Əsgər ZEYNALOV
Filologiya elmləri doktoru, professor, ADU-nun Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri

XX əsrdə milli düşüncəmizin oyanışı və inkişafında, müstəqillik uğrunda mübarizəmizdə bu il 75 illiyi qeyd edilən Azərbaycan Dillər Universitetinin də özünməxsus rolu var. ADU-nun azadlıq, müstəqillik uğrunda mübarizədəki rolundan danışarkən ilk növbədə görkəmli alim və ziyalı İsmixan Rəhimovun adı göz önünə gəlir. 1940-cı illərdə 8 tələbə “İldırım” təşkilatını yaratmış və onların əsas məqsədləri Azərbaycanın müstəqilliyinə qovuşmasına, repressiyaya uğramış ədiblərimizə bəraət verilməsinə, Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq olmuşdu.

Ancaq rejim bu təşkilatın fəaliyyətindən xəbər tutur və onlar həbs olunurlar. İsmixan Rəhimova, Gülhüseyn Hüseynoğluya və Hacı Zeynalova güllələnmə cəzası verilir. O illərdə güllələnmə hökmü müvəqqəti götürüldüyündən hökm 25 il həbslə əvəzlənir. Digərləri isə on il həbs cəzasına məhkum edilirlər. Stalinin ölümündən sonra, 1955-ci ilin may ayında “İldırım” təşkilatının üzvləri İsmixan Rəhimov, Hacı Zeynalov, Musa Abdullayev, Kamal Əliyev, Azər Ələsgərov, Aydın Vahidov, Kamil Rzayev, Gülhüseyn Abdullayev azadlığa buraxılırlar. Tale elə gətirib ki, bu təşkilatın üzvlərindən İ.Rəhimov, G.Hüseynoğluvə A.Ələsgərovla ünsiyyətdə olmuşam.

İsmixan Rəhimovu buxovlu halda məhkəmə salonundan çıxarıb dustaq maşınına mindirdikdə o, oraya toplaşmış insanlara üzünü tutub demişdi: “Darıxmayın, biz gedirik, tezliklə qayıdacağıq” (prof. Həbib Babayev). Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (indiki ADU) o zaman yenicə fəaliyyətə başlamışdı. Qeyd etmək lazım gəlir ki, Sibirdə həbs cəzası çəkərkən İ.Rəhimov həmyerlisi, görkəmli psixoloq Fuad İbrahimbəyovla tanış olur, sonralar onların hər ikisi uzun müddət həmin institutda birlikdə işlədilər. Dissertasiya müdafiə edib, alimlik elmi dərəcəsini aldılar. İ.Rəhimovun məclis aparmağının şahidi olmuşam. Azərbaycan, rus, ingilis dillərində o qədər şirin danışırdı ki! Müstəqillik dövründə onun fəaliyyəti ölkə Prezidenti tərəfindən yüksək dövlət təltifi ilə qiymətləndirildi.

İ.Rəhimov, demək olar, ömrünün sonuna kimi ADU-da dosent, kafedra müdiri kimi çalışdı, bir sıra alimlərin, vətənpərvər gənclərin yetişməsində mühüm rol oynadı.

1950-ci illərin sonları və 1960-cı illərin əvvəllərində böyük vətənpərvər şair Bəxtiyar Vahabzadə APXDİ-də (dərs deyirdi. Bu o zaman idi ki, şair “Gülüstan” poeması üzərində işləyirdi, ya da yenicə tamamlamışdı. İlk dəfə “Şəki fəhləsi” qəzetində nəşr olunmuş bu cəsarətlə yazılmış poemaya görə şair çox incidildi. O da etiraf olunur ki, onu MTN-də kiminsə müdafiə etdiyini hiss edirdi, ancaq kim olduğunu bilmirdi. Sonralar bu şəxsin Ulu öndər Heydər Əliyev olduğu aydınlaşdı. Bir dəfə Bəxtiyar Vahabzadə ilə Universitetimizdə görüş keçirilirdi. Səhv etmirəmsə, 2002-ci il idi. O zaman Universitetin simasını müəyyənləşdirən ziyalılardan biri Çərkəz Qurbanlı üzünü şairə tutub dedi ki, siz bizə dərs deyirdiniz institutda oxuyarkən, biz sizin mühazirələrinizi bu gün də yaxşı xatırlayırıq. Bəli, B.Vahabzadə kimi cəsarətli şair və alimlər Ç.Qurbanlı kimi qeyrətli tələbələri, əsl vətəndaşları, ziyalıları yetirdi.

1970-ci ildə APXDİ-yə qəbul olundum – fransız dili fakültəsinə. Dərnəgüldə institutun yataqxanasında qalırdıq. Həmin ilin dekabr ayında, çox soyuq qış günündə yataqxanada B.Vahabzadənin “Gülüstan” poemasının əlyazmadan üzünü köçürüb bir-birimizə ötürürdük. Tələbəlik dostum, o zaman yataqxanada qonşu otaqda qalan Misqər Məmmədov da (bu gün ADU-nun Azad Həmkarlar Təşkilatının sədridir) bu hadisələrin şahidi və birbaşa iştirakçısı idi.

1980-cı illərin sonunda müstəqillik uğrunda xalq hərəkatı başladı. Universitetimizin müəllimlərinin, tələbələrinin hərəkatda fəal iştirakı bu gün də yaxşı xatırlanr. Və 1990-cı ilin 20 Yanvarı… 21 yaşlı tələbə Ülvi Bünyadzadə o gün başqa bir imtahanla, vətənpərvərlik sınağı ilə üzləşdi və ondan üzüağ çıxdı. Ülvi şair idi, yazıçı, dramaturq, istedadlı tərcüməçi idi. Gələcəyin görkəmli siyasi xadimi də ola bilərdi. Ancaq 1990-cı il yanvarın 20-də Ülvi şəhid oldu… Onun əziz xatirəsi universitetimizdə daima əziz tutulur, hər il sentyabr ayının 23-də şəhid şair Ülvi Bünyadzadənin anadan olan günü ADU-da ehtiramla qeyd edilir.

20 yanvar faciəsindən 15-20 gün ötürdü. Moskvadan bu hadisə ilə əlaqədar bir neçə nümayəndə universitetimizə gəlmişdi. Səhv etmirəmsə, görüşü o vaxt institutun rektoru olan Zemfira Verdiyeva təşkil etmişdi. Həmin görüşdə Qorxmaz Quliyev və Çərkəz Qurbanlının kəskin, dolğun çıxışları, yəqin ki, bu gün də çoxlarının xatirindədir.

20 yanvar hadisələrinin qurbanlarının anılmasında, xalqımıza qarşı qırğınlara etiraz edilməsində bu gün ADU-nun elmi işlər üzrə prorektoru olan Novruz Məmmədovun da özünməxsus iştirakı olub.

1992-ci ilin aprel ayında Universitetimizin müəllimləri böyük siyasi xadim, Ulu öndər Heydər Əliyevin Bakıya qayıdışı üçün imza toplayırdılar. Əsas binanın 3-cü mərtəbəsində dosentlər Fərhad Qəmbəroğlu və Səməd Həsənovun nəzarəti altında İnstitutun 200-ə qədər əməkdaşı Heydər Əliyevin Bakıya gəlməsi, respublikanı düşdüyü vəziyyətdən qurtarması üçün imza vermişdi. Həmin gün axşam Azərbaycan televiziyası “Xarici Dillər İnstitutunun Heydər Əliyevin Bakıya gəlməsi üçün imza topladığını” bildirmişdi. Çərkəz müəllim deyirdi ki, həmin imzalar müəyyən üsüllarla aradan çıxarılmış və MK-ya çatdırılmışdı.

I və II Qarabağ müharibəsində ADU-nun müəllim və tələbələri fəal iştirak etmişlər. Vətən savaşında ADU-nun üç tələbəsi şəhid olub: Təhsil-1 fakültəsinin tələbəsi Əzim Həsənov, Tərcümə fakültəsinin tələbəsi Teymur Osmanlı və Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsi Elvin Bayramov.

ADU-nun rektoru, akademik Kamal Abdullanın şəxsi təşəbbüsü ilə 3 nömrəli tədris binasında görkəmli alim, tərcüməçi İsmixan Rəhimov adına lektoriya və 1 nömrəli binada “Ülvi Bünyadzadə adına muzey-lektoriya”, Universitetin ayrı-ayrı tədris binalarında şəhidlər Əzim Həsənov, Teymur Osmanlı və Elvin Bayramovun həyatını, keçdikləri döyüş yolunu əks etdirən fotoşəkillər düzülmüş auditoriyalar yaradılıb.

44 günlük Vətən müharibəsi dövründə ADU-da fəaliyyət göstərən mərkəzlər və kafedraların əməkdaşları Qarabağ həqiqətlərini beynəlxalq aləmə çatdırmaq üçün dünyanın bir çox ölkələrinin elmi-siyasi idarələrinə xüsusilə, aparıcı dövlətlərinə təşkilatlara müxtəlif dillərdə məktublar və müraciətnamələr göndərdilər.

Vətən müharibəsi və ondan sonrakı dövrlərdə ADU-nun üç əməkdaşı – baş müəllim Hüseyn Əsgərov, Aydın Eyvazov və bu sətirlərin müəllifi erməni terroristlərin dindirilməsi, istintaqı zamanı tərcüməçilik fəaliyyətinə görə dövlət tərəfindən təltif edilib.

Adları, fəaliyyətləri Universitetimizlə bağlı olan alim və ziyalıların, əsl peşəkarların siyahısı son dərəcə genişdir. Lakin ADU təkcə milli düşüncəmizin oyanış və inkişafına, müstəqillik hərəkatının qələbəsinə töhfələr verməklə qalmayıb.  Universitetimiz burada çalışmış və indi də fəaliyyətdə olan dəyərli alimlərlə, pedaqoji kadrlarla, yetişdirdiyi mütəxəssislərlə Azərbaycan elminə, tərcüməçilik işinə, dövlət idarəçiliyinə mühüm xidmətlər göstərib, bu proses uğurla davam etməkdədir. Təsadüfi deyil ki, ADU son illərdə Dövlət Mükafatına ardıcıl olaraq qiymətli əsərlər təqdim etmiş, Avropa, Amerika, Asiya, Avstraliya qitələrində monoqrafiyalarla təmsil olunan ali təhsil ocağıdır.

75 yaşın mübarək, doğma Universitetimiz!