Azərbaycan postmodern nəsrində polifonik estetika kontekstində təhlilə cəlb edilməyə layiq əsərlər sırasında Kamal Abdullanın “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox” romanları da yer alır. “Sehrbazlar dərəsi” dastan və nağıl poetikasına əsaslanır. Sistem içərisində poetik sistem yaradır. Bu romanda çoxsəslilik daha çox məzmunda və dil-üslub keyfiyyətlərində əks olunur. Hacı Mir Həsən ağa Səyyah ruhlarla dil tapan, onlarla danışan şəxsdir. Cəllad Məmmədqulu, Karvanbaşı və Xacə İbrahimin əhvalatı üzərində qurulan roman fərqli hekayə və əhvalatların montajından ibarətdir. Deməli, çoxsəslilik romanın daxili qatında gizlənib. Hər hekayə və əhvalat təhlilə cəlb edildikcə polifonik mətn estetikası ilə qarşılaşırıq. Çoxsəslilik estetikası geniş poetik imkanlara sahibdir. Aydın Talıbzadə romana yazdığı ön sözdə bu məqama toxunur: “Bu roman xirqə-xirqədir. Xirqələrsə sanki tül pərdələrdir, atılıb personajların üstünə. Çünki bu personajlar yalnız səhranın ilğım koordinatlarında mövcuddurlar” [5 | səh. 3]. “Sehrbazlar dərəsi” romanında baş verən hadisələr “Sirlərin sərgüzəşti” romanında paralel zaman kontekstində yeni məzmun və strukturda təqdim edilir. Hacı Mir Həsən ağa Səyyah “Sirlərin sərgüzəşti”ndə Həsən müəllim kimi diqqət çəkir. Lakin “Sirlərin sərgüzəşti” bədii-estetik cəhətdən “Sehrbazlar dərəsi”ndə olan poetik enerjini davam etdirmir. “Sirlərin sərgüzəşti” “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox” romanlarındakı “açıq mətn” konsepsiyasını qapayan, tamamlayan əsərdir. “Yarımçıq əlyazma” və “Sehrbazlar dərəsi” romanları ilə mətnlərarası əlaqə yaratması semantik mərkəz təşkil edir. Oxucu, mətn və onun yazılması baxımından “Sehrbazlar dərəsi” ilə “Sirlərin sərgüzəşti” arasında məna, struktur estetikasını oxucunun təfəkküründə davam edən yozum, mənalandırmalar müəyyən edir. “Sehrbazlar dərəsi” hər oxucunun beynində və yaddaşında yeni yozum qazanır. Çoxsəsli estetika müəllif, oxucu və mətn üçbucağında konkretləşir” [64 | səh. 129]. Deməli, romanın əsas qəhrəmanı sehrbazlar dərəsinin özüdür. Bu zaman romanın digər obrazları da, müəllif də kənara çəkilirlər. Mətnlə oxucunun ünsiyyəti yaranır. Sehrbazlar dərəsi vasitəsilə montajlanmış hər hekayə oxucu tərəfindən yenidən süjet xəttinə salınır. Mətnlər arasında kollaj hadisəsi baş tutur. Cəllad Məmmədqulu və şahın qəlbində olan kin, intiqam hissi hər oxucuda fərqli düşüncə yaratsa da, nəticə eynidir; intiqam hissinin nə qədər cılız və zərərli olması aşılanır. Amma yenə də çoxsəsli şəkildə. Çünki intiqam hissi ilə yaşamaq ətraf mühitə də təsir edir. “Sehrbazlar dərəsi” real dünya ilə irreal aləmi də iç-içə salır. Hadisələr, obrazlar fiziki yox, metafiziki dəyər və anlayışları ifadə edir. Ruhla cismin polifonik, postmodern yozumları ehtimallara qapı açır; romanı müxtəlif aspektdən mütaliə və şərh etməyə imkan verir. Çoxsəsli estetik yanaşma ortaya çıxır. Hansısa oxucu əsəri nağıl və dastan poetikası ilə yazılmış maraqlı macəra romanı kimi oxuya bilər. Bu da mümkündür və normaldır. Lakin başqa oxucu müxtəlif hekayə və həyatların kollajından ehtimallara söykənən nəticələr çıxara-çıxara mütaliə edə bilər. Bu da mümkündür. Mətnə yanaşmada radikal qayda-qanun sistemi yoxdur. Əks halda, polifonik qat aradan götürülmüş olur. Klassik roman və mütaliə qəlibləri işə düşür.
Şərh yoxdur