Fazil Mustafa

 Kamal Abdulla Azərbaycanın görkəmli alimi, tanınmış yazıçısı, nüfuzlu ictimai xadimidir. Filologiya elmləri doktoru,  professor, Azərbaycan Respublikasının Xalq yazıçısı, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Mədəniyyət Fondunun sədridir. Eyni zamanda vaxtilə Bakı Slavyan Universitetinin ilk rektoru, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri  kimi çoxşaxəli vəzifələrin və titulların daşıyıcısı kimi tanınır. Ancaq bunların içində titulsuz bir tanıtım kimliyi var. O da Kamal Abdullanın müasir Azərbaycan ədəbiyyatının yeni obrazını dünyaya tanıdan bir yazar olmasıdır. Onun müxtəlif dillərə tərcümə olunan əsərləri müasir Azərbaycan ədəbiyyatının daha dolğun şəkildə tanıtımı üçün böyük əhəmiyyət daşıyır. Hazırda Kamal Abdulla nəsri vasitəsilə dünyanın bir çox ölkəsində Azərbaycan ədəbiyyatının yeni dalğası haqqında geniş oxucu kütləsində təsəvvürlər formalaşır.

       Azərbaycan dilçiliyinin öndə gələn simalarından biri olan akademik Kamal Abdullanın həm elmi, həm də ədəbi irsi “Dədə Qorqud” eposunun mətni üzərindən başladığına görədir ki, ədəbiyyatda da hadisə yarada bilmişdir. Özünü janr məhdudiyyətinin içində hiss etmədən fərqli baxışını ortaya qoymaqla müstəqillik dövrümüzün ədəbiyyatına ötən yüzilin 70-ci illər ədəbi mühitinin təmsilçisi kimi uğurla transformasiya olunan az saylı ədəbiyyat adamından biridir.

        Ədəbi platformasını “Hamının gördüyü və tanıdığı dünyanı bir də olduğu kimi yazmaq kimə və nəyə lazımdır?” ifadəsi ilə bəyan edən Kamal Abdulla ədəbiyyatımızda tarixlə müasirliyi sağlam mühakimə ilə əlaqələndirə bilən yazar olaraq öz ənənələri dağıdan tezislərini cəmiyyətə də qəbul etdirmək cəsarətini göstərə bildi.

      Haqlı olaraq ədəbi tənqidçilər vurğulayırlar ki, Kamal Abdullanın elmi, bədii, kulturoloji yaradıcılığının ortaq istiqaməti minilliklər içində xalqın yaradılış və inkişaf kodunu özündə əks etdirən sirrin axtarışıdır. Onun ədəbi eksperimentlərinin, bədii təxəyyülünün hamısı müasir yaşam modelimiz üçün həyati əhəmiyyət daşıyan o məlum və həm də məchul sirri bütün dərin qatlarına qədər çözməyə, aydınlatmağa yönəlmişdir. Təsadüfi deyil ki, Kamal Abdullanın kitablarının adında da bu trayektoriya tam şəkildə ehtiva olunur: “Gizli Dədə Qorqud”, “Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud – 2”, “Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud”, “Sehrbazlar dərəsi”, “Gümüş dövrün sirləri”, “Sirr içində nəğmələr”, “Yarımçıq əlyazma”. Hamısında da tarixin dərin qatlarında unutduğumuz, unutdurulmuş sirrin axtarışı prosesi yeni dövrün oxucusunu da öz axtarış aurasına fanatikcəsinə bağlaya bilir. Həm də bu proses postmodern ədəbiyyatın şifrələrinin müşayiəti ilə gerçəkləşməkdədir.

      Kamal Abdullanın ədəbi qayəsi və bəlkə də yaradıcılıq ideyası azərbaycanlı identifikasiyasının mənəvi və ruhani mənbəyini tarixin dərin qatlarından qələmlə qazaraq gün üzünə çıxarmaqdır. Tarixə açıq münasibət, tarixi obrazlara tamamilə fərqli yanaşma tərziylə mübahisə predmetinə çevrilən xeyli seçmələr, yeni metaforalar vardır. Onun üçün tarix öz baxış bucağından təhlil olunur, xronoloji qanunauyğunluğun rolu unudulur, bütün personajların davranışları, süjet xəttində yer alan hadisələrin tarixlə əlaqələndirilməsi formal xarakter daşıyır, yuxu üzərindən keçidlərinin hamısı bədii təfəkkürünün obrazları kimi həzm olunur.

       O, Dədə Qorqudu mif dünyasının, mif təfəkkürünün nümayəndəsi kimi təqdim edir. Onu dastan vasitəsilə oğuzlara göndərilmiş peyğəmbər kimi təsvir edir. Dədə Qorqud bir peyğəmbər kimi başdan-başa mifin törəməsidir və onu bir peyğəmbər kimi mifin mənafeyinin əsas qoruyucusu kimi tanıdır. Burada mübahisəyə açıq məqamlar olsa da, öz düşüncə inandırıcılığı ilə Kamal Abdulla bədii təxəyyülünü tarixiləşdirməyi uğurla başa çatdıra bilir.

      Bu, həqiqətən də azərbaycanlı identifikasiyasının açılış məqamıdır və ədəbiyyatımızda bunu kəşf edənlərin öncüllüyünü daşıyanlardan biri Kamal Abdulladır. Çünki Dədə Qorqud mədəniyyətinin varisliyinin qırılması ilə Azərbaycan ideyası uzun illər tənəzzülə uğradı və yalnız 1918-ci ildə ilk müasir milli dövlətimizin yaranması ilə bu mədəniyyət kodunun dirilişini görə bildik. Təsadüfi deyildir ki, Azərbaycanın müstəqilliyə qovuşması prosesinin adqoyma anında ilk ağla gələn siyasi ad müzakirəsi məhz Dədə Qorqud mədəniyyətinin mahiyyətini ehtiva edən Oğuzstan adı üzərindən başlamışdır. Demokratik cümhuriyyətin qurucuları sonda siyasi termin olaraq Azərbaycan adı üzərində durarkən, onun məhz Oğuz yurdu atributlarına uyğunlaşmasını diqqətdən qaçırmamışlar.

       Böyük Türk yazarı Yəhya Kamalın “Kökü mazidə olan atiyiz” (“Kökü keçmişdə olan gələcəyik”) ifadəsi əslində, Kamal Abdulla dünyagörüşünü daha aydın ifadə edən bir formuldur. O, bütün yaradıcılığında gələcəyin kökünü, təməlini doğru təsbit etməyə həsr etmişdir. “300 azərbaycanlı”  kitabında dünya ədəbiyyatının problematik aspektlərindən bəhs etməklə, qədim və müasir ədəbi prosesin görünməyən tərəflərini işıqlandırmaqla yanaşı, müasir azərbaycanlı modelinin də rəsmini təqdim etməyi düşünməkdədir.

      Kamal Abdulla tədqiqatında Türk dünyasının mədəniyyət xəzinələrindən sayılan bir eposun hərtərəfli araşdırılması üçün müxtəlif üsullardan istifadə edib. Ən əhəmiyyətli işi isə dastanın alt qatındakı həqiqətləri üzə çıxarıb, onları yeni düşüncəyə uyğunlaşdırmaqdır. O, Oğuz yoluna da həsrətli yuxu kimi yanaşaraq onu müasir düşüncədə canlandırmağı ustalıqla bacarır.

       Kamal Abdullanın ən məşhur romanlarından olan “Yarımçıq əlyazma” Dədə Qorqud oğuzlarının yalnız elat həyatını təsvir etməklə məhdudlaşmır, həm də Azərbaycan nəsrinin tarixə münasibət ənənələrini əsaslı şəkildə alt-üst edir. Kamal Abdulla öz yaradıcılığında tarixi yarımçıqlığı, natamamlığı yeni süjet içində bütövləşdirmək hədəfini fəth edə bilir.

      Otuz ilə yaxındır dəyərli dostum olan Kamal Abdullanın 70 illiyi əslində, bir ədəbiyyat hadisəsidir. Onun yazdıqlarına, irsinə bir daha baxış üçün səfərbər olma fürsətidir. Çünki bu ömür yolundan bəlkə də statistika baxımından zənginlik o qədər nəzərə çarpmayacaq, ancaq məzmun və orijinallıq baxımından verdiyi töhfə və zənginlik mübahisəgötürməz dərəcədə böyükdür.

 http://edebiyyatqazeti.az/news/proza/6611