…Eko, yenə də unudulmaz Eko. Onun “mənim cızmaqaralarımın yerləşdiyi yer” deyə adlandırdığı otaq həm geniş idi, həm də orda-burda, miz¬lərin və masaların üstündə atılıb qal¬mış çoxlu kitab əlindən bir az səliqəsiz idi. Qədim əlyazmalar otağının möhtəşəm səhmanı ilə müqayisəyə gəlməyəcək dərəcədə səliqəsizlik içində, amma həm də sistemli şəkildə, çap yerinə görə ölkə-ölkə ayrılmış bu kitablar Eko dünyasının müxtəlif dillərə, mədə¬niyyətlərə səpələnmiş ləyaqətli nümayəndələri idi. Bu böyük otaqda da dəhlizlərdə və Əlyazmalar otağında olan kimi hara baxsan kitab görürdün. Əlyazmalar otağı boyda olardı, amma ondan nisbətən daha işıqlı və dediyim kimi bir az daha tör-töküntülü idi. Yenə də tavana dəyən rəflər və bu rəflərdə toplanmış müxtəlif dillərdə saysız-hesabsız kitablar… Ekonun dünya dillərinə tərcümə olunmuş əsərləri… Hansı ölkə yox idi burda?! Onu hansı dilə tərcümə etmə-mişdilər?! Məndə belə bir şübhə var ki, burdakı saysız-hesabsız leqal şəkildə işıq üzü görən kitabların arasında Ekonun və onun ədəbi agentinin xəbəri olmadan piratca nəşr edilən minlərlə nəşr yer almayıb. Yer alsaydı, o zaman o nəşrləri də bura yığmaq üçün bu otaq kimi daha neçə otağa ehtiyac olardı.
– Mən sizə bir hədiyyə vermək istəyirəm. – Professor qəflətən üzünü mənə tutub qətiyyətlə deyir.
Biz – Sandro ilə mən, sağımızda, solumuzda səliqəsiz şəkildə yer almış kitab¬ları bir-bir qaldırıb nəzərdən keçirər¬kən (aha, bu da “Qızılgül”ün Tür¬kiyə nəşri!) Eko bu sözləri deyəndən sonra rəflərin dolambaclarında harasa gözdən itir. Və budur, biz onu xeyli ucada və az qala tavana dəyən bir rəfin üzbə-üzündə görürük. O, səssiz işləyən qalxma avtomat qurğusuna oturub ora qalxmışdı. Və çox keçmir, Professor əlində qalın bir kitab yanımıza qayıdır.
– Bu rus dilində olan son nəşrdir. “İllüziyaların tarixi. Əfsanəvi mə¬kanlar, torpaqlar və ölkələr “ adlanır. Rusiyada çap edilib. Mən indi bunu sizə yazaram.
Eko elə ayaq üstündəcə bu gözəl tərtibatlı kitabı balaca bir mizin üstünə qoyub ilk səhifəsinə nəsə yazır. Kitabı mənə təqdim edir. Moskvanın məşhur “Slovo” nəşriyyatının xeyli nəfis, zövqlü və az qala hədiyyəlik nəşri. Mən Pro-fessora səmimi-qəlbdən təşəkkür edib kitaba yazdığı sözləri gözdən keçirirəm. Ekonun imzasından və öz adımdan başqa heç nəyi, təbii ki, anlamıram. Sandro mənim başım üstündən Eko¬nun yazdığını oxuyub tələsik tərcümə edir: “Kamal Ab¬dullaya – dostluq arzuları ilə… Umberto Eko. “
Əlbəttə ki, bu kitaba yazılan sözlərin mənim üçün əhəmiyyətini bir-iki kəlmə ilə deyib üstündən keçmək mümkün deyil. Biz bir-birimizə baxırıq və ikimiz də başımızı aşağı dikib bir müddət susuruq. Mən kitabdan ayrıla bilmirəm, Eko isə deyəsən, mənə belə bir zövq verməsindən aldığı ləzzətdən.
Sonra biz yenə salona qayıdırıq. Büruzə vermədən saatıma nəzər salıb Sandro ilə baxışıram. Bu salona qədəm qoymağımızdan saat yarımdan çox vaxt keçir. Söhbətimiz yavaş-yavaş ordan-burdan davam edən laübali bir məcraya düşüb, artıq pərakəndəlikdən də xali deyil.
Mən, əlbəttə ki, sonra peşmanlayacağam ki, gərək bunu da soruşaydım, onu da soruşaydım. Gərək bunu da deyəydim… O an isə mənə elə gəldi ki, biz bir dünya söhbət eləmişik. Bəzən də susmuşuq. Ən əsası bir-birimizdən yorulmamışıq. Bunun özü elə nəyə desən, dəyərdi.
Vidalaşmaq vaxtı isə bax, beləcə, öz-özünə, təbii şəkildə yetişir. Hamı¬mız eyni vaxtda ayağa qalxırıq. Qapı ağzında bir xeyli ləngiyirik. Xanım Eko da burdadı, “Yolagəlməzin ram edilməsi” filmini yadıma salan xidmətçi qa¬dın da bizi ötürməyə gəlib. Hansısa nüansları xanım Eko ilə dəqiqləşdirmək lazımdır. Təbii ki, mən Azərbaycana səfərlə bağlı söhbətin (hansı marşrut, hansı təyyarə, hansı ay, gün, nə cür paltar geyməyə qədər – isti, yaxud yüngül…) son nöqtələrini düzürəm (“pəncşənbə”nin nöqtələri yadıma düşür). Nəhayət, sanki hər şey deyildi, aydınlaşdı. Eko da, xanımı da onları maraqlandıran məsələlərlə bağlı cavablar aldılar. Neçənci dəfə vidalaşırıq.
– İtalyanlarla azərbaycanlıları bəzi başqa məqamlarla yanaşı, bir şey də birləşdirir – bu, qapı ağzında uzun-uzadı sağollaşmadır.
Mənim bu sözlərimdən sonra gülüşürük və nəhayət, xeyli mehriban şəkildə mən və Sandro Teti bu gözəl insanlardan ayrılırıq.
…Kastello meydanında hər şey əvvəlki kimidir. Nəhəng binalar yenə də əzəmətli duruşları ilə ətrafa meydan oxuyur. Elə bil, ikimiz də – Sandro da, mən də sərxoş olmuşuq. Əlbəttə ki, bu, bir az əvvəl Ekogildə içdiyimiz köhnə şərabın təsirindən deyil. Təəssürat bizi tam olaraq öz ağırlığı altına alıb. Bir xeyli heç birimiz dinmirik. Sandro ilə hara gedəcəyimizi bir-birimizlə razı-laşdırmadan üzümüzü qala divarlarına çeviririk. Ekonun evindən çıxıb ancaq qədim qala divarlarının içinə girmək olar, başqa heç yerə.
Yolun o biri tərəfinə keçirik. Qala divarlarının əsas qapısından qədim Milan ərazisinə daxil oluruq. Bura ki, əsl orta əsrlər dünyasıdır, desəm, inanın. Orta əsrlər İtaliyasının cazibəsi bizi bərk-bərk tutub uzun müddət buraxmır. Küçələri, evləri, meydançalarının daxili ruhu ilə bura bizim üçün Kastello, 13 nömrəli evin ikinci mərtəbəsindəki bir az əvvəlki unudulmaz görüşümüzün təbii davamına çevrilir. Və bu orta əsrlər dünyasının hər bucağından artıq qulağımıza Professor Ekonun həlim və mülayim səsi gəlməyə başlayır, nəfəsi duyulur. Sandro ilə mən bir-birimizin üzünə baxmasaq da, mən bilirəm, o da eyni hissləri keçirir.
P.S. Umberto Ekonun İtaliya üçün, italyan mədəniyyəti üçün, sadə italyanlar üçün kim olduğunu təsəvvür etmək qürurvericidir. Sandro Teti otelə qayıdarkən taksidə sürücüyə bir az əvvəl Umberto Ekonun evində onun qonağı olduğumuzu söylədi. Qürurlanırdı. Bir xeyli sürücü ilə Eko haqda danışdılar.
Otelə çatıb maşından düşəndə bu sürücü bizdən pul almaq istəmədi. Axırda güclə maşının pulunu verdik. Mən diqqətlə baxıb gördüm ki, sürücü Ekonun qonaqları üçün bunu ürəkdən edir, bu, sadə italyanvari “oyun” deyil.
Şərh yoxdur