Postmodernizm anlayışı həm ədəbiyyatda, həm də mədəniyyətdə sinkretik vəhdətin ortaya çıxdığı, dünya tədqiqatçıları tərəfindən müxtəlif səpkili izah və açıqlamalarla hələ də tam şəkildə izah edilə bilməyən bir elastik sənət hərəkatıdır. Müstəqillik dövrü Azərbaycan bədii nəsrində Qərb postmodern sənətkarlarına pərəstişin nəticəsində yaranan təsirlər miqyasında ortaya çıxan postmodern düşüncə tərzi və təmayüllər yeni tipli ədəbiyyatın yaranmasında əhəmiyyətli rol oynadı. Onun “Yarımçıq əlyazma” romanı dünya ədəbiyyatı kontekstində milli özünəməxsusluğun ifadəsi, Qərb və Şərq mövzu, cərəyan, janr sintezi fövqündə duran, bu səpkidə ortaya çıxan ilk əsərlərdən biri kimi son dərəcə böyük əhəmiyyətə malikdir.
İntellektual prozanın müəllifi kimi tanınan Kamal Abdulla geniş səpkili yaradıcılığa malikdir. Bir yazıçı kimi isə Azərbaycan nəsrində yeniliklər edib, tarixi faktlar və hadisələr fonunda yeni mətn yaradaraq bunu ustalıqla cəmiyyətə təqdim edə bilib. Əsərləri İtaliya, Yaponiya, Türkiyə, Rusiya və b. ölkələrdə çap olunub. “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Sirlərin sərgüzəşti”, “Tarixsiz gündəlik” romanlarının, şeirlər və hekayələr toplularının, dram əsərlərindən ibarət Azərbaycan, rus, türk dillərində çap olunan – “Unutmağa kimsə yox” (Bakı, Azərnəşr, 1995), “Ruh” (Bakı, Azərnəşr, 1997), “Bir, iki, bizimki!” (Bakı, Mütərcim, 2003), “Casus” (Bakı, Mütərcim, 2004), “Ruh” (Ankara, 2006), “Vse moi peçali” (Baku, Mutardjim, 2009) kitablarında, esselərinin, şeirlərinin, hekayələrinin, tərcümələr və pyeslərinin toplandığı “Kədərli seçmələr”də (Bakı, Mütərcim, 2002) Azərbaycan ədəbiyyatı üçün vacib mətləblər diqqət mərkəzinə çatdırılır. Oxucuya təqdim etdiyi “Yarımçıq əlyazma” intellektual postmodernizmin təmayüllərini özündə əks etdirən romanda bir çox təhlillər keçmişdən günümüzə daşınan mətləblərin dekonstruktivlik nöqteyi-nəzərindən yenidən işlənməsi, mətndən yeni mətn yaratmaq, ikili kodlama kimi məsələlər ön plandadır.
Bilindiyi kimi, Kamal Abdullanı Azərbaycan ədəbiyyatının Ekosu adlandırırlar. Ancaq qeyd edək ki, “Qızılgülün adı” romanı ilə müqayisədə “Yarımçıq əlyazma”nın dili çox sadədir. Terminoloji xətt və sanki oxucunun təfəkkürünü, intellektini, savadını və məlumat çoxçeşidliyini zorlayan Ekodan fərqli olaraq, K.Abdulla əsasən Azərbaycan oxucusunun bildiyi bir mövzunu yenidən mətnləşdirib oxucuya tədqim edir. “Qızılgülün adı” romanı ilə “Yarımçıq əlyazma”nın müqayisəsi bir çox müxtəlifliklərlə yanaşı, paralelliklərin də ortaya çıxmasına səbəb olur.
Umberto Eko “Qızılgülün adı” romanına tapılan bir əlyazma nüsxənin tərcüməsindən bəhs edərək başlayır. Özünün də qeyd etdiyi kimi, burada mətinlərarası ironiya mövcuddur. Yəni yazıçı başqa bir müəllifin böyük italyan romançısı Allessandro Monzoninin “Nişanlılar” romanına ünvanlama etmək üçün bu üsuldan istifadə etdiyini yazır. Həmin məsələ Kamal Abdullanın “Yarımçıq əlyazma” əsərində də mövcuddur. Qeyd edək ki, hər üç əsər əlyazma mətninin tapılması ilə başlayır, gəlin həmin romanlara qeyd olunan aspektdən nəzər yetirək:
“Qızılgülün adı”: Mən 16 avqust 1968-ci ildə “J.Mabiyon atanın nəşr etdirdiyi, fransız dilinə tərcümə edilmiş, Melkli Adso atanın qeydləri” adlı bir kitab əldə etdim (Paris, Lasur abbatlığının mətbəəsi, 1842). Tərcüməçi Balle adlı bir abbat idi. Olduqca yoxsul olan tarixi şərhdə deyilirdi ki, tərcüməçi, XVII əsrdə Benediktin ordeninin tarixçəsini araşdıran məşhur alimin Melk monastrının kitabxanasında tapdığı XIV əsrə aid olan əlyazmasını hərfbəhərf tərcümə etmişdir”. (Eko – “Qızılgülün adı”).
“Nişanlılar” əlyazma məsələsi qəribə şəkildə diqqətə çatdırılır: Yuxarıda bəhs edilən kəndlərdən birinin keşişi olan Don Abbondio 1628-ci ilin 7 noyabr günü axşamüstü bu yollardan birindən yavaş-yavaş yeriyə-yeriyə bir gəzintidən evə qayıdırdı. Bu Kəndin adına və bu insanın soyadına, nə burada, nə də başqa bir yerdəki əlyazmalarında rast gəlinmişdir (Allessandro Monzoni – “Nişanlılar”).
Kamal Abdulla isə “Yarımçıq əlyazma”da yazır: Milli Əlyazmalar İnstitutu (Fondu) Orta əsrlər şöbəsinin 3-cü xətdə yerləşən katoloqundakı A 21/ 733 nömrəli yeni əlyazma məndə hər şeydən əvvəl ona görə maraq oyatdı ki, kitabxana işçisinin dediyinə görə, bu tipli əlyazmalar son dərəcə şəffaf olur və bu baxımdan onlara o qədər də diqqət yetirmirlər. Mənim təəccübümü hiss edən kitabxanaçı səbrlə izah etməyə çalışdı: “Bu əlyazma heç nə ilə obirilərindən fərqlənmir. Hələlik hərtərəfli öyrənilməyib. Amma güman edilir ki, XII əsrin əlyazmasıdır”.
Hər üç əsərdə diqqətçəkən məqam son dərəcə maraqlıdır. Hər üç əsərin mərkəzində bir əlyazma dayanır və hadisələr əlyazma xətti ilə başlayıb inkişaf edir. Diqqət etsək görərik ki, hər üç müəllif, sanki bilərək, əlyazmanın tarixini daha da keçmişə çəkməyə cəhd edib oxucunun beynini qarışdıraraq, daha çox diqqət çəkməyə çalışır. İkili kodlamanın yer aldığı mətnlər sayəsində yazar-oxucu gizliliyi ön plandadır.
“Yarımçıq əlyazma” romanı Bakıda ilk dəfə 2004-cü ildə çap edilir və sonra 2013-cü ildə təkrar nəşrə girir.
Postmodernizmin öyrənilməsi məsələsi dünyada və Azərbaycanda son dərəcə aktual bir problemdir. Bu baxımdan, Kamal Abdullanın “Yarımçıq əlyazma” romanının tədqiqata cəlb olunması vacibdir. Postmodernizmin Müstəqillik dövrü Azərbaycan bədii nəsrinə təsiri mövzusunu bu baxımdan Avropa postmodernizmi aspektindən Azərbaycan bədii nəsrini düzgün dərk etmək, sənətkarların əsərlərini daha dərindən qavramaq, əsərlərdə yer alan psixoloji təzahürləri, dövrün mövzu dairəsini, mövzu seçimini, rəngarəngliyini başa düşmək və mühitdə yer alan janr müxtəlifliyinin xəritəsinə nəzər salmaq, dünya ədəbiyyatına meyillərin elmi çərçivəsini aydınlaşdırmaq baxımından əhəmiyyətlidir.
Məşhur ingilis tarixçi A.Toynbi Qərb tarixini dörd dövrə ayırarkən (Qaranlıq çağ VII-XI əsrlər; Orta çağ XI-XV əsrlər; Müasir çağ XV-XIX əsrlər) son dövrü postmodern çağ olaraq xarakterizə edir.
Avropada təsirlərini XIX əsrdə hiss etdirən ağlın və elmin suverenliyinə əhəmiyyət verən və ənənədən qopmağın ifadəsi olan müasirlik, klassik sənətin estetik anlayışından da bir qopma şəkli olan, kilsənin doqmatik və sxolastik düşüncə sisteminə reaksiyanı özündə ehtiva edən modernizmdən fərqli olaraq, postmodernizm, əlbəttə ki, birdən-birə ortaya çıxmadı. Modernizmin içərisində post nüvələrin rüşeymləri mövcud idi. Necə ki, kütləvi ədəbiyyatın da birdən-birə ortaya çıxmadığı kimi…
Postmodern anlayış istiqamətli fikirlər İkinci Dünya müharibəsi, Sənaye Ötəsi Cəmiyyət və Texnologiya ilə əlaqəli olaraq diqqət mərkəzinə çəkilmiş, bəzilərinə görə bəhsi keçən bu yeni dövr kapitalizmin forma dəyişdirməsi, müasirliyin radikallaşdırılması və müasirliyin sorğulanması kimi xarakterizə olunmuşdur.
“Bir qisim tədqiqatçının fikrincə, əski yunan dönəmindən etibarən qəbul edilən doğrulara, əxlaq normalarına klassik yunan fəlsəfəsinə qədər hər şeyə şübhə duyulmalıdır”. (Dünyanı fərqli qəbul etməyimizi təmin edən “şübhəçiliyi” qanuni dayaqlarından biri kimi qəbul edən postmodernizm “qətilik”dən uzaq, “elastik” bir hərəkatdır.
Kamal Abdullanın belə fikirləri var: “Şübhədən həqiqətə – əsl yol budur! Cavidin şübhə etməyə mənəvi haqqı vardı. Şübhə edənin gərək bir prinsipi, idealı olsun… Bütün şübhələr sonraya, torpaq üstündə möhkəm dayanmağı öyrənəndən sonraya! Şübhə eləməyə gərək haqq qazanasan. Şübhə etmək səbatlıların işidir”…
Maks Statkiyeviç Kamal Abdullanın “Yarımçıq əlyazma”sından yarımçıq əlyazmaya doğru: yazı eposa qarşı məqaləsində bu barədə yazır: Yarımçıq əlyazmanın (və “Yarımçıq əlyazma”nın) ciddi “siyasi” funksiyası şübhə hermenevtikasının təsdiqindən çox, hermenevtik prosesin səbrlə açılmasından (daim “özü-özünü yarıda saxlaması”ndan) ibarətdir. Beləliklə, yarımçıqlıq şərhin əsas prinsipi kimi göstərilir. Nitsşenin məşhur deyimini bir qədər dəyişdirərək, demək olar ki, tamamlanmış, bütöv əlyazmalar mövcud deyil, yalnız (yarımçıq) şərhlər var, çünki yarımçıq əlyazmalar həmişə yeni-yeni şərhlər doğurur”.
Modernizmin at oynatdığı bir dövrdə yaranan postmodernizm dalğası yeni tipli sənəti ortaya çıxartdı. Bu kontekstdə yazılan bədii əsərlər dövrün tələbi ilə ayaqlaşsa da, həm də keçmiş və gələcəyin vəhdəti fonunda edilən cəhdlər, klassik mətnlərin dekonstruksiyası kimi maraqlı situasiyalar və fikir oyunları ilə yadda qaldı.
Postmodernist əsərlərdə tarixçilər kimi, yazıçılar da dekonstruksiya vasitəsilə ayrı-ayrı fərdlərin və qrupların sosial davranışlarının səbəblərini izah edir, yaxud yazıçılar öz əsərlərində klassik dövrdən fərqli olaraq yalnız təcəssüm etməklə kifayətlənirlər. Hətta bəzən yazıçılar postmodernizm aspektindən ifrat dərin qatlara enməklə ikrah hissi də doğura bilirlər. H.Herisçinin “Nekroloq” əsərində olduğu kimi. Ancaq hər halda, bütün bunlar şüurlu şəkildə baş verir.
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanında Şah İsmayıl obrazı fərqli xüsusiyyətləri ilə yadda qalır. Bu, ikinci dərəcəli obraz kimi diqqəti cəlb edir. Kamal Abdulla əsərdə iki Şah İsmayıl – həqiqi Şah İsmayıl, – Şah İsmayıl – Xızır obrazı yaratmışdır
“Həqiqi Şah İsmayılı Şahi-Mərdan göylərə səsləyir. Bu səbəbdən də həqiqi Şah İsmayıl səltənətini Şah İsmayıl – Xızıra təhvil verib qeyb olur. Təbii ki, bu, tarixi fakt deyil. Burada postmodern səciyyəli interpretasiya nəticəsi kimi Şah İsmayıl obrazı dekonstruksiyaya uğrayır”.
Romanda İç oğuzla Dış oğuz arasındakı münasibətlər, Qazan xanın fəaliyyəti, “Casus”ların oğuz elinə nifaq salması, Burla Xatın, Banuçiçək, Beyrəklə bağlı və s. tarixi məsələlər yeni baxış bucağından, yeni prizma və üslubda oxucuların ixtiyarına təqdim olunur. Burada dastanın ilkin variantı ilə ziddlik təşkil edən son dərəcə maraqlı məqamlar mövcuddur.
Cəsarətli dekonstruktiv təsvirlər romanın postmodern dəyərini artırır. “Akademik İsa Həbibbəyli “Yarımçıq əlyazma” əsərinin “yeni dövr Azərbaycan ədəbiyyatında həyatı tam, bütöv, dərin qatları ilə açan tamamlanmış bədii əsər” olmasını qeyd edir. İsa Həbibbəyli Kamal Abdullanın bu əsəri ilə ədəbiyyatda “postmodernizm” kimi yeni mərhələnin başlanmasını, “milli postmodernist ədəbiyyatın təməl şərtlərini əks etdirə biləcək əhəmiyyətli və bədii cəhətdən yetkin nümunə” olmasını vurğulayır”.
Romanda epos və tarix müasir kontekstdə modernləşdirilərək fərqli səpkidə təqdim olunur. C.Coysun və U.Ekonun mifdən şüurlu istifadəsi kimi, K.Abdullanın da bu cəhdi tamamilə şüurlu priyomdur. Leslie A.Filder, Levinin fikir mübadiləsinə uyğun olaraq ənənənin parodiyalaşdırılması, reallığın simulyasiya edilməsi (Simulyasiya və ya fərqlilik, texniki olmayan mənada bir şeyin oxşarı və ya saxtası mənasında istifadə edilir. Texniki mənada gerçək bir dünya prosesi və ya sistemin istifadə edilməsinin zaman üzərindən təqlid edilməsidir. Sistem obyektləri arasında tanınmış münasibətləri ehtiva edən sistem və ya proseslərin bir modelidir) modelinin mövcud olduğu “Yarımçıq əlyazma” əsərinin təhlilini “Kitabi-Dədə Qorqud” dastanı fonunda tədqiqata cəlb edən ampirik tədqiqatçı əsərə qarşı tənqidi-aqressiv münasibət sərgiləyə bilər.
Fayaz Çaqani bu barədə qeyd edir: “Postmodernizm relyativist (bütün bilikləri nisbi qəbul edən, buna görə varlığın obyektiv surətdə dərk oluna bilməsini inkar edən təmayül), nihilist mövqe ortaya qoyur və hər şeydən pisi budur ki, bütün adət-ənənələrə qarşı çıxır”. Buradan da postmodern əsərin parodiyasına, laqeydliyinə narahat olmuş tədqiqatçı mövqeyi görünür. Adət-ənənəyə qarşı çıxmaq yerinə, postmodernizmin adət-ənənənin modern dövrə və ədəbi cərəyanın tələbinə uyğunlaşdırılması qavramının istifadəsi, fikrimizcə, daha məqbul ifadə olardı.
Kamal Abdullanın yaratdığı ədəbiyyat ümumdünya bədii təfəkküründə gedən prosesləri, baş verən dəyişiklikləri, başlıca təmayülləri özündə əks etdirir. Dünya ədəbiyyatında var olan bir ənənənin Azərbaycan ədəbiyyatında məntiqli şəkildə davam etdirilməsi prinsipi ilə yazılan roman və hekayələr, postmodernizm prinsip və elementlərinin, taktiki fəndlərinin tətbiqi, eləcə də yazıçı-alimin yaradıcılığının dərinliklərinə bu və ya digər şəkildə nüfuz etmiş təsəvvüf dünyagörüşü ilə sintez edilən modern postmodernist baxış Kamal Abdullaya ədəbiyyat tarixində daha bir əhəmiyyətli status qazandırdı.
“Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı ironiya ilə yazılmış romandır. Kamal Abdulla “Kitabi-Dədə Qorqud” dastanının mətnini manipulyasiya edir, mifoloji qəhrəmanları ironiya və sarkazmla təsvir edərək nüfuzdan salır (məsələn, mifdə Dədə Qorqud müdrik “ağsaqqal” arxetipidirsə, əsərdə – Bayandur xanın sadiq qulluqçusudur), mifoloji dünyagörüşün əsasını məhv edir (məsələn, Tanrıçılığın başlanğıcında “Nur”un (“Müqəddəs”) daşa dönməsi), eposdan süjetlər sarkazmla yenidən işlənilir”.
Fikrimizcə, tənqidçinin bu fikirləri polemikaya son dərəcə açıqdır. Doğrudur, Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı bizim beynimizdə qəlibləşən bir həqiqəti dağıdır. Əsərdə Qorqud və oğuz ərləri tragikomik vəziyyətə düşür. Ancaq qeyd edim ki, bu, postmodern ədəbiyyatın bir parodiyasıdır. Bunu professionallıqla qəbul edib təhlil etmək lazımdır.
Fikrimizcə, Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı dastanı gözdən salmaq deyil, postmodernizmi məntiqli şəkildə yaradaraq, ənənəni postmodernliklə sintez şəklində yenidən modern oxucuya təqdim etməkdir. Bu, həm də bir təcrübə, sınaq rolunu oynayır. Qərb oxucusu böyük ehtimalla dastan haqda məlumatlı olmadığı üçün (bu barədə “Umberto Eko ilə ilk və son görüş” adlı məqaləsində də yazarın özünün narahatlıqları sezilir, eyni narahatlıqlar Umberto Ekonun qeydlərində də öz əsərləri ilə bağlı məsələlərdə görürük) bu əsəri postmodern roman kimi oxuyub yüksək qiymətləndirəcək. Ancaq mühafizəkar oxucu buna obrazlılıq və postmodernizmin tələbi rakursundan baxmayacağı üçün ola bilər ki, mühitdə roman haqqında sensasiyonal tənqidlər ön plana çıxsın. Ancaq bütün bunlar əsərin bədii dəyərinə, janrın və postmodernizmin tələbinə uyğun atılan ədəbi addıma xələl gətirəcək və onu müəyyən məcralara istiqamətləndirəcək situasiyalar deyil.
Xalqımızın milli-mənəvi abidəsi sayılan möhtəşəm “Kitabi-Dədə Qorqud” dastanın motivləri və Şah İsmayıl kimi böyük dövlət xadimi, sərkərdə, şairin həyatında olan müəyyən tarixi məqamlar əsasında yazılmış “Yarımçıq əlyazma” romanını oxuduqda əsrlərdən gələn və zehnimizin dərinliklərinə hopub qəlibləşən bir çox reallıqlar dağıdılır. Bir ampirik yazar nöqteyi-nəzərindən məntiqli şəkildə yeridilən postmodern cəhdlər Kamal Abdulla yaradıcılığında da uğurlu alınıb. Bu əsər barəsində irəli sürülən iddiaların fonunda öz təsdiqini tapıb. Umberto Eko “gənc romançının etirafları” kitabında bu barədə yazır: “Ampirik oxucu nümunəvi oxucu deyildir. Ampirik oxucu bir mətni oxuyan şəxsdir. Sizsiniz, mənəm, hər kəsdir. İllərdir görmədiyim bir dostum “Faucault Sarkacı” əsərindən sonra mənə belə yazdı: “Sevgili Umberto, əmim arvadı ilə əmimin kədərli hekayəsini sənə danışdığımı xatırlamıram, amma bu məlumatları romanında istifadə etməyin tam bir boşboğazlıqdır. Dostuma nə olmuşdu? Mənim yazdıqlarımda görünür, şəxsi yaddaşında olan nələrisə axtarmışdı. Nümunəvi oxucu bütün bu növ oyunları oynamağa həvəsli oxucudur.
Ampirik oxucular isə əsəri bir çox şəkildə oxuya bilərlər, necə oxuyacaqlarını onlara öyrədən qayda-qanun yoxdur, çünki onlar tez-tez mətni, mətnin xaricindən gələ biləcək ya da mətnin təsadüfən yol açacağı öz şəxsi arzuları üçün bir vasitə olaraq istifadə edərlər”.
Ampirik yazıçı bilinən nümunəvi yazıçıdan fərqli olaraq postmoderndir. O, oxucuya bir oyun təqdim edir. Nümunəvi oxucunun məmnuniyyətlə oynadığı oyun, ampirik oxucuda aqressiyanı formalaşdırır.
Asif Hacılının da qeyd etdiyi kimi: “Adi və peşəkar oxucu qavrayışı epik və tarixi qəhrəmanlara ədəbiyyatımızdakı ənənəvi normativ münasibəti görməyib gərginləşdi, bir müddət duruxdu: bəziləri bütləşmiş obrazların tam başqa təfsirinə qeyzləndi (“biz Dədə Qorqud, Babək, Koroğlu nəsliyik” patetikasıyla), ayrıları bədii mətndə tarixi faktların dəqiq inikasını axtarmağa başladı (sosialist realizminin tarixiliyi təriqində), bir başqaları, guya, adekvatlığını itirmiş milli dəyərlərin müdafiəsinə qalxışdı, dediyimiz kimi, qələmini itiləyib Kamal Abdullanın “aşkarladığı” hipotetik əlyazmanın təhlilinə girişənlər də oldu”.
Bunun kimi vəziyyətlər Ekonun “Qızılgülün adı” əsərindən sonra da baş vermişdi. Bir çox oxucu bu əlyazmanın arayışına çıxmışdı. Hətta bunu tapdığına inanan kütlə formalaşmışdı.
Yazarın hekayələrini intertekstual əlaqə baxımından təhlil etsək görərik ki, müəllif hekayələrində folklora, folklor süjetlərinə, dastan, mif, din və s. istinad etmişdir.
Bu barədə Eko qeydlərində yazır ki, “Qızılgülün adı” çap olunduqdan sonra bir çox oxucum mənə məktub yazaraq hekayəmdə yer alan monastırı tapıb ziyarət etdiklərini bildirdi. Kitabın təqdimat qismində bəhs etdiyim əlyazması haqqında daha çox məlumat verməyimi istəyənlər də var idi. Eyni görünüşdə Buenos-Ayresdə bir sahafda (qədim və nadir kitablar satılan kitab mağazası – N.İ.) Atanasius Kirçerin adsız bir kitabını tapdığını deyirəm. Keçən dəfə yeni romanımın yayınlanmasından təxminən 30 il sonra bir alman mənə yazaraq Buenos-Ayresdəki sahafda Kirçerin kitabını tapdığını söylədi”.
Ekonun bilinməyən əlyazmadan yola çıxaraq etdiyi postmodern sınaq ona qarşı böyük tənqidi kütlə ilə bərabər heyran kütləsi də formalaşdırdı. Postmodernizmin reallıqları ilə razılaşmayan qeyri-peşəkar, mühafizəkar oxucu yazıçını günahlandıracaq məqamı və əlyazmanın konkret nüsxəsini tapa bilmədi. Amma Ekodan fərqli olaraq, Kamal Abdullanın etdiyi postmodern cəhd, bilinən, qəbul olunan, qəlibləşib daşlaşmış dastanı dekonstruksiya etdi. Mətni dəyişdi, başqa cür təqdim etdi. Ampirik və nümunəvi oxucunun isə əsərdən gözləntiləri tamamilə başqadır. Kamal Abdullanın priyomu daha böyükdür, daha çox tənqidlərə açıqdır. Ancaq bunun özünü də gözə almaq elə postmodernizmin mahiyyətini qavramaqdır.
Postmodern dünyagörüşünə görə qəhrəman qəliblərdən, sərhədlərdən uzaqdır. O, qarşılaşdığı maneələri keçməkdə sərbəstdir. Postmodernist əsərin dili, mətn qurğusu onun qəhrəmanından daha öndədir; mərkəzi qəhrəman yoxdur. Əsas mətndir, mətn hər şeydir. Mətn tək gerçəkdir.
Şərh yoxdur