…Professor Eko “Yarımçıq əlyazma” romanı haqqında gözləmədi ki, biz ondan nə isə soruşaq və o da bizə cavab versin. Elə söhbət başlayan kimi “kretinlər” haqqında sualından dərhal sonra özü birbaşa belə dedi:
– Sizin romanınız cəlbedicidir (italyanca – “avvincente”) amma onu plyajda oxumaq olmaz.
Dedi və səni tərki-silah edən, işıqlı üzünə, saqqalına yayılan bir təbəssümlə gülümsədi. Daha sonra o, romanı italyan oxucusuna daha yaxın etməyin yollarından danışmağa başladı. Sandro ona “Sehrbazlar dərəsi” haqda, bu romanı da tərcümə və çap etmək niyyəti barədə söz açdı və bu zaman Eko belə bir məsləhət verməyi lazım bildi:
– Bəzən romanda adlara lazımi fikir vermirlər. Üçmərtəbəli, hətta dördmərtəbəli adlar işlədirlər. Bu isə tərcümə edilən əsəri oxuyan üçün real çətinliklər yaradır. Adları çalışın, sadə məxrəcə gətirin. Bu, çox vacibdir.
Bu məqamda mən öz çoxdankı “problemimi” xatırladım. Məni narahat edən bir məsələ ilə bağlı bir çox xarici ədəbiyyatçılara, oxuculara, nəşri hazırlayanlara bu “şıltaq” sualı vermişdim. Cavablar birmənalı olmamışdı. Mən Ekodan soruşdum:
– Sizcə, xarici oxucunun, lap elə italyan oxucusunun “Kitabi-Dədə Qorqud” dastanından xəbərdar olub-olmamasının romanı qəbul etməsində rolu var, ya yox?
Onun cavabı məni azacıq məyus etdi. Çünki açığı, başqa cavab gözləyirdim. Eko isə qətiyyətlə belə dedi:
– Hökmən rolu var. Dastan barədə məlumatı olsaydı, roman oxucuya daha anlaşıqlı olardı.
Mən amerikalı redaktorumu xatırladım. “Yarımçıq əlyazma”nı ingiliscə Amerikada çapa hazırlayan nəşriyyat redaktoru mənə yazmışdı ki, romanı oxuyarkən maraqdan və yeri gəldikcə qarnını tutub gülməkdən özünü saxlaya bilmirmiş. Xüsusilə, Boğazca Fatmanın Oğuz cəngavərlərinə necə kələk gəlməsi onu son dərəcə əyləndirmişdi. Həmən redaktor bizim Dastanı oxumamışdı. Dastana nabələd oxucu tərəfindən romanın bəyənilməsi üçün bu faktorun bəzi yerlərdə əhəmiyyəti olmurdu. “Hökmən dastanı oxuyub sonra romanı anlamaq olar” məntiqi bəzən “işləmirdi”. Əlbəttə ki, düşündüklərimi dilimə gətirmədim.
Gözəl italyan çaxırını içə-içə Azərbaycandan danışırıq. Onun qədim tarixini, “Dədə Qorqud” dastanını, bu dastanın sovet dövründə əməlli-başlı yasaq edilməsini bir daha yada salırıq. Oğuz cəngavərlərindən, onların qəhrəmanlıq dolu həyatından, Dastanda yunan mifləri ilə səsləşən motivlərdən, paralellərdən, Şah İsmayıl və onun apardığı xarici siyasətdən, dil və mədəniyyət qayğılarından, o dövrün Qərb ölkələrinin, xüsusən, italyan şəhərlərinin Səfəvilərlə əlaqə qurmağının vacibliyindən, Şahın özünün şairliyindən söz düşür. Müasir Azərbaycanın tolerant və multikultural bir ab-havaya malik ölkə olduğu, burada yaşayan müxtəlif xalqların gün-güzəranı, ölkə başçısının xüsusi iradə ilə Azərbaycan üçün onun öz unikal siyasi yolunu müəyyənləşdirməsi, Dağlıq Qarabağ problemi, dünyanın aparıcı dövlətlərinin bu məsələyə münasibətdə ikili standartları, Azərbaycan multikulturalizminin nümunələri kimi Mirzə Cəlilin “Anamın kitabı”, “Kamança” pyesləri, Bakıda keçirilən möhtəşəm Humanitar Forumlar… Eko maraqla qulaq asır.
Bu zaman Ekonun xanımı salona daxil olur və o da çoxdankı tanışlar kimi bizi salamlayıb həvəslə söhbətə qatılır. Cavanlıq gözəlliyini asanlıqla saxlamış xoşruhiyyəli bir xanımdır. Daxili gözəlliyini o dəqiqə hiss edirsən. Bütün hərəkətlərindən, sözlərindən təbii mülayimlik yağır. Mən “fürsətdi” düşünüb, Bakıya ikisini də dəvət edirəm.
– Sizin bir kitabınız var – “Gənc romançının etirafları”. O kitabı azərbaycanlı bir professor Azərbaycan dilinə tərcümə edir. Bəlkə onun təqdimatına, bəlkə Humanitar Foruma…
– Məmnuniyyətlə gələrik, elə deyilmi? – Xanım Eko sədaqət dolu baxışla ərinə baxıb gülümsəyir.
– Olar. – Mənim və Sandro Tetinin gözləmədiyi halda Eko bu zərif təbəssümün cazibəsinə həmən də təslim olub asanlıqla razılıq verir. – Amma il əvvəlində (bu, bir neçə aydan sonra olacaq) Milanda təzə kitabımın təqdimatını keçiriləcəklər. Buralar mənim üçün əsl cəhənnəmə çevriləcək. İş çox olacaq. Ondan sonra bu barədə konkret danışmaq olar.
Mən də, Sandro da sevincimizi gizlətmirik və mən xanım Ekoya Azərbaycanda onu gözləyən maraqlı məqamların tələsik və qısa xülasəsini verirəm. O, həqiqətən də, Bakıya gəlmək istəyini gizlətmir və mənə Bakı haqqında suallar verir. Eko həssaslıq və xüsusi diqqətlə bizim söhbətimizə qulaq asır. Xanımının marağı onun üçün çox vacibdir – düşünürəm.
Ekonun “Gənc romançının etirafları” adlı kitabını professor Azad Məmmədov ingilis dilindən tərcümə edir. Artıq tərcümə bitmiş sayıla bilər. Həcmcə o qədər də böyük olmayan bu kitab çox maraqlı ədəbiyyat söhbətlərindən ibarətdir. Eko o kitabı Amerikada, gərək ki, Harvard Universitetində oxuduğu mühazirələrin əsasında hazırlayıb. Təkcə gənc yazar üçün deyil, ümumiyyətlə, ömrünü nəsrə həsr edən hər kəs üçün faydalı kitabdır. Mən istərdim ki, onun bu tipli, amma bir qədər başqa səpkidə yazılmış “Ədəbiyyat meşələrində altı gəzinti” kitabı da Azərbaycan dilinə tərcümə olunsun. Bu əsər də görkəmli filosof, semiotik alimin Amerikada dediyi mühazirələr əsasında yazılmış kitabdır. Burada mənim ən çox bəyəndiyim məqam Düma qəhrəmanlarının yaşadığı mənzillərin Parisdə Dümanın qeyd elədiyi şəhərdaxili coğrafiya əsasında indi harada, hansı ad daşıyan küçələrdə yerləşməsinin Eko tərəfindən müəyyənləşdirilməsi, mənzillərin yerləşdiyi binaların sonrakı aqibətinin izlənməsi və təhlili idi. Dartanyanın, Atosun, Aramisin, Portosun Parisdə kirayədə qaldıqları evlərdən daha sonrakı dövrdə, məsələn, Fransız inqilabı zamanı hansı məqsədlərlə istifadə edilib və s. və i.a.
Umberto Eko mənə səbrlə qulaq asdıqdan sonra kitabının (söhbət hələ ki, “Gənc romançının etirafları”ndan gedir) Bakıda çapı ilə bağlı belə bir jest edir:
– Çox gözəl. Kitabın çapından sonra təqdimat münasibətilə Bakıya gəlmək olar. Niyə də yox?! Mən öz ədəbi agentimə deyərəm ki, sizdən ingilislərdən, fransızlardan aldığı qədər çox pul almasın, simvolik bir qonorar alsın.
Ekonun son sözlərini həlim və günahsız bir təbəssüm müşayiət edir.
Mən özümü güclə saxlayıram. Mayestro, əlbəttə, bilmir ki, eninə, uzununa, demək olar ki, az qala bütün külliyyatı Bakıda çapdan çıxıb və heç bir ədəbi agentin bundan xəbəri yoxdur.
Şərh yoxdur