Maral Yaqubova

Kimi isə oxumaq kimə isə aparan yoldur”

Kamal Abdulla

…oxuduğun kim isə yolun səni apardığı həmin kimdirmi? Ola da bilər, olmaya da. Sənin o yolu tutub getməyindən, yerişindən, yerişinin ritmindən çox şey asılıdır, məqsədin yolun sonuna çatmaqdırmı, yoxsa yolu getməkmi? Əvvəlcə bunu ayırd etməlisən. Bəlkə də axtardığın yolun sonunda deyil, elə yolun özündədir, yolun özüdür? Var yola düşüb getmək, var yolu çiyninə şəlləyib getmək…

Kamal Abdulla: Azerbaijan seen globally as an island of stability

Oxumaq yolçuluqdur…

Oxuduğun mətnin son cümləsindəki son nöqtəyə gələndə dönüb geriyə baxırsan. Niyyətin yolun sonuna çatmaq olubsa, geridə heç nə görə bilmirsən, gəldiyin yol Görükməz təpənin altından gedən yol kimi görünməz olur… Nöqtədən sonrakı sükutun səsini eşidə bilmirsən. Yolun sonundakı kim isə niqabını üzünə taxır, sanırsan ki, onu tanıdın, tanıdığın kim isə oxuduğun deyil  artıq… Aldanırsan, özün-özünü aldadırsan!

Yolun başlanğıcına dönürsən, bu dəfə məqsədin yolu getməkdir, yolu tanımaqdır, addım-addım kəşf etməkdir. Bütün əngəlləri aşırsan, səni düz yolundan çəkilməyə şirnikdirən bütün sehrbazlardan xilas olursan, yeri gəldikcə, əyri-üyrü yollara, cığırlara baş vurursan,  gəldiyin, keçdiyin bütün yolları yumaq-yumaq xurcununa doldurub çiyninə şəlləyirsən, son cümlənin son nöqtəsinə gəlib çatırsan, sükutun səsini eşidirsən! Yolu görürsən, yolu duyursan, yolu kəşf edirsən, yolu xatırlayırsan, yolu yaşayırsan, yol sənin xatirənə çevrilir, sənin fantaziyan yolu yenidən qurur, təxəyyülündə yol yenidən canlanır, yol sənin olur. Sükut isə sənə pıçıldayır ki, ağa artıq qula çevrilib…  Sənə elə gəlir ki, yolun ağası ağalığından elə bu andaca imtina eləyir, onun yolunu çiyninə yük eləmiş yolçusunun könüllü qulu olmağa elə anındaca razılıq verir! Aldadılırsan! Amma, məyus olma! Füzuliyə inan, şair sözü əlbəttə ki, yalandır! Yolu addım-addım kəşf edən yolçu, axı həmin yolu ilmə-ilmə toxuyan Yolçu var! O Yolçu toxuduğu yola sirləri naxış-naxış işləməkdən həzz alır, sirli naxışlar yolu qat-qat, lay-lay hissələrə bölür, şaxələndirir, yol dərinləşir, enlənir, daralır, qısalır, uzanır, qollara ayrılır, qollar yenidən qollara ayrılır, ən son ayrılanlar yenidən yola birləşir, yenidən ayrılır…Sən yolçu bütün bu yollardan keçirsən, bütün bu yolları yumaq-yumaq xurcununa yığırsan, çünki, Yolçu belə istəyir!  Əvvəlcə ürəyinin səsini eşidirsən, hisslərinə, intuisiyana güvənirsən, düz yolda olduğunu zənn edirsən ki, Yolçunun sehrbazları qulağına pıçıldayırlar: ürəklə qəlbin Birun-Əndərun oyunu var, əvvəlcə onu çöz… Ağlına, intellektinə arxalanırsan, məntiqinin səlis olsun,  qeyri-səlis olsun, diktə etdiyi hər şeyi ehkam kimi qəbul edirsən, intellektual yaddaşının rəflərinə yığdığın bilgilər ən tozlusundan ən təzəsinə kimi səfərbər olur, yolun səthindəki örtüyü intellektin küləyi qaldırır, altdakı naxışlar üzə çıxır, sirlər əl-ələ verib bir-birilə və səninlə! “bənövşə – bəndə düşə” oynamağa başlayırlar! Özü də Yolun özünü və Yolçunu ifşa edəcəkmişcəsinə.., çünki, unutmağa kimsə yox!  “Qəvvas isən, gir dəryaya üzhaüz!” deyirlər. Dəryanın dibinə enirsən, sonsuz lüğətin lap içinə qədər, qalır getdiyin yolu bu sonsuzluğun içindən xilas etmək!  Növbə fantaziyanındır:  “Bənövşə bəndə düşə” oynamaq üçün cərgəyə düzülmüş bütün sirlərə “gizlənqaç” oynatmaq vaxtıdır. Könülsüz olsalar da, istəməsələr də, sən oyunu başladırsan. Onlara şans verirsən və görürsən ki, bəziləri gizləndiyi yerdən çıxmır, bəziləri isə tələsib özünü hədəfə çevirir, məcbur olub sənə Yolun hekayəsini danışırlar, Yolçunun məğlubiyyətindən xəbər verirlər! Deyirlər ki, sənin gəldiyin yol əslində Yola məğlub olub…Və sən heyrət edirsən! Bir andaca bütün sərhədlər dağılır, maneələr aradan qalxır, əngəllər yox olur.  Xurcununa yumaq-yumaq yığdığın yol  böyüyür, böyüyür, aşıb-daşır, əzəmətli, nəhəng Yola dönüşüb səni heyran edir! Yolçu yolda gərək deyib bu dəfə Yola doğru hərəkətə başlayırsan. Oxucu, sən artıq yolçu deyilsən, səyyahsan!

Kamal Abdulla oxucusu olmaq, ola bilmək yolçuluqdan səyyahlığa keçməkdir.

Sənətkar məğlubiyyətini dərk etməkdir.

Məğlubiyyətdəki qələbəni tanımaqdır.

Əziz Kamal Abdulla, böyük və gözəl məğlubiyyətiniz mübarək!

https://edebiyyatqazeti.az/news/proza/6596-yolcu-yolda-gerek-oxucu-ve-ya-oxumagin-kamal-abdulla-yolu