Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin “Ümummilli lider Heydər Əliyev Azərbaycanda multikulturalizmin siyasi banisidir” adlı məqaləsi Almaniyanın nüfuzlu “Presse Anzeiger” (www.presseanzeiger.de) portalında dərc olunub.
Axar.az xəbər verir ki, bu portal Almaniyanın ən böyük onlayn saytıdır.
Məqalədə Ulu Öndər Heydər Əliyevin “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri… ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir” sözləri epiqraf kimi verilib.
Məqalədə Akademik Kamal Abdullayevin “Kitabi-Dədə Qorqud” dastanından, şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz nümunələr uzaq keçmişdən bugünümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir. Bunun fonunda müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etmək. Və bunu ulu öndər Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi. Əslində, ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisi oldu” kimi fikirləri, həmçinin, Azərbaycan Konstitusiyasında ölkəmizdə yaşayan etnik toplumların hüququ və azadlıqları ilə bağlı maddələri öz əksini tapıb.
Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamətin yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi, Prezidentin təşəbbüsü və iştirakı ilə 2011-ci ildən bəri mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar Forumların keçirilməsi, ölkədə multikulturalizm siyasətinin inkişafı ilə bağlı görülən digər işlər haqda məqalədə ətraflı bəhs edilib.
Məqalədə bildirilir ki, inkişafda olan multukulturalizmin Azərbaycan təcrübəsinin bütün dünyaya siyasi cəsarətlə nümayişi ona gətirib çıxarmışdır ki, bu gün artıq Yer kürəsinin hər yerində ədalətsevər insanlar Azərbaycanı sarsılmaz multikultural dövlət imici əldə etmiş mərkəz kimi tanıyır.
Bunlar Almaniyada multikulturalizmin Azərbaycan modelinə böyük maraq olduğunu, bu marağın nəticəsi olaraq Almaniyanın Drezden şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının açılmasını və Augsburq Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunmasını qeyd edə bilərik.
Şərh yoxdur