Masalli2014-cü il iyulun 4-də Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev iyulun 4-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində rayon ziyalıları və dindarlarla görüşmüşdür.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Kamal Abdullayevi Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin olunması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi və akademik adı alması münasibətilə rayon ictimaiyyəti adından təbrik etmişdir.
Görüşdə etnik-dini dəyərlərin qorunmasının, Azərbaycanın multikultural, tolerant ölkə kimi dünyaya təqdim olunmasının vacibliyi qeyd olunmuş, azərbaycançılıq ideologiyasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu, respublikamızda çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyü diqqətə çatdırılmışdır.
Dövlət müşaviri Kamal Abdullayev Azərbaycan Prezidentinin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanması, təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasəti və nəzərdə tutulmuş çoxşaxəli işlər, müxtəlif layihə və proqramlar barədə danışmışdır.
Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyev tərəfindən bizə miras qalmış azərbaycançılıq, tolerantlıq, milli və etnik prinsiplər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Dövlət müşaviri görüş iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.
Daha sonra Kamal Abdullayev Masallı şəhərindəki məsciddə dindarlarla görüşmüşdür.
Görüş zamanı ölkədəki mövcud etnik-dini durumla bağlı ətraflı fikir mübadiləsi aparılmış, milli azlıqları təmsil edənlərin və dini icma üzvlərinin səsləndirdikləri təkliflərin yaxın gələcəkdə reallaşdırılacaq layihələrdə nəzərə alınacağı diqqətə çatdırılmışdır.
Çıxış edənlər Azərbaycanda mövcud olan tolerantlığın, qarşılıqlı hörmət və etimada, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan dinlərarası və millətlərarası münasibətlərin dünyaya nümunə olduğunu vurğulayaraq, etnik qruplar və dini icmalar üçün yaradılan bərabər imkanlara görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.