Yayğın olan ümumi prinsiplərdən birinə görə dil fikrin quludur. Gəlin, təhlil edək. Dil gerçəkdənmi fikrin quludur, yoxsa onu azadlığa çıxardan ağadır? Yaxud, belə də düşünə bilərik: dil və fikir arasında heç bir ağalıq-qulluq münasibətləri mövcud deyil. Onlar arasındakı bağlılıq və əlaqə, tutaq ki, bir silahın tətiyi və gülləsi arasında olan əlaqə kimi ilk baxışdan nəzərə çarpmır. Bu əlaqə mövcuddur, lakin birbaşa deyil, dolayısı ilə. Silahda güllə yoxdursa, o açılmayacaq, yaxud tətik xarabdırsa, darağın güllə ilə dolu olması heç bir işə yaramayacaq. Bu mənada, fikir və dil arasındakı substansional əlaqə misalda göstərilən vəziyyətlə izah oluna bilər.

Bu yaxında professor Kamal Abdullanın “Dilçiliyə səyahət” adlı kitabını oxudum.

Hələlik kiçik bir tarixi xatırlatma edək, sonra kitab barədə fikirlərimizi daha aydın bildirəcəyik.

Məşhur türkiyəli linqvist Özcan Başçı Avropada dilçilik elminin tarixi mərhələlərini dörd əsas dövrə bölür:

1. Şifahi dil

2. Klassik dillər dövrü

3. Dünya dilləri dövrü

4. Elmilik dövrü

İlkin dövr dilin şifahi inkişafı: mifologiya, əfsanə, rəvayət və dastanlar dövrü hesab edilir. İkinci dövr fəlsəfi fikrin yüksəlişi ilə xarakterizə olunur.  Qədim yunanlarda naturfəlsəfənin yaranması və s.

Üçüncü dövr yunan və latın dillərinin  boyunduruğundan xilas olma, xristianların qutsal kitabı olan İncilin bütün xalqların öz dillərində oxuyub başa düşməsi cəhdləri, bunun üçün passiv yerli dillərin dirçəldilməsi, dördüncü dövr isə müasir dilçiliyin yaranması ilə başlayan dilşünaslıq elmi dövrüdür.

Müasir dilçiliyin inkişafı bir çox ölü dillərin ortaya çıxmasına, elm tərəfindən araşdırılmayan bəzi aborigen xalq və tayfaların dilllərinin kəşfinə, tədqiqat predmetinə çevrilməsinə səbəb olub. Məsələn, tədqiqatçı dilçilər Bopp və Qrimm,  Hind-Avropa dilləri ailəsinə daxil olan bir çox dil qruplarının varlığını ortaya çıxarıb. Qrimm həmin dillər arasındakı oxşarlıq və fərqlilikləri araşdırıb.

Müasir dilçiliyin XX əsrin əvvəllərində İsveçrəli linqvist alim F. Sössürlə başlayan mərhələsi dilşünaslıqda mühüm dönüş nöqtəsinə çevrilib.  Sössür dilçiliyə dair bütün sahələri birləşdirərək, onu xüsusi elm sahəsi kimi sistemləşdirib. Sössürün islahatından sonra Avropa dilçilik elmində Kopenhagen, Praqa və amerikan məktəbləri kimi güclü linqvistika institutları fəaliyyətə başlayıb.

Tarixə bu kiçik səyahətimizin məqsədi diqqətli oxucularımıza dilin, dilçiliyin, ümumən dil fenomeninin sıradan bir hadisə olmadığını, onun elm ocaqlarında çoxcəhətli mürəkkəb struktura malik bir orqanizm kimi tədqiq edildiyini diqqətə çatdırmaqdır.

Professor Kamal Abdulla “Dilçiliyə səyahət” əsərində qeyd etdiyimiz nüanslara oxucunu yormamaq üçün çox incə metodlarla toxunub.

Əsər maraqlı bədii kompozisiya üzərində qurulub: müəllif kapitan, kitab isə bir gəmidir. Kapitan tez-tez gəmidəki sərnişinlərə, yəni oxuculara və Əhməd ilə Zalxa adında iki gəncə müraciət edir. Əhməd və Zalxanın taleyi üzərində biz dilin həyatını öyrənirik. Bəli, düz oxudunuz, DİLİN HƏYATINI!

Dil nədir, necə doğulur, necə yaşayır, necə oluşur, necə qocalır, necə ölür…

Əhmədlərin “ölməsi” və “dirilməsi”

Mətndə elmi-fəlsəfi mülahizələrin gedişatı boyu Əhmədin və Zalxanın diri, canlı obrazı tez-tez gözə dəyir. Onların problemləri, düşüncələri üzərində dil hadisələrinin inikası verilir.

Müəllif müzakirələrin ən qızğın məqamlarında oxucunu Sokrat, Platon, Şleyxer, Sössür, Rassel kimi nəhənglərin  çəkişdiyi hay-küylü məclisdən qəfil çıxarıb, Zalxa adlı sadə bir qızın həyatına gətirir.

Bizim başımız dilin mənşəyi haqda hansısa nəzəriyyənin təhlilinə qarışıb, gah Platonu müdafiə edirik, gah Xomskiyə etiraz edirik, bu anda dartışdığımız dil hadisəsi Zalxanın taleyində, düşüncəsində, danışığında peyda olur, və biz dilin bütün bu elmi-nəzəri strukturundan xəbərsiz olan real insanın yaratdığı, can verdiyi dilin üzərinə qayıdırıq.

Aydındır ki, elmi-publisistik əsərdə bədii süjet quraraq, hər iki xətti biri-birinə maneə olmadan paralel inkişaf etdirmək müəllifdən professional yazıçılıqla yanaşı, geniş intellektual baza da tələb edir. Kamal Abdulla bu çətin üslubu öz fərdi yazı stili ilə yüngülləşdirir və  dolğunlaşdırır. Onun yazı metodikası, mətnlə rəftarı, yazıdakı idarəçiliyi əsasən  postmodern mətnlər yazmağa iddialı olan yazarlara parlaq örnəkdir.

Dilçilik aləminə səyahətə çıxdığımız bu gəmidə bizimlə yoldaşlıq edən gənc oğlanı müəllif Əhməd adlandırır. Qəhrəmanın adının nə üçün “Əhməd” olması haqqında izahat belədir:

Dilçiliklə bağlı ali və orta məktəb dərsliklərində, mühazirələrdə, elmi işlərdə, məqalələlərdə, hətta şifahi nitqdə belə misal çəkdiyimiz “Əhməd filan şeyi filan elədi” misalından bezən mərhum akademik Məmmədağa Şirəliyev dilçiliyə həsr edilmiş hansısa tədbirdə çıxış edən məruzəçinin dilindən “Əhməd”li cümlə tutduqdan sonra, çıxışı yarımçıq saxlayır və “Əhməd”dən sitat gətirməyi qadağan edir. Kamal Abdullanın təbirincə desək, M. Şirəliyev “Əhməd”i öldürür.

Sonralar bu çıxışın təsiri dərs vəsaitlərində də özünü göstərir. Artıq, dilçilikdə “Əhməd”in yerini Aynur, Ülkər, Aydın… və digərləri tutur.

Maraqlıdır, bəs, Kamal Abdulla Şirəliyevin dəfn etdiyi Əhmədi niyə dirildir? Əhməd niyə leksikonumuza qayıdır?

Aha, diqqətli oxucu artıq hiss edir ki, bu, postmodernizmə xas reinkarnasiyadır, ölünün yeni obrazda dirilməsi, yeninin inkarı, bir sözlə, inkarın inkarı. (Çünki, yeni, köhnənin inkarı idi.)

Üstəlik, burada inkarın inkarı, daha yeni bir məfhumun hesabına baş vermir, iş burasındadır ki, yeninin inkarı köhnənin (keçmişin) qayıdışı üzərinə tamamlanır.

Müəllifin geniş yaradıcı-intellektual bazası mətndə işarələri, sözləri, hətta ideyaları dəfələrlə dekonstruksiya etmə imkanlarına şərait yaradır.

Konstruktor idarəçi-yazıçı mətnə  müəllif müdaxiləçiliyindən bacardıqca qaçır, bəzən oxucu onun varlığını belə, hiss etmir. Postmodern qavramda bu metod “görünməyən əl” (unknown hand) adlanır.

Lakin bu, müəllif idarəçiliyinin olmadığı anlamına gəlmir, O var, lakin gözə görünmür, Onu duyursan, amma görmürsən, O, istiqamətləndirir, lakin diqtə etmir. Yəni, O, bütün mənalarda sənə (oxucuya) istədiyin azadlığı bəxş edir. Bu müəllif tipi deizmin tanrı anlayışına yaxındır, lakin O, deist Dekartın “dünyanı yaradıb, onun işlərinə qarışmayan” tanrısı kimi məsuliyyətdən kənar və soyuqqanlı da deyil. Əksinə, Kamal müəllimin müəllif idarəetməsi humanist və demokratikdır. 

Təbii, mətnin içində özünü gözəgörünməz idarəçi kimi aparma qabiliyyəti hər müəllifə nəsib olan iş deyil. Bu mənada, mətndə özünü hər cür subyektivlikdən qoruya bilən yazıçı dünyada çox azdır. Kamal Abdulla bir yazıçı kimi çoxstrukturlu mətnin bütün  mürəkkəb ədəbi, fəlsəfi, linqvistik labirintləri azmadan keçə bilən  səyyahlardandı.

Kamal Abdulla sözügedən kitabında”Əhməd”in timsalında bütün əhməd aqibətlilərin ikinci həyatını dildə, şüurda, bilincaltında, sözdə canlandırır.  Oxucu artıq bu Əhmədə dünənki “Əhməd” kimi baxmır, bu “Əhməd” yenidir, dünyaya indicə gəlib. O, böyüyəcək, qocalacaq, öləcək və yenidən doğulacaq. Əhməd –  bizim danışdığımız, yazdığımız, yaşatdığımız dilin insaniləşmiş simvoludu. “Hər bir söz yenidən ifadə olunduqda, həm də yenidən doğulur” teoreminin müəllifi Kamal Abdulla belə deyir…

“Dilçiliyə səyahət”i niyə oxumalı

1. Kitabın dili son dərəcə səlis və aydındı.  Burada oxucunu vaqonlarına çoxlu terminlər yüklənmiş ağır cümlə qatarları gözləmir.

2. Kitabın yazılışında müəllif üçün ağır,  oxucu üçün isə bir o qədər əyləncəli olan evristik metoddan istifadə olunub. (Müəllif əsərdə, təxminən, moderator rolunu oynayır, istənilən mürəkkəb hadisənin müzakirəsində oxucu ilə birbaşa əlaqə yarada, onu polemikaya cəlb edə bilir.)

3. Əsərin tematikası ümumən, dil  məsələlərinə həsr olunsa da, müəllif elmi üslubun quru dilindən mümkün qədər qaça bilib. Nəticədə, istənilən oxucu təbəqəsinin zövqünü oxşayacaq, üslub və forma kəşfləri ilə zəngin maraqlı bir səyahət kitabı ortaya çıxıb.

4. Kitab əslində, ixtisasca dilçi olmayanlar üçün nəzərdə tutulub. Amma zehni itiləyən bol bilgili bu əsərə eyni zamanda dilçilərin də ehtiyacı olmamış deyil.

5. Kitabı linqvistik-semiotik istiqamətdə yazılmış əsərlərdən fərqləndirən ən önəmli cəhət, burada dil və dilçilik problemlərinə elmilikdən daha çox fəlsəfi, ədəbi, psixoloji yanaşmaların yer almasıdır.

6. Əsərdə şifahi və yazılı dil fenomeni – şüurlu, ağıllı, hissiyyatlı bir məxluq kimi analiz edilir. Buna görə də Pifaqor riyaziyyatı “ədədlərin fəlsəfəsi” adlandırdığı kimi, Kamal Abdullanın da bu əsərini “Dilin fəlsəfəsi” adlandırmaq olar.

7. Nəhayət, bu kitab SÖZü sevməyi öyrədir.

Günümüzün söz ustalarının, bənnalarının, fəhlələrinin, qarovulçularının isə buna həddən artıq ehtiyacı var.

Kamal Abdullanın SÖZü

Kamal Abdullaya görə “hər şeydən öncə söz olub” deyənlər yanılmır, lakin “ən axırda da söz olub” – bunu da Kamal müəllim deyir.

Hətta bu, belə olmasa da Kamal Abdulla belə olmasını istəyir. Dilçiliyə səyahətindən də göründüyü kimi o, SÖZ dəryasının dərinliklərində üzməyi yaxşı bacarır.

Üzməyi bacaransa diri qalacaq.