Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Macarıstan və Azərbaycanın elmi-mədəni əlaqələrinin dərinləşməsindəki roluna görə “Zabit Xaçı” ali xidmət ordeni ilə təltif olunub. Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib.
Sentyabrın 13-də ordenin təqdimatı ilə bağlı universitetdə tədbir keçirilib. Kamal Abdulla “Zabit Xaçı” ali ordeni ilə təltif olunmasının onun üçün böyük şərəf olduğunu söyləyib və Macarıstan Prezidentinə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib: “Bu ordeni bütün kollektivimizə aid edirəm. Bu, hamımızın birgə gördüyü işin nəticəsidir və ordenin təqdim olunmasında hər kəsin öz əməyi, zəhməti var. Macar dili, ədəbiyyatı, macarşünaslıq universitetimizin ən prioritet sahələrindən biridir. Dillər Universitetinin Macarıstan səfirliyi ilə çox maraqlı və perspektivli proqramları, layihələri var. Əminəm ki, hər iki ölkədə tələbələrimiz bir-biri ilə ünsiyyət quracaq, akademik heyətimiz bu proqramlardan istifadə edəcək”.
Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi çıxışında akademik Kamal Abdullanı böyük alim və Macarıstanın dostu kimi xarakterizə edib. Sonra səfir Macarıstanın “Zabit Xaçı“ ali xidmət ordenini Kamal Abdullaya təqdim edib.
Şərh yoxdur