Ölkəmizdə səfərdə olan fransız yazıçısı, “Beynəlxalq Reyn Dərnəyi”nin prezidenti Jerar Kardon Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.
Mərkəzdən 525.az-a verilən məlumata görə, 1935-ci ildə dünyaya gələn yazıçı humanitar məsələlərin və qadın haqlarının müdafiəsi ilə bağlı 40-dək kitabın müəllifidir.
Əsərləri dünyanın ingilis, alman dillləri kimi aparıcı dillərinə tərcümə edilib. Dünya səyahətinə çıxaraq müxtəlif ölkələri onların qadınlarının dili ilə anladan Jerar Kardon beynəlxalq mükafatlara layiq görülüb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, Mərkəzin icraçı direktoru Azad Məmmədov və qurumun aparat rəhbəri Aytən Qəhrəmanın iştirakı ilə keçirilən görüşdə Dövlət müşaviri Azərbaycan multikulturalizmi modeli, ölkəmizdə əsrlərdir mövcud olan multikultural dəyərlər və tolerantlıq ənənələrindən, Prezident İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə təsis edilən BBMM-in fəaliyyəti dövründə və “Multikulturalizm ili”ndə həyata keçirdiyi layihələrdən söz açıb.
K.Abdullayev qonağın Azərbaycan multikulturalizmi modeli və ölkəmizdə yaşayan etnik icmalar və konfessiyalarla bağlı suallarını cavablandırıb.
Səmimi görüş üçün minnətdarlığını ifadə edən J.Kardon Azərbaycan və Fransanın multikultural dəyərlərini müqayisə edib:
“Azərbaycanda multikulturalizm əsrlərdir mövcud olan həyat tərzidir, oturuşmuş dəyərlər sistemidir. Azərbaycanın dövlət siyasətində multikulturalizm aparıcı xətt kimi gözə çarpır və bu çox təqdirəlayiqdir. Fransada multikulturalizm ənənələrinin yaşı gəncdir: son 50 ili əhatə edir. Bizdə multikulturalizm anlayışı sadəcə olaraq “birgəyaşayış” yaxud da “birgə yanaşı yaşama” şəklində ifadə olunur. Fikrimcə, bunların məna çaları fərqlidir. Multikulturalizmi daha ali dəyər kimi qiymətləndirərdim. Xüsusilə də haqqında xeyli məlumat öyrəndiyim Azərbaycan multikulturalizmi modeli – əsrlərlə qardaşcasına yaşayan fərqli etnik köklərə və müxtəli dini inanclar sisteminə etiqad edən insanların mənəvi birliyi kimi yaddaqalandır”.
O, görüş əsnasında qeyd edib ki, ölkəmizə səfərinin məqsədi buranın mədəniyyəti, adət-ənənələri ilə tanış olmaqla yanaşı, Azərbaycan qadınları haqqında kitab yazmaq arzusudur.
Qonaq bildirib ki, qadınlarla bağlı belə bir layihəni dünyanın bir sıra ölkələrində gerçəkləşdirib. Bu layihədə məqsəd hər hansı bir ölkəni qadınlar vasitəsilə təqdim etməkdir. Jerar Kardon bildirib ki, Azərbaycan qadınlarına həsr olunmuş əsəri iki hissədən ibarət roman şəklində yazmağı planlaşdırır. Birinci hissədə Azərbaycan qadınlarının həyatı, ailədə, cəmiyyətdə rolu, onların hüquqlarının qorunması işıqlandırılacaq, ikinci hissədə isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində doğma yurdundan didərgin düşən, Xocalı faciəsində erməni separatçıları tərəfindən əzizləri qətl edilən, müsibətlərlə üzləşən qaçqın Azərbaycan qadınının taleyi yer alacaq.
Dövlət müşaviri yazıçının Azərbaycan qadınları haqqında kitab yazmaq məqsədi ilə ölkəmizə səfər etməsini yüksək dəyərləndirib və qeyd edib ki, müasir Azərbaycan qadınları ailə dəyərlərinə, adət və ənənələrə böyük önəm verir, ictimai-siyasi həyatda fəal iştirak edir, mühüm dövlət vəzifələrində təmsil olunurlar.
K.Abdullayev fransız yazıçısının ölkəmizdə yaşayan müxtəlif etnik mənşəyə malik Azərbaycan qadınları ilə ünsiyyət və görüşlərin yazılacaq kitabda yer almasının daha çox oxucu kütləsinin marağına səbəb olacağına inandığını qeyd edib.
Görüş zamanı J.Kardon K.Abdullanın dünyanın bir çox aparıcı dilləri ilə yanaşı fransız dilinə də tərcümə olunmuş bədii yaradıcılığı ilə tanış olduğunu diqqətə çatdırıb.
K.Abdulla J.Kardonun istəyi ilə onun üçün fransız dilində nəşr edilmiş “Yarımçıq əlyazma” kitabını imzalayıb.
Sonda qonağa BBMM-in nəşrləri və Mərkəzin hədiyyələri təqdim olunub.
Şərh yoxdur