Əbülfət Mədətoğlu

“Mənim Füzulim” kitabının işığında ikinci yazı

Oxuyub başa çıxdığım bir kitabdan ayrıla bilmirəm. Bu kitab barəsində ilk yazımı ötən həftə yazmışdım. Orada kitabın mahiyyətinə bacardığım kimi işıq salmağa çalışmışdım və vurğulamışdım ki, kitabdakı 6 bölümün hər biri barəsində ağlımdan keçən, ürəyimə hopan duyğuları sözə çevirməyə çalışacam. Elə arxada qalan həftənin, xüsusilə “20 Yanvar”ın ağır təsir yükü altında çıxış yolu kimi “Mənim Füzulim”ə üz tutdum…

Bu bölümün adı “Tifl həm cövlan edər, amma ağacdan atı var…”

Misraya fikir verin. Onda akademik Kamal Abdullanın Füzuli qəsidəsindən götürdüyü bu misranın nəyə istinad nöqtəsi olduğunu yavaş-yavaş duymağa, anlamağa başlayacaqsınız. Ona görə yavaş-yavaş deyirəm ki, bu misranın tutumu, həcmi və bir də onun insanın duyğularına olan təsiri o qədər böyükdür ki, onu dərhal həzm etmək, dərhal özününküləşdirmək mümkün deyil. Bunun üçün mütləq Füzulinin bir zərrəsinə çevrilməlisən. Onda hörmətli Kamal müəllimin dediyi kimi, öncə özünü xatırlayacaqsan, öz xatirələrinə baş vuracaqsan… Və bir də baxıb görəcəksən ki, uşaqlığın düz orta göbəyində dayanmısan. Tozlu-torpaqlı yolda qarğı at çapırsan. Necə deyərlər, Araz aşığındandı, Kür də topuğundan, dünya vecinə deyil. Ona görə ki, sən qarğı atı yəhərləyib çapırsan, dünyan pak, nurlu uşaq dünyası, sevincin bu qarğı atın gedib çata bilməyəcəyi zamanları ötüb keçib… Və sən bir xoşbəxt uşaqsan! Elə bu yerdə də Füzulini özünlə üzbəüz dayanmış görəcəksən. O da həmin o qarğı atın belindədi. Amma səndən bir zaman kəsiyi arxadadı. Çünki o, təkcə mindiyin ağac atı deyil, həm də akademik Kamal Abdullanın dediyi kimi, öz doğumunu, öz dünyaya gəlişini də xatırlayır. Burda mənim dilimin ucuna bir söz də gəlir. Demək istəyirəm ki, hörmətli Kamal müəllimin məni köklədiyi duyğular qulağıma pıçıldayır ki, Füzuli göbəyimin kəsildiyini də hiss edir.

Bax, elə sözün qatlarına varmaq da, onun nöqtə-vergülündən tutmuş səsdən hərfə, yazılışa köçən hər anına da burdan baxmaq lazımdı. Elə ki, baxmağı bacardın, onda Füzuliylə doğuşdan üzü bu günə qədər yol-yoldaşı olacaqsan. Və üstəlik, duyacaqsan ki, Füzuli səni özü ilə gətirdiyi kimi, sən nəfəs dərəndə bir də gəldiyi yerə dönüb baş çəkə bilir. Çünki onun dünyası göyün o biri üzüylə yer arasındadır. O, getdiyi yerdə sözünün işığını paylayır və yenidən gəldiyi yerə qayıdır ki, ora da işıqsız qalmasın…

Esseni oxuduqca

məndə belə bir haldan-hala düşmə məqamı yaranır. Elə bilirəm ki, oxuduqlarım məni bütünlüklə özümdən alıb harasa götürür. O götürüldüyüm yerin mənzərəsini də görürəm, mənə tanış gəlir, məni cəlb edir. Amma məni həm də qorxudur. Çünki o yerdə hər şey, hər kəs azaddır Füzulinin özü kimi. Ona görə də Kamal müəllimin bir oxucu kimi mənə aşıladığı Füzuli sözünün alt qatında mən o azadlığı yaşamağa, onunla qol-boyun olmağa başlayıram. Məhz həmin bu məqamda da Füzuli kimi olmasa da, Füzulini anlamağa çalışan birisi kimi mən də uşaqlığımın, yeniyetmə illərimin azadlığını təkrar bu günümə qaytarıram. Çünki həmin zaman kəsiyində qayğısızlıq, sərbəstlik, hətta bir az hər şeyə, hər kəsə münasibət bildirmək, özünü buludların qoynunda hiss etmək kimi bir eyforik ömür yaşamışam. Əgər bu mənim həyatımda indi bir xatirədirsə, onda Məhəmməd adlı bir uşağın gəlib Füzuli kimi bir şair olana qədər nələrdən keçdiyinin özü mənə görə möcüzə bir ömür yaşamaqdır. Zamanını, daha doğrusu, həmin o uşaqlıq və gənclik illərini, dostlarını, yaxın ətrafını elə həmin o qayğısızlığın qoynunda buraxıb gələn Məhəmməd – Füzuli yüksəkliyindən onlara üz tutanda akademik Kamal Abdullanın təbirincə desək, bir zamanın şad-xürrəmliyi, azad yaşamı ona bir həsəd yaşadır. Bütün bunlar da, yəni həsəd, həsrət, azadlıq, bir sözlə, həyatın gerçək üzü bütün dünyanın dərdlərinə könül verən, qol açan bir şairi ucaldır. Onun böyüklüyünü, əyilməzliyini tarixiləşdirir. Gerçək olan sözün özündə də ifadəsini tapır.

Və mən

Məcnundan artıq aşiqliyi olan Füzulinin dünyalarca dərdi çəkmək gücünə qadir olduğuna bütün varlığımla inanıram. Və bir də akademik Kamal Abdullanın bu essesinin işığında görürəm ki, Füzulinin təəssüfünün özü də hardasa bir tərənnümdü, bir səmimi etirafdı. Yaşamın Füzuli kimi etirafı!..

Bəli, bir tiflin cövlan etməsi, bir uşağın əylənməsi Füzuli baxışı altında, Füzuli ruhu fonunda öz adi məcrasından bir ali mərtəbəyə yüksəlir. Bu, yerlə göy arasında öz sözünü işığa çevirən Füzuli hikmətidir, Füzuli qüdrətidir. Ona sonsuz sayğılar! Akademik Kamal Abdullaya isə məni Füzuli dərslərinə yönəltdiyi üçün təşəkkür edirəm.

http://www.adalet.az/w179644/details/#.XlTV7VQzaM8