“İon Qryanqe” (“Ион Крянгэ”) adına Kişinyov Dövlət Universiteti, Rumıniyanın Qalas (Галаць) şəhərində yerləşən “Dunerya de jos” Universiteti (“Дунэря де жос”)  və Linqvistik mərkəz “Limba Noastre” (Лимба ноастрэ) tərəfindən “Sahələrarası və mədəniyyətlərarası dialoq” adlı konfrans keçirilib.

Rumıniya, Almaniya, Moldova Respublikası, Qazaxıstan, Rusiya, İsraildən olan tədqiqatçı, alim, müəllim, aspirantların iştirak etdiyi konfrans çərçivəsində “Tərcümə mədəniyyət sərhədində ünsiyyət aktı kimi: Bədii tərcümənin özünəxas xüsusiyyətləri” (Kamal Abdullanın rumın dilinə tərcümə olunmuş nəsr və poeziya nümunələri əsasında) adlı ustad dərsi keçirilib. Ustad dərsində Kişinyov Universitetinin Filologiya və tarix fakültəsinin tələbə və magistrantları, müəllimləri, 78 nəfərdən ibarət heyət iştirak edib.

Fakültə dekanı Qabriela Topor qonaqları salamladıqdan sonra ustad dərsini aparan A.İ.Kuzı (Ал.И.Куза) adına Yasski Universitetinin dosenti Lyudmila Bejenaru konfrans mövzusu kontekstində dinləyiciləri “Azərbaycan multikulturalizmi” konsepti ilə tanış edib, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Yasski Universitetində artıq üçüncü ildir ki, Azərbaycan multikulturalizmi barədə apardığı mühazirələrdən danışıb.

Lyudmila Bejenaru digər mədəniyyətlərin və xarici ədəbiyyatın dərkində bədii tərcümənin əhəmiyyətindən danışaraq, bədii tərcümədə rast gəlinən problemlər üzərində dayanıb və  Kamal Abdulla yaradıcılığından rumın dilinə etdiyi tərcümələrini nümunə olaraq göstərib. O, dinləyiciləri Azərbaycanın Xalq yazıçısının yaradıcılıq bioqrafiyası ilə tanış edib.

Məruzəçi dinləyiciləri Kamal Abdulla poeziyasının tərcüməsinə cəlb edib. Tələbələr, magistrantlar və müəllimələr tərcüməşünaslığa dair biliklərini Kamal Abdullanın “Etiraf-1” və “Etiraf- 2” poemaları üzərində sınayıblar.

Dekan Qabriela Topor maraqlı, məzmunlu, faydalı ustad dərsinə və Kişinyov tələbələrini Kamal Abdulla yaradıcılığı ilə tanış etdiyinə görə, Yasski Universitetinin müəllimi və tərcüməçisi Lyudmila Bejenaruya minnətdarlığını bildirib.

Dinləyicilərə Kamal Abdullanın rumın dilinə tərcümə olunmuş “Sehrbazlar dərəsi” romanı hədiyyə edilib.