Sumqayit2014-cü il iyulun 12-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Sumqayıtda şəhər ziyalıları, din xadimləri və ictimaiyyətin nümayəndələri ilə görüş keçirmişdir.
AzərTAc xəbər verir ki, ölkədə dini tolerantlığın və multikultralizmin mövcud vəziyyətini regionlar üzrə dəyərləndirmək, dövlət müşavirliyinin fəaliyyət istiqamətləri barədə məlumatlandırmaq məqsədi ilə bölgələrdə silsilə görüşlər keçirilir. İyulun 12-də belə görüş Sumqayıtın Tarix muzeyində baş tutmuşdur.
Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər icra hakimiyyəti başçısının 1-ci müavini Rövşən Sadıqov bildirmişdir ki, ölkəmizdə tarixən müxtəlif millətlər arasında dostluq münasibətlərinin, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri hökm sürüb. Natiq şəhərdə dini, mənəvi-əxlaqi dəyərlərin qorunması, radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyllərin qarşısının alınması istiqamətində görülən işlər barədə iştirakçılara məlumat vermişdir. Vurğulanmışdır ki, son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin siyasi həyatının bütün sahələrində qlobal islahatlar həyata keçirilmişdir. Görülmüş kompleks tədbirlər nəticəsində respublikanın bir çox sahələr üzrə yüksək potensiala malik bir dövlət kimi dünyanın qabaqcıl ölkələri arasında özünə layiqli yer tutmuşdur. Bildirilmişdir ki, Sumqayıtda da dini durum ölkədəki ümumi vəziyyətə uyğundur.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev Prezident yanında Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması ilə bağlı dövlət başçısının fərmanlarının son dərəcə böyük ideoloji və siyasi rolunu qeyd edərək, Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işləri sistemləşdirməyin əhəmiyyətini vurğulamışdır.
Kamal Abdullayev bu dəyərləri qoruyub-saxlamaq, inkişaf etdirmək üçün müxtəlif regionlarda və şəhərlərdə ziyalı, tələbələrlə yanaşı müxtəlif yaş təbəqələrinə mənsub insanlarla səmimi dialoq şəklində keçirilən görüşlərin əhəmiyyətindən danışmışdır.
Yığıncaqda yad dini-ideoloji təsirlərə, təfriqəçi təriqət və cərəyanlara qarşı mübarizənin zəruriliyi vurğulanmış, zəngin multikultural ənənələrin qorunub saxlanması və inkişafı, azərbaycançılıq ideologiyasının təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasətinin mahiyyəti ətraflı şəkildə izah edilmişdir.
K.Abdullayev gənc nəslin milli-mənəvi dəyərlər və Vətənə sədaqət ruhunda tərbiyə olunmasında məscidlərin roluna və din xadimlərinin üzərinə düşən vəzifələrə diqqət yönəltmişdir. Onun fikrincə məscidlər mədəniyyət və elm ocağına çevrilməlidir.
Diskussiya xarakterli görüşdə şəhər ziyalıları müxtəlif təkliflər irəli sürmüşlər. Görüşdə Azərbaycanda etnik-dini durum barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Görüşdən sonra dövlət müşaviri şəhərin Cümə məscidinə, pravoslavların ibadət evinə və sinaqoqa baş çəkmişdir. Dindarlarla səmimi söhbət zamanı bildirilmişdir ki, ölkədə tarixən müxtəlif millətlər arasında dostluq münasibətlərinin, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri hökm sürür.
Dindarlar yaradılan şəraitə, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinə göstərilən diqqətə görə ölkə başçısına dərin minnətdarlığını bildirmişlər