  Mənası budur: “öyrədərək öyrənirəm”. Öyrənməkdən və öyrətməkdən yorulub usanmayan bu insan onu yaxından tanıyanların yaddaşında elə bu iki müstəvidə qalacaq: öyrənmək və öyrətmək müstəvilərində. Öyrənməyi az qala özünün bioloji zərurətinə çevirməyi bacarmışdı. Düzdü, öyrətmək müstəvisinin formal çərçivələri bəzən qatı rənglərə bürünürdü. Bu müstəvidə onun üçün ancaq ağ və qara rənglər vardı.

Belə alimlər adətən rasional fikir rejimində çalışırlar. Azad müəllimdə isə bundan başqa daha bir gizli “klapan” vardı: onun əvəzsiz intuisiyası. İrəlini hiss etməsi. Dədə Qorqud demişkən, “qayibdən dürlü xəbərlər verməsi”.

Təkidli və israrlı idi. Başqa adamdan isə təkid və israrı qəbul eləməzdi. Amma məni sındırmazdı. Mənim təkidli xahişlərimdən sonra bizim Slavyan Universitetinə gəlib ayda iki dəfə gənc alimlər, magistrantlar ilə, indi belə demək dəbdi, “master klasslar” keçməyə başladı və bir az sonra özü də bundan  mənəvi həzz aldı. Ədəbiyyatı, mədəniyyəti nəinki sevərdi, öz öyrətmə müstəvisində bu istiqamətləri israrla gücləndirərdi. Onun təşəbbüsü ilə  birgə hazırladığımız “Bakı  Slavyan Universitetində mühazirələr” kitabı Azad müəllimin master-klasslarının və mənim Filologiya fakultəsində oxuduğum mühazirələrin toplusundan ibarət oldu. Mən öz tənbəlliyim ucundan (əslində, vaxt qıtlığı!) yazmalı olduğum (daha doğrusu, oxuduğum mühazirələri, yəni kitab üçün hazırlamalı olduğum) hissəni gecikdirirdim. Azad müəllim bu məsələlərdə çox səliqəli idi – hər gün, demək olar ki, hər gün mənə zəng edib bu hissələri nə zaman nəşriyyata təhvil verəcəyimi soruşurdu. Və bu israrlılıq öz növbəsində məni daxilən səfərbər etməyə bilmədi. Kitab vaxtında çapdan çıxdı.

Onun məşhur sualı bu idi: “ Deyə bildim?” .

Diqqət yetirin: “başa düşdün?” yox, “anlada bildim?” yox – “deyə bildim?!” Sualın qoyuluşu artıq qarşı tərəfə hörmətdən və yüksək mədəniyyətdən xəbər verir.

Ən çox sevdiyi məqam: ona ünvanlanmış ağıllı sual. Sualın sahəsi nə qədər onun öz doğma elmindən uzaq olurdusa, o qədər yaxşı idi.

Ən çox sevmədiyi  məqam: onun sualına düzgün cavab verildiyi məqam. Bu zaman “tələsmə, yenə sən tələsirsən…” deyə yumşaq şəkildə etiraz edərdi. Narazı qalardı, çünki bir azdan sualın gözlənilməz cavabını özü “partlatmaq “ şansını itirirdi. İndi düşünürəm ki, haqlı idi. Cavabı hökmən özü səsləndirmədiyi üçün narazı qalmırdı, ona görə narazı qalırdı ki, cavabın məntiqini əsaslandırmaq həvəsini itirirdi.

O, öləndə bizləri tərk etmədi, xalqını, vətənini tərk etmədi.

O, dünyanı tərk edib getdi.

lll

Səhvlərimizin qrammatikası bizə deyir ki, bizim bir sıra bəlalarımız çox zaman hansısa məsələləri bilməməyimizdən yox, əksinə, çox yaxşı bilməyimizi güman etməyimizdən qaynaqlanır.

lll

Mən Rüstəm Behrudini düşünürəm. Bütün yaradıcılığı ilə özünü ədəbiyyata salan  –  var. Bir şeiri ilə özünü ədəbiyyata salan  –  var. Misra ilə  –  var. 4 söz ilə ədəbiyyata düşən – var. Rüstəm, hələlik yeganə şairdi ki, 3 söz ilə ədəbiyyatın düz göbəyinə salıb özünü. “Salam, dar ağacı” ən müxtəlif yaş dövrlərinin, əhvallarının, pessimizm-optimizm qütblərinin hər birində cövlan edən şeirdir. Elə bil ki, bu üç söz paroldu, onu kimə desən ən bağlı ürəklərində qıfılı açılıb öz-özünə ayaqlar altına düşəcək və sən istədiyin qəlb evinə girəcəksən. Azərbaycan poyeziyasının bu sehirli 3 sözü nağılların “sim-sim”i kimi təhtəlşüurumuzda arzu və ümidlər aləminə keçidi rahlayır. Bu üç sözün sahibi yer üzündəki bütün sirlərin sahibi ola bilərdi. Olmayıb. Bir səbəb  – insanlara acıyıbdır, demək. İkinci səbəb…

lll

Bizim şairlər, elə bil ki, bir-biri ilə “kim daha qəşəng sevir?!” mücadiləsinə çıxıblar. Bu son dərəcə intim və ancaq sevən kəsə aid olan duyğu nə üçün əksər şeirlərimizdən qırmızı xətlə keçir?! Dilin, təfəkkürün ağlagəlməz qatlarına enə-enə “bu, daha yaxşı şairdir” adını qazanmaq üçün şairlər sevdikləri adamın az qala alt paltarının tərənnümünə keçiblər  –  hələ bədən üzvlərinin təsvirini demirəm. Niyə bunun fərqində deyilik?! Bu yol, əslində, bizi mənəviyyatın digər, daha vacib arxeoloji qatlarına enməkdən uzaqlaşdıran yoldur. Özünə tənqidçi deyənlər bu barədə düşünüblərmi? Düşünməyiblər, əksinə bu yolu təşviq edib, kim daha yaxşıdır “cıdırını” düzənləməklə məşğul olublar. Təəssüf…Şekspir hələ 16-cı əsrdə ingilislər üçün belə bir bədii-ictimai meyar formalaşdırıb yazırdı:

Eşqimi tərifləyib

heç kimi aldatmıram,

Çünki öz sevgilimi

bazarda mən satmıram…

Marsel Prustun bu sözlərini hər bir yazar, məncə, yadında saxlamalıdı: “Hiss haqda düşüncəni həmən hissin özündən ayırmaq lazımdır”.

lll

Professor Ekonun “mənim cızmaqaralarımın yerləşdiyi” dediyi yer geniş və eyni zamanda saysız kitab əlindən xeyli daralmış, dəhlizdə və Əlyazmalar otağında olan kimi hara baxsan kitab gördüyün böyük bir otaq idi. Əlyazmalar otağı boyda olardı, amma ondan nisbətən daha işıqlı və bir az da tör-töküntülü idi. Rəflər ölkələr və tərcümələr üzrə bölünmüşdü. Burada Ekonun dünya dillərinə tərcümə olunmuş əsərləri saxlanır. Dünyanın hansı ölkəsi burda yox idi?! Məndə belə bir şübhə var ki, burdakı saysız-hesabsız leqal şəkildə işıq üzü görən kitabların arasında  Ekonun və onun ədəbi agentinin xəbəri olmadan çap edilən kitablar yer tutmayıb. Olsaydı, o zaman o nəşrləri də yerləşdirmək üçün bu otaq kimi daha neçə otağa ehtiyac olardı.

–  Mən sizə bir hədiyyə vermək istəyirəm. – Professor deyir.

Biz  –  Sandro ilə mən, sağımızda, solumuzda səliqəsiz şəkildə yer alan kitabları bir-bir qaldırıb nəzərdən keçirərkən (aha, bu da “Qızılgül”ün Türkiyə nəşri!) Eko bu sözləri deyib otağın dolambaclarında harasa gözdən itir, sonra biz onu ucada, az qala tavana dəyən bir rəfin üzbəüzündə görürük. O, qalxma qurğusunun üstündə ora qalxıb. Və çox keçmir, Professor əlində bir qalın kitab yanımıza qayıdır.

–  Bu rus dilində olan nəşrdir. “İllüziyaların tarixi. Əfsanəvi məkanlar, torpaqlar və ölkələr “ adlanır. Rusiyada çap edilib. Mən indi bunu sizə yazaram.

Eko elə ayaq üstündə bu gözəl tərtibatlı kitabı mizin üstünə qoyub üstünü yazır. Kitabı mənə təqdim edir. Moskvanın məşhur “Slovo” nəşriyyatının xeyli nəfis, zövqlü və az qala hədiyyəlik nəşri. Mən Professora səmimi-qəlbdən təşəkkür edib kitaba yazdığı sözləri gözdən keçirirəm. Ekonun imzasından və öz adımdan başqa heç nə, təbii ki, anlamıram.  Sandro mənim başım üstündən Ekonun yazdığını oxuyub tələsik tərcümə edir: “Kamal Abdullaya – dostluq arzuları ilə… “

Əlbəttə ki, bu kitaba yazılan sözlərin mənim üçün əhəmiyyətini bir-iki sözlə deyib üstündən keçmək mümkün deyil. Biz bir-birimizə baxırıq və ikimiz də başımızı aşağı dikib bir müddət susuruq. Mən kitabdan ayrıla bilmirəm,  Eko isə deyəsən, mənə belə bir zövq verməsindən aldığı ləzzətdən.

Sonra biz yenə salona qayıdırıq. Büruzə vermədən saatıma baxıb Sandro ilə baxışıram. Bu salona qədəm qoymağımızdan saat yarım keçir. Söhbətimiz artıq ordan-burdan davam etsə də pərakəndəlikdən də xali deyil. Mən sonra xatırlayacağam ki, gərək bunu da soruşaydım, onu da soruşaydım. Gərək bunu da deyəydim… O an isə mənə elə gəldi ki, biz bir dünya söhbət eləmişik. Vidalaşmaq vaxtı isə bax, beləcə, öz-özünə, təbii şəkildə yetişdi. Hamımız eyni vaxtda ayağa dururuq. Qapı ağzında bir xeyli ləngiyirik. Hansısa nüansları xanım Eko ilə dəqiqləşdirmək lazımdır. Təbii ki, mən Azərbaycana səfərlə bağlı söhbətin son nöqtələrini düzürəm (“pəncşənbə” və nöqtələri yadıma düşür). Nəhayət, sanki hər şey deyildi, aydınlaşdı. İtalyanlarla azərbaycanlıları bir şey də birləşdirir – bu, qapı ağzında uzun-uzadı sağollaşmalardır. Mənim bu sözlərimdən sonra gülüşürük və nəhayət, xeyli mehriban şəkildə bu gözəl insanlardan ayrılırıq.

Küçədə hər şey əvvəlki kimidir. Nəhəng binalar yenə də əzəmətli duruşları ilə ətrafa meydan oxuyur. Elə bil, ikimiz də sərxoşuq. Əlbəttə ki, bu, bir az əvvəl Ekogildə içdiyimiz qədim şərabın təsirindən deyil.Təəssürat bizi tam olaraq öz ağırlığı altına alıb. Bir xeyli müddət ikimiz də dinmirik. Sandro ilə hara gedəcəyimizi bir-birimizlə razılaşdırmadan üzü qala divarlarına tərəf baxırıq. Kastello küçəsinin o biri tərəfinə keçirik. Qala divarlarının əsas qapısından qədim Milan ərazisinə daxil oluruq. Bura ki əsl orta əsrlər  dünyasıdır, desəm, inanın. Orta əsrlər İtaliyasının cazibəsi bizi bərk-bərk tutub buraxmır. Küçələri, evləri, meydançalarının daxili ruhu ilə bura bizim üçün  Kastello, 13 nömrəli evin ikinci mərtəbəsindəki bayaqkı görüşümüzün təbii davamına çevrilir. Və bu orta əsrlər dünyasının hər bucağından artıq qulağımıza Professor Ekonun həlim səsi gəlməyə başlayır, nəfəsi duyulur. Sandro ilə mən bir-birimizin üzünə baxmasaq da, mən bilirəm, o da eyni hissləri keçirir.

lll

Taleyində olan həyatında olmaya bilər.

Rəssamlar öz tablolarının bir küncünə adətən imzalarını qoyurlar. Bu da mənim imzam olsun.

SON