14417968924667616841_1000x669

Azərbaycan Yaradıcılıq Fondunun (AYF) sim-sim.az adlı mədəniyyət portalı sentyabrın 9-dan fəaliyyətə başlayıb.

Bununla əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilən təqdimat mərasimində çıxış edən AYF-nin aparat rəhbəri Qismət Rüstəmov Fondun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Fondun yaradılmasında məqsəd yaradıcı şəxslərə, diqqətdən kənarda qalan elm və mədəniyyət xadimlərinə dəstək verməkdir.

Diqqətə çatdırılıb ki, saytda multikulturalizm ideyasına töhfə vermiş elm və incəsənət xadimlərinin fəaliyyəti işıqlandırılacaq. Portal gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eyni zamanda, kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid maraqlı materiallar təqdim edəcək. Saytda Azərbaycanda və xaricdə nəşr olunan kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləri ilə müsahibələr, müzakirələr və debatlar, dünya mədəniyyət irsi ilə bağlı tərcümə materialları dərc olunacaq.

Bildirilib ki, Fond 1987–ci ildə Sovet Mədəniyyət Fondunun filialı kimi təsis olunub və 2008-ci ilədək Azərbaycan Mədəniyyət Fondu adı ilə fəaliyyət göstərib. Sonralar isə Azərbaycan Yaradıcılıq Fondu adlandırılıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib ki, ölkəmizdə son zamanlar tolerantlıq, multikulturalizm ideyaları həyatın bütün sahələrində özünü göstərir. Bu, dövlətimizin başçısının ideoloji hədəflərindən biridir və biz bu hədəflərə doğru getməliyik. Bu istiqamətdə çox ciddi işlərin görüldüyünü vurğulayan Dövlət müşaviri deyib: “Biz bu saytın fəaliyyəti ilə multikulturalizm sahəsində olan boşluğu doldurmaq niyyətindəyik. Ədəbiyyatdan, rəssamlıqdan uzaq düşmüş insanlar var. Biz həmin insanlara diqqət və qayğı göstərəcəyik. Mükafatlar, müsabiqələr təşkil etmək niyyətindəyik. Mən Azərbaycanın bölgələrində heç bir işi olmayan bəzi gənclər gördüm. Biz bu gənclərə də sahib çıxmalıyıq. Bu gənclərin maariflənməsi üçün bölgələrdə mərkəzlər yaratmağı nəzərdə tuturuq. Həmin gənclər mərkəzlərdə təhsil alacaq və onların marağını artırmaq üçün müəyyən sertifikatlar, hətta təqaüdlər də veriləcək. Ali məktəbə qəbul ola bilməyən gənclər burada özlərini ali məktəbdəki kimi hiss etməlidirlər”.

Tədbirdə digər çıxış edənlər yeni portalın önəmindən danışıb, onun işinə uğurlar arzulayıblar.