O zaman ki, küt bir külüng kimi torpaqdan dikəlib ətrafdan fərqlənmək istəyən bu dağdan üzü aşağı uzandıqca dənizdən dənizə qədər uzanan bu düzənliyə baxırdın, hər şey, hər bir hərəkət adi sürətini artırmış kimi görünürdü. Buludlar da sürətlə qaçırdı, otlar, ağaclar da sürətlə boy atırdı, adamlar da sürətli hərəkət edirdilər, şəhərlər, kəndlər də daha tez tikilir, böyüyür, məhv olurdular. Amma o zaman ki, aşağıdan yuxarıya külüng kimi havanı ikiyə bölən bu dağa tərəf başını qaldırıb nəzər salırdın, o zaman adama elə gəlirdi ki, hər şey – göy üzündəki buludlar, dağın ətrafında fırlanan günəş, ay, ulduzlar qəribə bir tənbəllik içində, son dərəcə sakit və laübali bir durğunluqdadırlar.

…Hər şey dünənki kimi ola bilərdi, bu dəfə olmadı. Zevs sabah-sabah ağlına nə gəldisə yenə şıltaqlıq etdi, gurultuyla şimşəkləri Olimp dağından Elladanın başı üzərində sağa-sola fırlatdı. Ona baxıb Poseydon da dənizin dərinliyindən suyun üzünə çıxdı, baş qaldırıb şıltaq dalğaların üzərinə zərif-zərif toxunan sakit mehi üfürüb-üfürüb yoxdan və heçdən möhtəşəm bir fırtına yaratdı. Bircə anın içində az qala göy yerə, yer göyə qarışdı. Göy üzündə qara buludlar ağ buludları qabaqlarına qatıb qovduqca qovdular. Göylə yerin arasında qapqara yağışlar sudan uca hasar yaratdılar.

“Bəs mənə nə gəlib, Zevsin səsinə səs vermək lazımdı.” düşünən Borey çayları, bulaqları yerindən oynatdı, şahə qaldırdı. Onun əmriylə küləklər qalın meşə ağaclarını bir-birilə öpüşdürdü. Dağdan aşağıda isə adamlar qorxudan az qala evlərinin içində döşəməyə çevrilib bərkimiş torpağı bir az da dərinə qazıb gizlənmək istədilər. Kahinlər tələsik Zevsə və Poseydona qurbanlar kəsib nəzirlər verməyə başladılar. Bilmək olmazdı, Şimşəkoynadanın şıltaqlığı hələ nə qədər sürəcək. Əslində, onun bugünkü hərəkətinin bir səbəbi, mənası yox idi, aşağıdakılardan bir kimsə onu qəzəbləndirəcək heç bir əməlin sahibi olmamışdı. Şıltaqlıq olmağına əməlli-başlı şıltaqlıq idi. Zevs barmaqlarının ucundan Olimpdən üzü aşağı nişan alıb tuşladığı şimşəklərin qulaq deşən ağır səsindən tezcə də özü doydu, aşağıdakıların təlaşını göz önünə gətirib dodaqaltı qımışdı, “bu günlük bəsləridi, qoy unutmasınlar ki, mən istəsəm, onların başına nələr gələ bilər” – düşündü.

Hamıdan əvvəl Hera əl-ayağa düşdü:

– Bu nə həngamədi?! Heç düşünürsən? Axı hər şeyin bir vaxtı-vədəsi var. Unutdunmu, bu gün toy gecəsidi.

– Toy gecəsi???

– Peleyi, Fetidanı unutdunmu?

Əslində, unutmuşdu. İndi sadəcə bunu boynuna

almaq istəmirdi. Poseydon peyda oldu. O, deyəsən, Zevsin bu səhərki şıltaq oyununun beləcənə tez bitməsindən narazı idi. Heranı görüb başa düşdü ki, onun bu işdə barmağı var. “Yenə bu qadınlar…” deyə ürəyində Heranı yamanlasa da bir söz demədi. Zevs ona bic-bic göz vurdu:

– Bu gecə toy imiş. Sən isə…

– Mən isə?..

– Əlbəttə, sən! Bu nə oyundu?! Bütün Elladanı qatdın bir-birinə…

– Şimşəkoynadan yarızarafat, yarıciddi bir halda bu səhərki həngamədə Poseydonu günahlandırmağa çalışdı.

– Nə deyirəm, mən deyirsən, qoy mən olum. – Poseydon öz hökmdar qardaşının bu növbəti şıltaqlığını da səmimi bir könül xoşluğu ilə qəbul elədi.

– Yaxşı ki, gəldin. – Kefi kökələn Zevs Poseydonu Heraya tərəf itələdi. – Qulaq as və eşit! Bu toyda mən deyirəm, hamı iştirak etməlidi, Hera isə etiraz edir, yox deyir, onu dəvət etməyək. Sən nə deyirsən?

– Kimi? Kimdən söz edirsiniz? – Poseydon əlindəki üçbuynuz nizəsini ehtiyatla bir kənara qoyub maraqla soruşdu.

– Erida! Eridanı deyir! – Hera gözlərini Zevsdən çəkməyərək Poseydona cavab verdi.

– Bax, gördün, deyir ki, guya o, toya gəlsə nifaq salar. Səncə cəsarət edər? – Zevs bütün möhtəşəm görkəmi, əzəməti ilə Poseydona tərəf çevrildi. Onun bütün bədəni, bütün daxili, bütün əzələləri tarıma çəkilmişdi. Damarları nəhəng çaylar kimi idi, sümükləri dağlara, təpələrə, dərisi isə taxıltelli zəmilərə bənzəyirdi. Zevs nəhayətsiz qüvvə və sonu olmayan energiya toplusundan ibarət idi. Poseydon hiss elədi ki, damarlarında qanı donmağa başlayır. Dənizlərə hökm eləmək şimşəklərə hökm eləməkdən qat-qat asan imiş.

– Cəsarət eləməz. Heç vaxt! – Əvvəl-əvvəl Poseydon səmimi qəlbdən nifaq ilahəsi Eridanı müdafiə etmək istədi.

– Edər! – Hera məftun gözlərini heç cür əzəmətli Zevsdən çəkə bilmirdi, amma öz qəti cavabını yenə də kənara – Poseydona tərəf ünvanladı.

– Belə isə, Hera həqiqəti söyləyir, qoy Erida bu toyda iştirak etməsin! – Poseydon tezcə və asanlıqla Heraya güzəştə getdi.

– Eh, sən də qadın sözünə uydun… – Zevs Poseydonun Heraya bu cür “yan getməsindən”, əslində, məmnunluq duydu, amma büruzə vermək istəmədi.

– Yaxşı. O zaman qoy siz deyən kimi olsun. – Beləliklə, Zevs Hera deyənə özünün yox, qardaşı Poseydonun tərəf çıxmasından razı qalaraq son qərarını verdi.

– Yaxşı. Mənim qərarım belədir: qoy Erida bu toyda iştirak etməsin!

Sonra Zevs Heraya baxdı:

– Sən deyən oldu, razı qaldın?

Heranın gözləri güldü.

Allahlar qərara aldılar ki, Peley ilə Fetidanın toy məclisi kentavr Xironun böyük mağarasında qurulsun. “Böyük məmnuniyyətlə razılıq verirəm” deyən Xiron mağaranı sahman-səliqəyə salmaq üçün neçə gün, neçə gecə əlləşdi, çalışdı. Allahlar ziyafətə peyda olan zaman mağarada, hər künc, hər bucaq az qala işıq saçırdı. Zevs ətrafa gözucu nəzər saldı, məmnun qaldı. Yuxarı başa keçib əyləşdi. Hera onun sağ tərəfində, Poseydon isə sol tərəfində oturdular. Sonra Heranın yanında Afina, Poseydonun yanında isə Afrodita özlərinə yer elədilər. Apollon, Ares, Hefest, Hermes və başqa Allahlar və ilahələr hayküylə özlərinə yer seçməyə başladılar. Nəhayət, bütün Allahlar böyük və təmtəraqlı ziyafət masasının ətrafında əyləşmiş oldu. Masanın aşağı küncündəki yerlər Peley və Fetida üçün idi. Allahlar toplaşdıqdan sonra onlar da öz yerlərini tutdular. Toy məclisi başlandı.

Ziyafət çox nəşəli keçirdi. Allahların, xüsusilə də, Zevsin qəhqəhəsindən az qala qulaq tutulurdu. Hər kəs ən maraqlı saydığı əhvalatı xüsusi bir məzə ilə Zevs üçün danışırdı. Çox zaman bu əhvalat yer üzündə yaşayan adi adamların – bəni-insanların axmaq və sadəlövh hərəkətləri ilə bağlı olurdu. Bəzən də allahların öz aralarındakı anlaşılmazlıqlar həm Zevsi, həm Poseydonu, elə Heranın özünü və Afroditanı da əyləndirirdi.

Get-gedə ağız deyəni qulaq başladı eşitməməyə. Onu demək vacibdir ki, hadisə və əhvalatlar da təkrar olmağa başladı. Bütün bunlar o demək idi ki, toy məclisi artıq öz adi, təbii məcrasına düşmüşdür. Bu gecə Allahlar həm özləri özlərindən, həm də baş Allah Zevsdən xeyli razı idilər. Bir-birilərilə mübahisə və münaqişə etmədən keçən məclislər Olimpin ölməz sakinləri arasında çox da tez-tez baş vermirdi. Və elə bütün gözəgörünməz və ucsuz-bucaqsız Sonra üçün məhz bu toyun xüsusi təkan verəcəyinə inanmaq çox çətin idi.

Toya təkcə nifaq ilahəsi Erida dəvət olunmamışdı. Heranın təkidi ilə o biri Allahlar da bir-bir bunu Zevsdən xahiş etdilər. Zevs də onların sözünü yerə salmadı. Zevs yaxşı bilirdi ki, hərdən-birdən Allahlara nifaqsız, münaqişəsiz keçən bir gecə də bəxş etmək olar və belə gecə Allahlar tərəfindən ona – Zevsə edilən sonrakı sözsüz itaətin canını, mayasını qoruyan özülü yalnız və yalnız bir az da bərkidər.

Beləliklə, Eridanı toya çağırmadılar. Və elə indi ağacların arasından Xironun mağarasına göz dikib həsəd və nifrətlə mağaranı baxışları ilə az qala deşən Erida özünə heç cür yer tapa bilmirdi. Paxıllıq, kin, xəbislik onun qəlbinə hakim kəsilmişdi. Gözləri par-par yanır, dodaqları öz-özünə nəsə pıçıldayır, beynində fikir fikri sürətlə qovurdu. Erida, Xironun mağarasından göylərə ucalan qəh-qəhə səslərinin gurultusu altında mağaranın ətrafında oğrun-oğrun gəzişən, ziyafətə qarqaşalıq salmaq üçün üsul və yollar arayan Erida öz acıq və qəzəbini tökmək üçün hər şeyə hazır idi. Bir xeyli düşündü və… əlbəttə! Nəhayət! Eridanın ağlına, nəhayət, çox məkrli və hətta ağıllı da demək olardı buna, bir fikir gəldi. “Tapdım!” deyə qəm-qüssəsi bir andaca sevincə çevrilən ilahə Erida fırtınadan da sürətli bir quşa çevrilib Hesperidlərin uzaqdakı güllü-çiçəkli bağçasına tərəf uçdu. Qızıl alma! Ona qızıl alma lazım idi. Bircə dənə. Bircə dənə qızıl alma! Erida bilirdi, o bu alma ilə nə edəcək. Bu alma nəinki bu günkü toy ziyafətini qanqaralığa çevirəcək, həm də onu uzaq-uzaq hadisələrin qəribə, ağlagəlməz yollarına gətirəcək. “Siz mənim intiqamımın acısını dadıb məni hələ xeyli xatırlayacaqsınız!” – Hesperidlər bağından almanı dərərkən Erida ləzzətlə bunu düşündü. Nifaq ilahəsi az sonra əlində qızıl alma yenə də Xironun mağarasının qarşısında peyda oldu. Elə buradaca bitən dəfnə ağacının xırdaca bir budağını qoparıb uzun və iti dırnaqlarıyla çərtərək bıçaq kimi bir şey düzəltdi. Almanın gözəl üzünə bu sözləri yazdı: “Gözəllərin gözəlinə çatacaq!”.

Erida yazdığını bic-bic süzüb dodağı qımışdı.

…Allahların başı Aresin böyük həvəslə danışdığı qanlı-qadalı bir savaşın xırdalıqlarına elə qarışmışdı ki, heç biri bu gözəl, öz içindən ətrafa işıq saçan qızıl almanın masanın yuxarı başına – Zevsin və ətrafındakı ilahələrin qarşısına necə gəlib düşdüyündən xəbər tutmadı. Alma isə artıq Hera, Afina və Afroditanın düz qənşərində onların hər birinə yanıq verirmiş kimi “gəl-gəl” deyirdi və Poseydon almanı diqqətlə süzdükdən sonra gözlərini qıyıb “Gözəllərin gözəlinə çatacaq!” sözlərini özündən asılı olmadan elə ucadan oxudu ki, Ares də, onun sözünü kəsərək şuluqluq salan digər Allahlar da qəfildən səslərini kəsdilər. Ortalığa narahat bir sükut çökdü. Poseydon bu dəfə yavaşdan dediyini bir daha təkrar elədi:

– Gözəllərin gözəlinə çatacaq…

– Yəni, kimə? – Zevs də artıq almanı görmüş və Poseydonun sözlərini eşitmişdi. Öz sualı ilə ağlına gələni elə o dəqiqə də dilinə gətirdi və dərhal da “səhv etdim” düşünüb peşman bir halda üzrxahlıqla əvvəl Heraya baxdı, sonra Afinaya, lap axırda isə guya istəməyə-istəməyə Afroditaya ötəri bir nəzər saldı.

Yenə ortalığa həmən qəribə sükut çökdü. Zevsin sualına Allahlardan heç biri cəsarət edib cavab vermədi. Handan-hana sükutu Hera pozdu:

– Yəni, mənə! Yəqin məni nəzərdə tutublar!

– Səni? – Afroditanın təəccübünün həddi-hüdudu yox idi. – Səni? Bəs mən o zaman kiməm səncə? Gözəllik ilahəsi deyilmiyəm mən? Əlbəttə, alma mənimdir!

– Xeyir, alma mənə çatacaq! – Afinanın bu yersiz mübahisəyə qoşulacağını deyəsən, Allahlardan heç biri gözləmirdi. – Bəli, mənə çatacaq. Hera və Afrodita heç zaman əvvəl düşünüb sonra danışmırlar. Mən isə əvvəlcə düşünürəm, sonra danışıram. Mənim fikrimcə, ən gözəl ilahə elə mənim özüməm.

– Sən???

– Bəli, mən. Yoxsa, Hera elə bilir ki, o, artıq bütün ilahələrin əvəzinə danışa bilər?!

– Bunlar görəsən nəyin mübahisəsini edirlər? Mən sussam yaxşıdır. – Afrodita heç kimə, yəni, əslində hamıya müraciət edərək yalançı bir sakitliklə dilləndi. – Mən kiməm ki?! Ata, sən görürsən?

Zevs istədi özünü eşitməzliyə vursun. Afrodita isə öz sualında israrlı idi:

– Ata! Söylə! Mən kiməm? Mən gözəllik ilahəsiyəm, ya deyiləm?!

– Sus! – Heranın qəzəbi çox ciddi idi.

– Yox, niyə ki? – Afina fürsətdən istifadə edərək bu ilahələrin hər ikisini bir-birilə toqquşdurmaq istədi. – Bu xanım gözəllik ilahəsi deyil, bə kimdi?

– Sən də sus! Alma mənimdir dedim! – Heranın qəzəbli səsi mağaradan çölə yol alıb dörd bir tərəfi lərzəyə saldı.

 

Erida bu dəhşətli səsi və bu səsin özü ilə gətirdiyi həqiqi qəzəbi eşidib və hiss edib durub gizləndiyi yerdəcə asudəliklə köks ötürdü, öz-özünə “belə-belə işlər” deyə düşünüb dalı-dalı qaranlığın içinə çəkilərək yox oldu. “Biz öz intiqamımızı aldıq!”

Mağaranın içində isə artıq mübahisələr getgedə qızışıb daha da kəskinləşirdi. Nə Zevs, nə də o biri Allahlar birbirilə az qala didişən üç ilahəni sakitləşdirməyin yolunu axtarıb-axtarıb heç cür tapa bilmirdilər.

– Alma mənə çatmalıdır. Mənəm gözəllik ilahəsi!

– Afrodita şivəli-şivəli, sağa-sola başını çevirib sanki gözəlliyini bir daha nümayiş etdirirdi.

Cavan Allahlar, xüsusilə də Hefest hiss edilirdi ki, onu dəstəkləyirlər, amma, bu sözdə deyil, gözdə və daha çox ürəkdə belə idi.

– Xeyir, alma mənə ünvanlanıb! – Afina ağıllı və diqqətli gözlərilə ətrafını sınayıcı baxışla seyr edir və özünə ciddi müttəfiq arayırdı.

Başqa Allahlar baxışlarını Afinadan qaçırmağa çalışdılar. Yalnız Apollon ona çox gizlicə başı ilə “hə” işarəsi verdi.

– Alma yalnız və yalnız mənim olmalıdır! – Heranın sözləri artıq əsl hökm kimi səslənirdi və belə deyərkən o, gözlərini qırpmadan Zevsin düz gözlərinin dərinliyinə baxırdı.

– Dayanın! Bəsdi! – Nəhayət, Şimşəkoynadan öz səsini ucaltdı.

Hamı başa düşdü ki, Zevs artıq bu uzanıb gedən mübahisədən bezib, nəhayət, bir qərara gəlmişdir.

– Bəsdir! Mən bu mübahisəni bu cür bitirməyi qərara alıram. Bu mübahisəni Allahlar çözməyəcək! – Zevs nəfəs dərib ətrafına göz gəzdirdi. Sükutun özü də ona gizlicə pıçıldadı ki, düzgün qərardır, çünki bütün digər Allahlar rahatlıqla köks ötürməyə başladılar.

– Allahlar bu mübahisəni çözə bilməz! – Zevs Allahların əhval-ruhiyyəsini tutmuş olduğundan rahat-rahat sözünə davam etdi. – Bunu etsə-etsə bəni-insan edəcək. O öz qərarında daha tərəfsiz olar… Yəni… ciddi olar.

– Doğrudur!

– Bəs kim?

– Kim bunu edəcək?

– Görəsən kimə belə bir işi etibar et mək olar?

– Ciddi və tərəfsiz… Doğru qərardır!

Allahlar fikrə getdilər. Zevs özü də düşünə-düşünə qaldı. Bir xeyli beləcə sükut içində vaxt keçdi. Cavab isə yenə Zevsdən gəldi. O, üzünü Apollona tutdu:

– Apollon! Sən bir qədər əvvəl öz sevimlin Troya padşahı Priamın kiçik oğlu Parisdən danışırdın. Dedin ki, indi şahzadə olsa da ata evinə qayıdandan sonra yenə də öz əvvəlki işi ilə, qoyun otarmaqla məşğuldur.

– Bəli, ulu Zevs, Paris bu gün də çobanlıq edir.

– Mən qərarımı verdim. Bu mübahisəni Paris həll edəcək. Almaları üç ilahədən birinə – ən layiq olana qoy Paris versin!..

Toy məclisi gecədən xeyli keçmiş, amma vaxtından əvvəl, beləcə narahat bir nigarançılıqla bitdi və Allahlar hamısı ürəklərində Eridanı söyə-söyə (çünki bu mübahisəni, bu nifaqı salanın məhz Erida olduğunu artıq onlar anlamışdılar) ürəklərində yarızarafatla, yarıciddiyyətlə Parisin halına acıya-acıya, yavaş-yavaş Olimpə doğru üz tutub dağılışmağa başladılar. Sonuncu qonağı yola salıb – bu isə Ares idi – kentavr Xiron ziyafət boyu Allahların hüzurunda cınqır belə çıxarmadan utana-utana oturub bir küncdə qalmış Peley ilə Fetidaya üzünü tutub belə dedi:

– Siz bilirsiniz ki, mənim adıma müdrik Xiron deyirlər. Bu gecəki sizin toyunuz Sonra nə cür gələcəksə, onun artıq çöhrəsini göstərdi. Nə gələcəksə, nə cür gələcəksə, əsası bu gecə qoyuldu. Bunu sizə mən, qoca kentavr Xiron deyirəm.

…Troyanın altıncı padşahı, Apollonun sevimlisi qoca Priamın oğlu Paris uzun illərin ayrılığından sonra öz ailəsinə yenicə qovuşmuşdu. Hələ Paris körpə olarkən öncəgör kahinlər onun Troyaya bədbəxtlik gətirəcəyini söyləyərək atası Priamı və anası Gekubəni də buna inandıra bildilər. O zaman Priam öz körpə övladını uca qaladan üzüaşağı tulladaraq bu şəkildə öldürmək istəyir. Paris xoşbəxt bir təsadüf nəticəsində sağ qalır, onu çobanlar tapıb övlad kimi bəsləyirlər. Priam uzun illər öz amansız hərəkətinin üzücü peşmançılığını çəkir və nəhayət, Allahlar onu sevindirirlər. Paris artıq boya-başa çatmış yetkin bir gənc kimi Priam və anası tərəfindən tapılıb şah ailəsinə qaytarılır. İndi o şahzadə Hektordan sonra artıq yaşa dolmuş Priamın ən böyük ümididir. Bəli, yalnız Hektordan sonra, əlbəttə ki, Hektordan sonra. Çünki həm Troya camaatı, həm də saray əhli Hektorun ağıllı və bacarıqlı siyasəti nəticəsində ona son dərəcə sədaqətlidir. Bunu Paris artıq yaxşı bilir. Paris yalnız ikincidir. Moyralar – bu taleyazan ilahələr onun taleyinə yalnız ikinci olmaq yazıblar. Bunu artıq heç cür düzəltmək mümkün olmayacaq. Hektor, həqiqətən, əsl qəhrəman və əsl dövlət başçısıdır. Parisə isə ürəyindəki hisslər heç cür rahatlıq vermir, “sən, yalnız sən Troyaya layiq başçı, layiq padşahsan” deyə qulağına ardı-arası kəsilməyən pıçıltılar gəlirdi… Həmən gün öz köhnə peşəsindən əl çəkə bilməyən Paris İlionun ətrafında Şah ailəsinin böyük bir qoyun sürüsünü otarırdı. Bir daşın üstündə oturub yenə də dərin fikrə dalmışdı. Elə bu zaman qəfildən Parisin oturduğu yerdən bir qədər aralı

– ora isə dəfnə ağaclarının bitdiyi kiçik bir meşəlik idi

– bu meşəlikdən üç ucaboylu qadın çıxıb düz Parisə tərəf irəliləməyə başladı. Paris başını qaldırıb aram-aram ona yaxınlaşmaqda olan bu qadınlara diqqətlə baxdı, onları tanımağa çalışdı. Tanıya bilmədi. Amma hansısa bir qüvvə onu ayağa qalxmağa məcbur elədi.

Bu qadınlar ayaqlarını torpağa basıb yerimirdilər, onlar az qala torpağa heç toxunmurdular. Bu qadınlar bütün vücudları ilə ətrafa işıq saçır, bütün harmonik hərəkətləri ilə dünya ahənginin içindən çıxıb seçilirdilər. Bunu görən Paris anladı ki, qarşısındakı bu üç qadın adi adamlar deyil, onlar əsl ilahələrdir. Paris gözlərinin qamaşacağından ehtiyat etdiyinə görə onların üzünə baxıb onları tanımağa cəhd eləmədi. Paris elə beləcə ayağa durmuş, başını aşağı əymiş şəkildə itaət və qabiliyyətlə təzimdə əyilmiş qaməti ilə, bəli, məhz bu cür, ilahələri qarşıladı. Belə bir duruş öz-özlüyündə ehtiramlı bir salamlamağa bərabər idi.

İlahələr Parisin iki addımlığında dayanıb durdular.

– Görürəm ki, sən Paris, qarşında duranların kim olduğunu və hardan gəldiyini artıq bilirsən. – İlahələrdən biri Parisin müti duruşunu qiymətləndirdi və ona müraciətlə belə dilləndi.

Paris yenə də başını qaldırmadan son dərəcə yük-sək təvazökarlıqla cavab verdi:

– Bilirəm, siz Olimpin sakinlərisiniz.

– Elədir… – İkinci ilahə təsdiq etdi. Onun səsi əsl fleytanın səsini xatırlatdı.

Qoyunlar sakitcə otlaqda dayanıb durmuş, ilahə-lər gəldikdən sonra tam bir hərəkətsizliyə düçar ol-muşdular. Havada balaca bir meh də əsib eləmirdi, göydəki buludlar səbirlə dayanıb-durub aşağıdakı bu görüşün nə ilə bitəcəyinə maraq edirdilər.

– Sən bilməlisən ki, biz yalnız bizə lazım olan zaman özümüzü bəni-insana göstəririk. Sən bizə baxa bilərsən, – deyə birinci ilahə lütfkarlıqla icazə verdi.

Mən bunu bilirəm. Çox sağ olun. – Paris yenə də ehtiyatla cavab verdi, başını isə hələ də qaldırmağa cürət etmədi.

Səsi ilə fleytanı xatırladan o biri ilahə daha səbirsiz idi. O belə dedi:

– Gəlin məsələni uzatmayaq. Nə üçün gəldiyimizi ona açıb deyək. Paris, biz sənin yanına Zevsin göstərişi ilə gəlmişik.

Paris damarındakı qanın donduğunu hiss elədi. “Mən nə günahın yiyəsiyəm?” – deyə yaddaşını arayıb, ələk-vələk elədi, çox düşündü, çox daşındı, amma ağlına hansı günah işlədiyi barədə dürüst bir şey gəlmədi.

– Sənin günahın yoxdur… hələ. Paris, nəhayət, başını qaldır və bizim hər birimizə ayrı-ayrılıqda nəzər sal. Diqqətli ol. – Sərt bir halda bunu deyən Hera idi. – Mən Herayam.

Paris bu dəfə əmrə tabe oldu, başını qaldırdı, ilahələrə baxdı, onların möhtəşəm varlığından vəcdə gələrək ürəyindəcə “əhsən!” dedi.

– Almanı ona göstər. – Afina Heraya məsləhət verdi. – Nə etməli olduğunu ona anlat. Mən isə Afinayam. – Afina Parisi çox böyük diqqətlə süzdü.

– Paris, gəl məni də tanı. Mən Afroditayam. – Səsi ilə fleytanı xatırladan üçüncü ilahə isə Parisin üzünə yalnız ilıq bir təbəssüm göndərdi.

Parisin yanaqları allandı. Hera qərara gəldi ki, Parisə məsələnin kökünü açıb-ağartmaq vaxtı gəlib:

– Paris, mənə diqqətlə qulaq as. Qarşında üç ilahə vardır. Mən Herayam, bu Afinadır, bu isə Afroditadır. Bu almanı görürsən? – Heranın Parisə doğru uzatdığı əlində qəflətən bir alma göründü.

Paris həyatı boyu bu gözəllikdə alma görməmişdi.

– Bu almanı görürsən, deyilmi? – Hera sualını təkrar etdi.

– Almanın üstündəki yazını oxu! – Afina Parisə dedi.

– Ən gözələ çatacaq… – Afrodita yazını Parisin əvəzinə oxudu.

Paris Afroditanın dediyi ilə kifayətlənmədi, almanı ona uzatmış Heradan böyük bir ehtiramla qəbul edib, üstündəki yazını ucadan bir də özu oxudu:

– Gözəllər gözəlinə çatacaq!

– Gördün? – Afroditanın gözləri yenə şıltaq bir təbəssüm içində süzüldü.

Hera isə ciddiliyindən əl çəkmirdi:

– Paris, biz üç ilahənin mübahisəsinə sən son qoymalı və almanı bizlərdən birinə sən verməlisən.

– Kimi ən gözəl hesab edirsənsə, ona. – Hətta Afina da bu məqamda səsinə gizli bir istilik qatdı.

– Mən? Niyə mən? – Paris təəccüblə soruşdu.

– Zevs belə istədi, – deyə Afina cavab verdi.

– Bəli, Zevs belə istədi. – Hera acı-acı təkrar elədi.

– Mən bilmirəm, sizlərdən hansınız daha gözəlsiniz. Siz üçünüz də əsl gözəllik mücəssəməsisiniz. – Paris yenə də böyük bir ehtiram və gizli ehtiyatla ilahələrə belə dedi.

Ürəyində isə acı-acı düşündü: “Birinə almanı verib özümə bir himayədar qazanacağam, o biri ikisi isə mənə ömürlük düşmən olacaq”. Paris niyyət etdi ki, hiylə ilə də olsa, bu münsif vəzifəsindən birtəhər boyun qaçırsın.

– Sən münsifsən. Və sən bundan boyun qaçıra bilməyəcəksən. Boşuna özünü yorma. – Hera Parisin qəlbindən keçənləri dərhal duydu.

“Elə isə kimə? Mən bu lənətəgəlmiş almanı kimə verim? Seçimimi nə cür edim ki, yenidən əziyyətlə gəlib qovuşduğum bu saraydan qovalanmayım?” – Heranın sözlərindən sonra Parisin beynindən sürətlə məhz bu fikirlər gəlib keçməyə başladı.

– İstəsən, biz sənə kömək edə bilərik… – Hera Parisin dadına çatmaq istədi.

– “Necə?”

– Sən özün bu seçimi edə bilərsən, ya yox? – bu dəfə Afina Parisə sual verdi.

Paris yenidən diqqətlə ilahələri bir-bir süzməyə başladı. “Mən bunların hansına verim almanı? Üçü də gözəllərin gözəlidi. Hərəsinin öz gözəlliyi… Hera… kimdə belə dərin, nüfuzedici baxış var? Afina…

boya bax, əndama bax… Əsl amazonkadır. Hələ Afrodita… ağzı, burnu, gözləri şəhvət dolu, ehtiras dolu, ah… Mən nə edim, necə edim?..

Paris qətiyyətlə Afinaya cavab verdi:

– Yox, mən özüm seçim etməkdə çətinlik çəkirəm.

– O zaman… – Hera nəfəs dərib diqqətli gözlərini Parisin üzünə dikdi. – O zaman biz hər birimiz sənə ən qiymətli hədiyyəmizi verməyə hazırıq. Onlardan birini qəbul et və almanı o hədiyyənin əvəzi kimi bizim birimizə ver!

Paris “Hədiyyə” sözünü eşidən kimi gözləri qıyıldı, artıq təkcə qulaqları ilə deyil, bütün tarıma çəkil

 

miş vücudu ilə ilahələri dinləməyə başladı. İlk sözə Afina başladı:

– Dinlə məni, Paris. Sən əgər almanı mənə vermiş olsan… – Afina sözlərinə xüsusi bir ehtişam verməyə çalışdı, – mən… mən səni dünyanın ən müdrik adamı edərəm!

“Kentavr Xirondan da müdrik?” deyə düşünüb Paris Afinaya hörmətlə baş əydi. Sonra sual dolu gözlərini Heranın üzünə dik di.

– Əgər almanı mənə versən, – Hera təmkinlə və yavaş-yavaş danışmağa başladı, – əgər ən gözəl ilahə kimi sən Paris məni seçmiş olsan, o zaman mən Hera səni bütün Asiyaya hökmran edərəm.

“Yəni Troyaya?!” Paris buna az qala inanmaq belə istəmədi, amma eyni hörmətlə Heraya da baş əyib maraq dolu gözlər ilə üçüncü ilahəni – Afroditanı süzməyə başladı.

Afrodita isə belə dedi:

– Dinlə məni, Paris. Yaxşı dinlə və yaxşı düşün. Sən bizim aramızdan seçib ən gözələ çatacaq bu almanı mənə versən, mən səni… mən səni, bəli, dünyanın ən gözəl qadınına qovuşduraram.

“Ən gözəl qadın – yəni gözəl Yelena! Elladada, Asiyada ondan gözəl kim var ki?”

İlahələr susdu. Onlar Parisin qərarını gözləməyə başladılar. Paris isə cavab verməyə tələsmirdi, əlindəki bu qəşəng qızıl almanı o üzünə, bu üzünə çevirir, qaşlarını çatıb düşünürdü. Nəhayət o, qərara gəldi. Səbirsizliklə ondan cavab gözləyən ilahələri bir də ayrı-ayrıca, təpədən dırnağadək süzüb gözdən keçirdi. “Nəhayət, arzuma yetişdim!” deyə düşünüb qətiyyətlə almanı üç ilahədən birinə uzatdı.

Almanı alan İlahənin gözləri güldü. Sevinci hədsiz, qüruru sonsuz oldu. O biri ilahələr isə zəhmlə susdular, gözəl üzlərinin rəngi qapqara qaraldı.

– Mən səni sabah arayıb tapacağam. – Hera gözdən itməzdən əvvəl sevinc və minnətdarlıqla Parisə bu sözləri dedi və o biri ilahələri yenə də qürurlu bir baxışla süzüb əlindəki almanı ucaya qaldırdı.

Almanın isə sahibəsi, Hera olmuşdu. Paris almanı, əlbəttə ki, Heraya vermişdi. Ancaq və ancaq Heraya! Bu bir həqiqət idi və sonrakı bütün başqa yozumlar, tarixçilərin və şairlərin dedikləri bu həqiqətə uyğun deyil.

Üç ilahə dəfnə meşəliyinə doğru geri qayıda-qayıda elə havadaca əriyib başladılar yox olmağa. Parisin qəlbi yaxın hakimiyyətin şirin dadını elə indidən hiss edərək həyəcanla vurdu. Qoyun sürüsü hərəkətə gəldi, quzular mələşdilər və itələşə-itələşə Parisin dörd bir yanında sıxlaşmağa başladılar. Buludlar yenə də öz yollarına düzəldilər.

Sabah!.. Sabah Hera Parisi tapacaqdı. Sabah qoca Priam Aidin səltənətinə yollanacaq, qəhrəman Hektor vaxtilə Prometeyin zəncirə çəkildiyi Qaf dağına qaçıb canını bu cür qurtaracaq, Paris isə öz arzusuna

– Troyaya hökmran olmaq arzusuna, nəhayət ki, çatacaqdı.