ka

1. Bu suala cavab vermək çətindi. Mən heç indinin özündə də bilmirəm ki, yazıçı olmuşam, yoxsa yox. Mənim mətnim kimə isə barəmdə belə deməyə imkan verirsə, sevindim. Əslində isə, mənə belə gəlir ki, yazıçı olmurlar, yazıçılığı yaşayırlar.

2. Yəqin ki, bu suala “bilmirəm” deyə cavab vermək daha münasib idi. Amma belə deyək. Yazmaq mənim üçün təmizlənməyin bir üsuludur. Ona görə yazıram ki, bu zaman özümü tamam başqa bir yerdə, əhatədə hiss edirəm.

3. Yəqin ki hər ikisi içimdə var. Amma mən “ağrı” deməzdim. Bu, sevinc də ola bilər, kədər də, sevgi ilə vidalaşma da, nostalji də…

4. Ədəbiyyat olmasaydı, insanlar hələ də mağaranın içində idilər. Onu da deyim ki, külək dünyada çox şeyi dəyişmir. O dəyişənlər baş verir ki, Borey də “mən varam” deyə bilir.

5. Demək çətindir. Bəlkə də sadaladıqlarınızın hamısı və daha nələr…

6. Deyəsən, var. Bədii bir mətnə başlamazdan əvvəl bir müddət (bir neçə gün) heç nə ilə məşğul olmuram. Elə bil, daxilimdə olan bir çox şeylə vidalaşıram, onlardan ayrılıram. Yeni mətnin içinə arınmış halda girmək istəyirəm. Bu hal böyük mətnlər yaranan zaman olur. Kiçikhəcmli hekayələrdə bu olmur. Məncə, siz dediyiniz rituala və yaxud vərdişə oxşamadı…

7. Folkner bunu bir qədər başqa cür demişdi. Ondan Yaponiyada bir universitetdə soruşmuşdular ki, ən sevimli əsəriniz hansıdır? O da cavab vermişdi ki, “Hay-küy və hiddət”. Nə üçün sualına da belə demişdi ki, bu əsər mənim ən böyük və ən gözəl məğlubiyyətimdir. Folkner qarşısına qoyduğu məqsədlə ona çatmaq arasındakı məsafənin böyük olmasından narahat olmuşdu və bunu bir yazıçı kimi öz məğlubiyyəti saymışdı. Əlbəttə o da var ki, siz deyən kimi hər əsərdə bu məğlubiyyətin hansısa faizi yox deyil.

8. Şübhəsiz var. O sadaladığınız gurultulu adlardan bir qədər aralansaq, öz ədəbiyyatımızda mən yazmağın müxtəlif sirlərini Mirzə Cəlil və Əbdürrəhimbəydən öyrənməyə çalışmışam. “Kitabi-dədə Qorqud” dastanı da, təbii ki, öz yerində.

Onu da deməliyəm ki, yaradıcılığından, şəxsiyyətindən çox şeylər öyrəndiyim başqa sənətkarlar da az deyil. Bu yaxında ədəbi esselər kitabım çapdan çıxdı: “Düma ilə Coys arasında…” Öyrəndiyim, mənə təsiri olmuş adamların, sənətkarların adlarını orada bir-bir saymışam. Çox adamın adı var.

9. Mən bu adları qarşı-qarşıya qoymazdım. Məncə, onlar bir-birini bu dünyada olmasa da, haqq dünyasında tamamlayırlar. Onların tapındıqları mənəvi dəyərlər bir-birini inkar etmir. Sadəcə, bəzən bu dəyərlər bir-birindən uzaqda durur. Amma mən hansını dönə-dönə oxuyuram soruşsaydınız, Tostoyu, əlbəttə, Tolstoyu deyərdim.

10. Çətin və qəribə sualdı. Hansı ulduzda bu dünyanı tərk edəndən sonra yaşamaq istərdiniz sualından asan deyil. “Sehirbazlar dərəsin”də Görükməz təpəyə qalxan dərviş Hüsnikərəm var. Kənardan baxanlar ki, təpəni görmürlər, elə bilirlər ki, bu adam hava ilə yuxarı yeriyir. Təpənin başında uzanıb əllərini boynunun arxasında daraqlayandan sonra o, elə bil, göydən uzanıb asıla qalır. Bax, o Görükməz təpəyə qalxmaq istərdim. Hər dəfə ayağını irəli atanda elə bil boşluğa atırsan.

11. Bu sualın cavabını məndən gözləmək doğru deyil. Bunu “izmlər”in mütəxəssislərindən soruşmaq lazımdır.

12. Yenə də cavab verməyə çətinlik çəkirəm.  Bu işi kim necə bacarırsa elə də görür. Kiminə çətin gələn kiminə də asan gəlir. Əsas olan mətndir. Yerdə qalan təfərrüatdır.

13. “Dövrün tələbi” kimi ifadələrdən qaça bilsək daha yaxşı olar. Baxın, bizdə indi (!) “Yolçu”, “Əbuhüb”, “Gözmuncuğu”, “Küləyidişləyən”, “Dolu”, “Gülüstan”, “Fələk qırmancı”, “Min yol mənə söylər…” kimi həcmcə böyük, orta və kiçikhəcmli romanlar da yaranır, “Alman kilsəsi”, “10 Sentyabr”, “Veyil dərəsi”, “Sayrışan hallar”, “Məryəmin oğlu”  kimi kiçik və orta həcmli  hekayələr də. Təki mətnin daxili tutumu güclü olsun. Təki hekayə romana ruhən yaxın olsun, öz içi ilə onun mənəvi coğrafi hüdudlarına işarət eləsin. Amma deyir, necə gəlir, elə də təzahür edir. Burada bir meyara sığınmaq, “Prokrust çarpayısı” qurmaq düzgün deyil.

14. Məncə, etməlidir. Cümləsinin nəfəsi genişlənir.