Yaşıl nar ağacının
soldu nar çiçəkləri.
Soldu nar çiçəkləri,
kim deyərdi solacaq?
Birdən-birə büzüşdü,
qocaldı ləçəkləri.
Soldu nar çiçəkləri,
guya ki, nə olacaq…
Bu ağrılar, əzablar
bizə gəlib dəydilər.
Unuduldu sevilən,
unuduldu sevəni.
Bu ağacın içində
məni gizlədəydilər,
Dost da gəlib baxaydı,
tapammayaydı məni.
Kağızdan evcik qurub,
qızıl saray bilmişik.
Nahaqdan incitmişik
qüssəli ürəkləri.
Bu dünyaya bəlkə də
bir az vaxtsız gəlmişik.
Kim deyərdi solacaq,
soldu nar çiçəkləri.
Vaxt gələcək ağrımız
örtüləcək çiçəklə,
Bütün yaralarımız
yenidən bitişəcək.
Hər şey qurtaracaqdır
xoşbəxt bir gələcəklə,
Soldu nar çiçəkləri –
indi nar yetişəcək.
Şərh yoxdur