Bu günlərdə İstanbulda Dil və Sistem Vəqfi tərəfindən Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” adlı kitabın təqdimat və imza mərasimi keçirilib.

Müəlliflərin də qatıldığı mərasimdə Türkiyənin önəmli alimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən professor Rafiq Əliyev qeyri-səlis məntiqin önəmi və xüsusiyyətləri haqqında məlumat verib, bu məntiqin elmi müstəvidə necə istifadə olunduğundan danışıb.

Sonra Xalq yazıçısı Kamal Abdulla qeyri-səlis məntiqin “Kitabi-Dədə Qorqud” dastanındakı izlərindən bəhs edib və dastandan gətirdiyi bəzi örnəklərə qeyri-səlis məntiqlə yanaşılanda babalarımızın demokratiyanı andıran, insana və təbiətə sayğı duyan, tolerant bir həyat tərzinə sahib olduqlarının göründüyünü vurğulayıb.

Türkiyənin böyük alimi Əhməd Bican Ercilasun “Kitabi-Dədə Qorqud”un ədəbiyyatımızdakı və tariximizdəki yerindən, önəmindən bəhs edib. O, Dədə Qorqud hekayələrinin bu günümüzə qədər gəlib çıxan boylarla məhdudlaşmadığını, bu hekayələrin kəşf edilməyən, bəlkə də tarix içində itən başqa boylarının da olduğunu deyib.

Professor Umay Günay Türkeşin “Kitabi-Dədə Qorqud”un sistemi və dili ilə bağlı məruzəsi maraqla qarşılanıb.

Professor Gokhan Oral çıxışında dastanı psixoloji yöndən şərh edib. Türkiyə Cümhuriyyətinin sabiq təhsil naziri, professor Ziya Səlcuq bir pedaqoq kimi Dədə Qorqud mətnlərini şərh edib və onun gələcək nəsillərin inkişafındakı rolundan danışıb.

Daha sonra müəlliflər panel iştirakçılarının suallarını cavablayıblar. Diskussiya şəklində davam edən panelin sonunda Kamal Abdulla və Rafiq Əliyev “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabını oxucular üçün imzalayıblar.

https://525.az/news/241418-kitabi-dede-qorqud-ve-qeyri-selis-mentiq-istanbulda-teqdim-olunub