2014-cü il oktyabrın 11-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti oktyabrın 11-də Bakı Slavyan Universitetində (BSU) IV Bakı Beynəlxalq Humanitar Forumunun yekunlarına və forumlararası dövrdə görüləcək işlərə həsr olunmuş müşavirə keçirib.
AzərTAc xəbər verir ki, AMEA-nın institutlarının, ali təhsil müəssisələrinin, ictimai və yaradıcılıq təşkilatlarının nümayəndələrinin iştirak etdikləri müşavirəni Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev açaraq ənənəvi Bakı Forumunun artıq beynəlxalq səviyyəli mötəbər tədbir statusu aldığını, son Forumda dünyanın 60 ölkəsindən 500-dən artıq nüfuzlu siyasi, dövlət, ictimai, elm və incəsənət xadiminin iştirak etdiyini bildirib. Azərbaycanda formalaşan multikulturalizm ideyasının digər dövlətlərdə də geniş əks-səda tapdığını, bu ideyanın nəzəri-praktik əsaslarının öyrənilib tətbiq edildiyini faktlarla vurğulayıb. Prezident İlham Əliyevin uzaqgörən zəkasının məhsulu olan Forumun ölkəmizin beynəlxalq aləmdə nüfuzunu yüksəltdiyini qeyd edib. Forumdan keçən 10 gündə onlarla xarici nümayəndə tərəfindən müxtəlif qurumlara razılıq məktublarının daxil olduğunu diqqətə çatdıran Dövlət müşaviri növbəti Foruma hazırlıqla bağlı qarşıda duran vəzifələrdən danışıb.
Dövlət müşaviri, akademik Kamal Abdullayev “Kitabi-Dədə Qorqud” dastanının dünyaya tanıdılmasının 200 illiyinin tamam olduğunu bildirib. 1815-ci ildə ilk dəfə alman şərqşünası, diplomatı, Şərq aşiqi Fridrix fon Ditsin “Təpəgöz boyu”nu alman dilinə çevirməsi ilə dastanın işıq üzü gördüyünü söyləyib, bu tarixin də yaddaqalan, məzmunlu tədbirlərlə qeyd edilməsinin zəruriliyini vurğulayıb. Diqqətə çatdırıb ki, dilçi, ədəbiyyatşünas alimlərin bununla bağlı fikirləri dinlənilir, verilən təkliflərin ümumiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda tanınmış filoloqlardan ibarət işçi qrup yaradılıb.
BSU-nun rektoru, professor Asif Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov və digər çıxış edənlər hər il keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun məqsəd və məramına uyğun olaraq ölkəmizdə ilboyu müxtəlif layihələrin, tədbirlərin keçirilməsi ilə bağlı təkliflər səsləndiriblər. Natiqlər, eyni zamanda, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən layihələrin icra mexanizmləri barədə fikirlərini söyləyiblər.
Toplantıda ölkə ziyalılarının bölgələrdə ictimaiyyət nümayəndələri qarşısında mütəmadi görüşlərinin, çıxışlarının təşkili ilə bağlı tədbirlər müəyyən edilib, belə görüşlərin ardıcıl keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Şərh yoxdur