Budəfəki müsahibə mənim üçün daha əlamətdardır. Çünki ilk dəfədir əcnəbi şəxslə həmsöhbət olmuşam. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı Kamal Abdulla Lyudmila Bejenaru barədə danışanda onunla söhbətləşmək arzusu yaransa da, rumıniyalı ədəbiyyatşünasla hansı dildə ünsiyyət quracağım barədə fikirləşdim. Kamal müəllim Lyudmila xanımın rus dilində sərbəst danışdığını bildirdi. Sözügedən dildə danışılanları anlasam da, fikrimi sərbəst ifadə etməkdə çətinlik çəkirəm. Nəhayət, ADU-nun Doktorantura şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Nərgiz Qarayeva və həmin universitetin Rusiyaşünaslıq mərkəzinin elmi işçisi Tamilla Naibovanın vasitəsilə Lyudmila Bejenaru ilə həmsöhbət oldum.
– Lyudmila Bejenaru, özünüz haqqında kiçik məlumat verməyinizi istərdim…
– Mən Rumıniyanın Yassı Dövlət Universitetinin dosenti, filologiya elmləri doktoruyam. Universitetdə “Rus mədəniyyəti və sivilizasiyası”, eləcə də “Sintaksis”, “Rus ədəbiyyatı” fənlərindən dərs deyirəm, Rumıniyadakı Azərbaycan Multikulturalizm Mərkəzinin rəhbəriyəm. Universitetimizdə yaradılan mərkəz 2022-ci ilin noyabrın 10-da Azərbaycan Dillər Universitetinin dəstəyi, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov və hörmətli Kamal Abdullanın iştirakı ilə açılıb.
– Azərbaycana indiki səfərinizin səbəbi nədir?
– Bu səfərim “Heydər Əliyev və multikulturalizm” mövzusunda VII konfransda iştirakla bağlı idi. Bu dəfə də Azərbaycana əliboş gəlməmişəm. Kamal Abdullanın “Unutmağa kimsə yox” romanının rumın dilinə tərcümə edilmiş nəşrini də özümlə gətirmişəm. Bu nəşr müəllifin rumın dilinə tərcümə etdiyim üçüncü kitabıdır. Siz bilirsiniz, ya yox, mənim sevimli müəllifim Kamal Abdulla bu romana qəzetinizlə bağlı tarixləri daxil edib. Romanda başqa qəzetlərin adları da çəkilir. Çox şadam ki, məhz bu qəzetdəki müsahibəm Kamal Abdullanın yaradıcılığı haqqında oxucuların biliklərini tamamlayacaq.
– Aydın məsələdir ki, Kamal müəllimin yaradıcılığı ilə tanış olana qədər ölkəmiz barədə məlumatınız olub. Maraqlıdır, sizdə Azərbaycana sevgi nədən qaynaqlanır?
– Deyə bilərəm ki, Azərbaycana marağım məktəb və tələbəlik illərində müxtəlif respublikaların ayrı-ayrı tədbirlərində, festivallarında iştirak etdiyim vaxtlardan yaranmağa başlayıb. O zaman bizim sinif Azərbaycan Respublikasını təmsil edirdi. Azərbaycana həsr olunmuş albomu özüm hazırlamışdım və ensiklopediyadan müxtəlif materiallar köçürmüşdüm. Mənim dostlarım şeir oxuyurdular, rəqs edirdilər. Sonra elə oldu ki, müxtəlif festivallarda bəzi mahnıları ifa etdim. Bunlar sizin misilsiz Müslüm Maqomayevin mahnıları idi. Xatırladığım qədər, bu, mənim Azərbaycanla ilk tanışlığım idi.
– Bəs Xalq yazıçısı Kamal Abdulla ilə tanışlığınızın tarixçəsi nə vaxta təsadüf edir?
– Yassı Universitetində müəllim kimi 10 aylıq təqaüd qazandım və sizin Bakı Dövlət Universitetini seçdim. Oktyabr ayında Bakı Dövlət Universitetinə gəldim və həmin vaxt Kamal Abdulla ilə tanış oldum. Sonra Bakıya gələn müəllimlər rektora təqdim olundu. Məhz elə o vaxt, Beynəlxalq Əlaqələr Departamentinin o zamankı direktoru İrina Kunina ilə görüş oldu. Tədqiqat işim “Milli ədəbiyyatların dialoqunda kiçik diyar anlayışı” mövzusu olduğu üçün eyni vaxtda Kamal Abdullanın yaradıcılığını da araşdırmışam. 2013-cü ilin dekabr ayında Bakı Slavyan Universitetinin keçirdiyi konfransda iştirak edərkən Kamal Abdulla mənə bir neçə kitab verdi. Bu kitablar müdafiə mövzuma uyğun olduğu üçün onları oxumağa başladım. Sonra 2014-cü ildə BDU-da olarkən “Literaturniy Azerbayjan” jurnalına bir məqalə göndərdim. Məqalə Kamal Abdullanın yaradıcılığı haqqında idi. Təəssüf ki, “Literaturniy Azerbayjan” jurnalından məqalənin çap olunub-olunmayacağı barədə heç bir xəbər almadım. Bu barədə, demək olar ki, unutmuşdum. Amma 2016-cı ildə Kamal Abdullanın köməkçisindən elektron məktub aldım və o, məktubda Kamal Abdullanın bu yazını oxuduğunu, məni Bakıya dəvət etdiyini bildirdi. Keçən il bir-birimizi tanımağımızdan 10 il vaxt keçməsinə baxmayaraq, yalnız 2016-cı ildə Kamal Abdulla ilə əməkdaşlıq başladı. Bakıda keçirilən konfransda olarkən mərkəzə rəhbərlik üçün mənim də namizədliyimi təklif etdilər və mən Azərbaycan Multikulturalizm Mərkəzinin açılmasını xahiş etdim. Mənə o vaxt dedilər ki, mərkəzin təsis edilməsi hələ mümkün deyil. Amma biz Bakıdakı Multikulturalizm Mərkəzi ilə birlikdə bu sektoru yarada bildik. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Rumıniyadakı nümayəndəsi kimi təsdiq olundum. Daha sonra Azərbaycan multikulturalizmi ilə bağlı bu kursu universitetdə tədris etməyə başladıq.
– Həmkarınız Liviya Kotorça Kamal müəllimin şeirlərini rumın dilinə tərcümə edib…
– Aprel ayında Yassı Dövlət Universitetinin alimi Liviya Kotorça tərcüməsi ilə Kamal Abdullanın “Gizli nəğmələr” adlı şeirlər kitabı Rumıniyada işıq üzü görüb. Kitaba “Aydınlıq və dua arasında” giriş məqaləsini də Liviya Kotorça yazıb. Şeirlər də müəllifə layiq şəkildə oxucuların diqqətinə çatdırılıb. Liviya Kotorça Kamal Abdullanın poetik nümunələrinin bütün əhval-ruhiyyəsini rumınca ifadə etməyi bacarıb.
– Siz isə sistemli şəkildə Kamal Abdullanın yaradıcılığının tədqiqi və əsərlərinin tərcüməsi ilə məşğul olmusunuz…
– Mən Bolqarıstanda “Milli ədəbiyyatların dialoqunda kiçik diyar anlayışı” mövzusunda doktorluq dissertasiyası müdafiə etdikdən sonra Kamal Abdullanın yaradıcılığı ilə bağlı ilk monoqrafiyamı çap etdirdim. Monoqrafiya “Kamal Abdulla: Bütövlüyün fəlsəfəsi” adlanırdı. Təkcə Rumıniyada deyil, başqa ölkələrdə çap olunmuş 20-dən çox məqalə yazmışam. Onun yaradıcılığı ilə tanışlıqdan sonra əsərlərinin tərcümələrinə başlamışam. Əvvəlcə Rumıniyada çox böyük rezonans doğuran və müxtəlif məkanlarda təqdim olunan “Sehrbazlar dərəsi”ni tərcümə etdim. Kitabın Kişinyovda tərcümə festivalı çərçivəsində təqdimatı keçirilib və mənə buna görə “Ən yaxşı tərcüməçi” diplomu verilib. “Kamal Abdulla: Bütövlüyün fəlsəfəsi” kitabının təqdimatı isə universitetimizin Mixay Eminesku kitabxanasında keçirilib. Bu kitabı professor Liviya Kotorça və şair Danel Korbu ilə birgə təqdim etdik. Kitabxanamızla birlikdə çox maraqlı sərgilər təşkil olundu. Azərbaycan şair və yazıçılarının rumın dilinə tərcümələrindən ibarət sərgi keçirdik. Eyni zamanda “Azərbaycan başqalarının gözü ilə” adlı foto sərgisi təşkil edildi. Sərgidə müxtəlif vaxtlarda Azərbaycanda olmuş bütün müəllim və tələbələrimizin fotoşəkilləri var idi. Onların Bakı və Azərbaycan haqqında fərqli fikirləri fotolarda əks olunmuşdu.
– Siz Kamal müəllimin bəzi pyeslərini də tərcümə etmisiniz. Onların arasında Rumıniyada səhnələşdirilənlər oldumu?
– Təbii ki… Rumıniyada ilk dəfə olaraq Kamal Abdullanın “Bir, iki, bizimki” tamaşasının nümayiş olunduğu yaradıcılıq gecəsi keçirildi. Müəllifin razılığı ilə tamaşaya “Kişi və qadın” adını verdik. Yoxsa bu tamaşanın niyə “Bir, iki, bizimki” adlandırıldığını başa düşməzdilər.
– Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı haqqında nə deyə bilərsiniz. Bu kitab sizdə hansı təəssüratları yaratdı?
– Bu romanda müəllif özünü əks etdirib. Burada personajlardan birinin adı altında müəllifin özü çıxış edir. Digər tərəfdən, romandakı hadisələr bir neçə plan əsasında yüksək səviyyədə və bir çox istiqamətlərdə cərəyan edir. Fikrimcə, bu romanda çox müdrik həyat fəlsəfəsi var. Deyə bilərik ki, bu, təkcə hansısa tapıntının axtarışı deyil. Çoxları bunun sadəcə yazının dekodlanması olduğuna inanır. Bir tərəfdən mağaradakı yazının dekodlanması (aşkar edilməsi), digər tərəfdən isə kənd həyatının təsviri göstərilib. Əsərin qəhrəmanı Bəhram, sanki, kəndin, kənd həyatının, mağara həyatının bilicisi və keşikçisidir. Əsərdə sevgi üçbucağını görməmək olmur: Mübariz, Bəhram və Gülsüm. Hər üçü çox maraqlı dostluq səhnələri ilə təsvir olunub. Çünki nə Bəhram, nə də Mübariz dostluq səddini keçib aşiq ola, Gülsümə sevgilərini göstərə bilirlər. Müəllifin o dövrün akademik mühitinin təsvirində də maraqlı məqamlar çoxdur. Hətta Kamal Abdullanın təbiətə, qarağac bitkisinə münasibəti də əsərdə yer alıb. Bilirsiniz ki, Kamal Abdullanın yaradıcılığında qarağac ən mühüm ağacdır. Birinci romanda əkilir, ikinci və üçüncüdə çiçəklənir, digər hissələrdə isə biz artıq bu qarağacın altında personajları asanlıqla görə bilirik. Onlar öz həyatlarını yaşayırlar. Kamal Abdullanın əsərlərində əsas süjet xətti kimi qarağacı görə bilirik. Həyat fəlsəfəsinin hikməti və Kamal Abdullanın kamillik fəlsəfəsi kimi qarağac, mağara, təbiət və eşq üçbucağı, kəndin bilicisi kimi Bəhram və akademik mühitdə əlaqələr də oxucunu bu kitab haqqında düşünməyə vadar edən çox maraqlı məqamlardır.
– Kamal Abdullanın “Yarımçıq əlyazma” romanının tərcümə prosesi maraqlıdır. Bildiyimiz kimi, həmin roman irihəcmlidir və zənnimizcə, tərcüməsi böyük zəhmət tələb edir. Bu roman sizi hansı xüsusiyyətləri ilə cəlb etdi?
– Bilirsiniz ki, Kamal Abdullanın əsərlərini rus dilindən tərcümə edirəm. “Yarımçıq əlyazma” ən geniş metomətnə malikdir. Metomətn nədir? Bu mətnə əlavə olunan izahatlar, qeydlərdir. Bu da başqa tərcüməçinin işini asanlaşdırmaq üçündür. Mən özüm rumın dilinə tərcümə üçün müəyyən bir metomətn yaratdım. Burada 83 keçid, müəyyən biobiblioqrafiya və ən nəhayət, tərcüməçinin sözardı var. Bu da mətni anlamağa kömək edir. Amma bu romanı tərcümə etmək çox çətin idi. Çünki birincisi, romanda çoxlu tarixi adlar və çoxlu toponimlər var ki, onları özünəməxsus şəkildə tərcümə etmək lazım gəldi. Çünki Kamal Abdullanın əsərində bu izahatlar çoxluq təşkil edir. Bu, tərcümə prosesini çətinləşdirdi. Əsərdəki tarixi məqamları tərcümə etmək üçün bu şəxsiyyətləri dərindən öyrənmək lazım idi. Tərcümə etməzdən əvvəl onlar haqqında oxuyub onlarla tanış oldum. Tərcüməyə başlamazdan əvvəl sənədləşməyə ehtiyac var idi. Bu, böyük bir iş hesab edilir. Hətta bir faktı da deyim ki, rumınca bu əsərin adını “Manuskrusil inkomplet” kimi tərcümə etmək fikrindəydim. Mən bunu belə başa düşürdüm. Məsləhətləşdiyim həmkarlar dedilər ki, yox, “Manuskrusul nederminat” olmalıdır. Rus müəlliflərinin məqalələrində romanın adına “Natamam əlyazma” kimi rast gəlinir. Roman bu adla nəşr olunub. Rus ədəbiyyatında “Tamamlanmamış əlyazma”, “Natamam əlyazma” kimi də rast gəlmək olar. Bunlar əsərin adının sinonimi deyil, əsl tərcüməsi “Yarımçıq əlyazma” kimi olmalıdır. Kamal Abdulla özü gələnə qədər çaşqınlıq içində idik. Nəhayət, dəqiq soruşdum və o, konkret olaraq dedi: “Yarımçıq əlyazma”dır romanın adı, yəni “Manuskrusil inkomplet”. Baxın, bu əlyazmada nəsə çatışmır. Bu o deməkdir ki, o nə natamamdır, nə də tamamalanmamış, məhz “Yarımçıq əlyazmadır”. Bu cür nüanslar vacibdir. Bütün buna bənzər nüansları yaxşı bilmək, roman haqqında başqa biliklər tərcümədə mühüm rol oynayır. Tərcüməçi bundan yararlanmalı və tərcümə fəaliyyətinin tələblərinə əməl etməlidir.
2022-ci ildə Rumıniyadakı Azərbaycan Multikulturalizm Mərkəzinin açılışı zamanı Kamal Abdullanın gəlişi ilə əlaqədar universitetimizdə yazıçılarla görüş təşkil olunmuşdu. “Sehrbazlar dərəsi” əsəri və “Yarımçıq əlyazma” romanı da həmin gün oxuculara təqdim olundu. Sual-cavablarla zəngin görüşdə ədəbi ictimaiyyətimiz yazıçı və onun əsərləri haqqında daha geniş bilgilərə sahib oldular.
Bundan əlavə, digər bir faktı qeyd etmək istəyirəm. 2023-cü ildə “Tərcümə ensiklopediyası”nın ikinci cildini nəşr etdik. Bizim belə bir layihəmiz var. Bu layihədə 100-dən çox tədqiqatçı iştirak edir və mən də o tədqiqatçılardan biriyəm. İkinci cildə Azərbaycan ədəbiyyatı haqqında bütöv bir məqaləni və ən çox tərcümə olunan iki müəllifi – Kamal Abdulla və Çingiz Abdullayevi daxil etdim. Bu şəxsiyyətlər Rumıniyada ən çox tərcümə olunan müəlliflərdir. Çingiz Abdullayevi Buxarest Universitetinin professoru Dimitru Balan tərcümə edir, Kamal Abdulla isə bütün tərcümə hüquqlarını mənə həvalə edib. Beləliklə, biz təkcə Azərbaycan multikulturalizmi kursunu populyarlaşdırıb öyrətmirik, sizin peşələrinizi, adət-ənənələrinizi və s. də bura daxil etmişik.
– Söhbətimizin əvvəllərində qeyd etdiyiniz kimi, 2014-cü ildə “Kamal Abdulla: Bütövlüyün fəlsəfəsi” adlı fundamental monoqrafiyanızı tamamlamısınız. Bu xəbər Azərbaycanda maraqla qarşılandı. “Taleyin labirintlərində sirr oyunları” kitabınızda da Kamal Abdullanın bədii porterini yaratmısınız. Lyudmila xanım bu kitabla rumın oxucusuna nəyi aşılamağa çalışır?
– Bayaq qeyd etdiyim kimi, 10 ildən artıqdır ki, Kamal Abdullanın yaradıcılığının tədqiqi ilə məşğulam və bu işi bir vətəndaşın, yazıçının, alimin, rektorun və sadəcə bir insanın həyatından ibarət müəyyən bir mozaika kimi təsəvvür etmək olar. Hamıya məlumdur ki, Kamal Abdulla dilçi, filologiya üzrə alim və Azərbaycanın ən kreativ rektorudur. O öz ideyaları ilə hər kəsi cəlb etməyi bacaran və daxilən güclü insandır. Bu fərdilik onu sirrini açmaq istədiyiniz xarizmatik şəxsiyyətə çevirir. Məncə, siz Kamal Abdullanın yaradıcılığını öyrənməklə, deşifrə etməyə çalışmaqla onu dəqiq şəkildə aça bilərsiniz və məhz bunun əsasında Kamal Abdullanın yaradıcılığının görünən və görünməyən tərəflərini öyrənə bilərsiniz. Onun yaradıcılığından bəhs etdiyim kitabımı “Taleyin labirintlərində sirr oyunları” adlandırmışam, onu müasir ədəbiyyatın ən böyük ustadlarından birinə – Kamal Abdullaya həsr etmişəm. Bunlar çox güman ki, ustad rəssamın portretinə toxunan cizgilərdir. Bu, düşünən oxucunun Kamal Abdulla mövzusu ilə bağlı fantaziyalarına fərqli baxışıdır. Çünki Kamal Abdullanın əsərlərini fantaziya adlandırmaq olar. Bu, çox güman ki, Kamal Abdullanın şəxsiyyətinin və yaradıcılığının görünməyən tərəfidir, məncə, onun yaradıcılığı əsərlərindəki sirləri açmaqla araşdırılmalıdır. Kamal Abdullanın bütün yaradıcılığı sirdir. Burada siz müəyyən şeirlərlə yanaşı, Kamal Abdullanın görünməyən tərəflərini təsvir edən mətnlərdən bəziləri ilə rastlaşacaqsınız. Bunu bir oxucu kimi, bir tədqiqatçı kimi və müəyyən dərəcədə Kamal Abdullanı tanıyan bir şəxs kimi sizə açıqlayıram. Mövzu ilə bağlı fantaziyalarda onun fikirlərini tapa bilərsiniz və bu fikirlər onun sözlərində təcəssüm olunur. Özünün dediyi kimi: “Çiynimə simurq quşu qonub”. Onun həyatı uğurludur, çünki həyatı elə sözüdür, o, sözlə yaşayır. Kamal Abdullanın taleyi sözün ömrünə – dünəninə, bu gününə, sabahına bağlıdır. Söz Kamal Abdullanın həyatında əbədidir.
– Kamal Abdullanın dediyinə görə, Qobustandakı tarixi abidələrlə maraqlanırsınız. Bu maraq hardan yaranıb?
– Məsələ burasındadır ki, Azərbaycan multikulturalizm kursuna daxil olduğuna görə, UNESCO-nun siyahısına salınmış tarixi yerlər, mühüm əsərlər haqqında tələbələrə danışmamaq mümkün deyil. Qobustan mənim mühazirələrimin və tələbələrin referatlarının mövzusudur. Çünki imtahan zamanı bu barədə yazılı təqdimat edirlər. Ona görə də mən tələbələrə söz verdim ki, Qobustana gedəcəm. Kamal Abdullanın və onun əməkdaşlarının köməyi ilə mən Qobustana səfər etdim və Qobustan Arxeoloji Mərkəzinin direktoru ilə görüşdüm. Əlbəttə ki, bütün bunlardan sonra mən Qobustana heyran qaldım. Amma onu da deyim ki, dünyada bu cür arxeoloji abidəyə sahib olan təkcə siz deyilsiniz. Bizim ölkədə də öz Kukutenimiz var. Bu barədə muzeyin direktoru və Kamal Abdulla ilə söhbətimiz oldu. Biz Yassıda Qobustana həsr olunmuş sərgi təşkil etməyi planlaşdırırıq. Azərbaycanın Rumıniyadakı səfirliyi ilə artıq danışıqlar aparılıb. Onlar da Qobustanla bağlı bu sərginin Buxarestdə keçirilməsində maraqlıdırlar. Və elə dünən Qobustan muzeyinin direktoru ilə görüşdüm, bütün detalları, atılacaq addımları müzakirə etdik. Düşünürəm ki, oktyabr ayında biz Qobustanla bağlı sərgi təşkil edə biləcəyik. Sizi əmin edirəm ki, orada Qobustanla maraqlanan, Qobustan haqqında yazan, Qobustan haqqında mühazirələrimi dinləyən bütün tələbələrim olacaq.
– Müsahibə üçün təşəkkür edirik.
– Minnətdaram, sizinlə tanışlıq çox xoş oldu.
Söhbətləşdi: Nadir YALÇIN
Rus dilindən çevirdi: Səadət SULTAN
https://525.az/news/262330-kamal-abdullanin-butun-yaradiciligi-sirdir
Şərh yoxdur