2014-cü il iyunun 2-də Ankarada “Qafqazın gələcəyində enerjinin rolu: Region ölkələrinin həmrəyliyi” mövzusunda Qafqaz Universitetləri Birliyinin (QUB) ənənəvi IV konqresi keçirilmişdir.
Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsindən AzərTAc-a bildirmişlər ki, tədbir Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Xəzər Forumu, Ankara Siyasi və İqtisadi Araşdırmalar Mərkəzi, Türkiyə İş Bankı və Ərdahan Universiteti tərəfindən təşkil olunmuşdur.
Konqresdə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, bölgə ölkələrinin energetika nazirləri, Türkiyə Prezidenti Administrasiyasının rəhbəri, professor Mustafa İsen, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, QUB-un sədri – Ərdahan Universitetinin rektoru, professor Ramazan Qorxmaz, ümumilikdə on dörd ölkədən 67 universitetin rektorları iştirak etmişdir.
Azərbaycanı konqresdə Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru, professor Saleh Məhərrəmov təmsil etmişdir.
S.Məhərrəmov konqresdə çıxış edərək qardaş ölkələrimiz arasında əlaqələrin inkişafında elm, təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən, NDU-nun Türkiyənin əksər universitetləri ilə çoxillik səmərəli tərəfdaşlığından danışmışdır. Qeyd edilmişdir ki, NDU ötən ilin mayından Türkiyənin universitetləri ilə digər ölkələrin ali təhsil ocaqları arasında tələbə və müəllim mübadiləsini nəzərdə tutan “Mövlanə” mübadilə proqramında da uğurla təmsil olunur.
Rektor vurğulamışdır ki, 2009-cu ildə yaradılan və 60 universiteti özündə birləşdirən QUB Qafqazda yaşayan və ortaq mədəniyyətləri paylaşan Azərbaycan, türk, gürcü xalqlarının elmi-intellektual inkişafında, tələbə gənclər arasında elmi-mədəni tərəfdaşlığın möhkəmlənməsində, təcrübə mübadiləsinin genişləndirilməsində mühüm rol oynayır. Universitet muxtar respublika rəhbərliyinin tövsiyə və qayğısı ilə Türkiyənin ali məktəbləri ilə əlaqələrini bundan sonra daha da genişləndirməyə çalışacaqdır.
Konqresdə 13 universitet QUB-un tərkibinə daxil edilmişdir. Həmçinin NDU ilə Türkiyənin Kastamonu, Cümhuriyyət, Yakın Doğu, Çankaya, Ərzurum Texniki və s. universitetləri arasında “Mövlana” mübadilə proqramı ilə bağlı protokol imzalanmışdır.
Tədbirdə çıxış edən Taner Yıldız dünyada enerji böhranı, ölkəsinin enerji ehtiyatlarından danışmış, bu sahədə əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.
Mövzu ətrafında aparılan müzakirələrdən sonra QUB-un “Ədəbiyyat – 2014” mükafatlarının təqdim edilməsi mərasimi olmuşdur. Professor Saleh Məhərrəmov da bu mükafatla təltif edilmişdir.
Qafqaz Universitetləri Birliyinin növbəti konqresi Təbrizdə keçiriləcəkdir.
Şərh yoxdur