Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti, Azərbaycan Yaradıcılıq Fondu və “Kulturaplyus” internet televiziyasının əməkdaşları ilə birgə müşavirə keçirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə adı çəkilən qurumların ötən müddət ərzində gördüyü işlərin nəticələri müzakirə olunub, perspektiv fəaliyyət proqramı ətrafında fikir mübadiləsi aparılıb.
Kamal Abdullayev bildirib ki, bu günə qədər həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məruzə edib və dövlət başçısı layihələrin cəmiyyətin inkişafı, əhalinin maariflənməsi, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması baxımdan əhəmiyyət daşıdığı vurğulayıb: “Prezident İlham Əliyevin bizim fəaliyyətimiz barədə dediyi xoş sözlər bizi gələcək işlərə daha böyük həvəslə, daha böyük sevgi ilə başlamağa sövq edir. İnanıram ki, bundan sonrakı fəaliyyətimizlə Prezidentin qarşıya qoyduğu hədəflərə çatacağıq, ölkənin inkişafı naminə bütün çətinlikləri dəf edəcəyik”.
Multikulturalizm sahəsində görülən işlərdən danışan Dövlət müşaviri bütün qurumların əlaqəli şəkildə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb və bildirib ki, Azərbaycan multikulturalziminin dünyaya nümunə olduğunu hər addımda təqdim etmək fəaliyyət sferasının əsas qayəsi olmalıdır.
K.Abdullayev Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti, Azərbaycan Yaradıcılıq Fondu, “Kulturaplyus” internet televiziyasının birgə təşkilatçılığı ilə hazırlanan yay məktəbinin böyük səmərə verdiyini diqqətə çatdırıb: “Yay məktəbində iştirak edən xarici tələbələrin Azərbaycanın dostlarına çevrilməsi bizim ən böyük məqsədimiz olmalıdır. Onlarla əlaqələr daim genişlənməli, Azərbaycanı dünyada tanıtdırmaq üçün həmin tələbələrin əməyindən istifadə olunmalıdır”.
Dövlət müşaviri bununla bağlı müşavirə iştirakçılarına konkret tapşırıqlar verib. O qeyd edib ki, xarici ölkələrin ali təhsil ocaqlarında “Azərbaycan multikulturalizmi” fənninin tədrisi genişlənir. Artıq bu ilin payız semestrindən 11 ölkənin məşhur universitetlərində “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq. Ötən semestr bu fənn cəmi 7 universitetdə öyrədilib.
K.Abdullayev Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda keçirilən konfransda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səsləndirdiyi fikirləri xatırladıb. Dövlət müşaviri bildirib ki, Mehriban Əliyevanın “Tolerantlıq ənənələri bizim ölkədə indi də yaşayır. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Biz mədəni və tarixi irsimizlə fəxr edirik” deməsi multukulturalizm sahəsində həyata keçirdiyimiz fəaliyyətə verilən siyasi dəstəkdir. Prezident İlham Əliyev dəfələrə vurğulayıb ki, multikulturalizm azərbaycanlıların həyat tərzidir və bunun alternativi yoxdur. Mehriban Əliyeva da Parisdəki çıxışında bildirib ki, ölkəmiz gələcəkdə də ümumbəşəri dəyərlərə öz töhfəsini verməkdə davam edəcək. Biz bu fikirlərə əsaslanaraq Azərbaycan multikulturalizminin inkişafı yolunda durmadan çalışmalıyıq”.
Müşavirədə “Kitabi-Dədə Qorqud” dastanının alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən dünyaya tanıdılmasının 200 illiyi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamından irəli gələn işlər də müzakirə olunub. Kamal Abdullayev növbəti aylarda bu mövzuda beynəlxalq tədbirlərin keçirilməsi haqqında müvafiq tapşırıqlar verərək qeyd edib ki, bu tədbirlər orijinallığı ilə seçilməlidir.
Dövlət müşaviri Qafqaz Albaniyasının dərindən öyrənilməsi və öyrədilməsi ilə bağlı həyata keçirilən layihələrin intensivləşməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Qafqaz Albaniyası tədqiq edildikcə Azərbaycan xalqının qədim və böyük mədəniyyətə malik olduğu müxtəlif çalarlarla bir daha aydınlaşacaq və dünya Azərbaycanın necə möhtəşəm kökə bağlı olduğunu dəqiqliyi ilə görəcək.
Şərh yoxdur