KAMAL_ABDULLA07

Yazıçı Kamal Abdullanın Modern.az saytına müsahibəsi:

– Əkrəm Əylislinin “Daş yuxular”ına bütövlükdə verilən qiymətlə razısınızmı?

– Mən nə deyə bilərəm, cəmiyyət, yazıçı həmkarları, cənab Prezident qiymətini verdi. Hər adamın öz yazıçısı olur, ya olmur. Sizə hansısa yazıçının desəm yaxındır ya yox, deyəcəksiniz ki, yaxşı yazıçıdır, amma mənim yazıçım deyil. Mən də bu prinsiplərlə işləyirəm. Əkrəm Əylisli mənim yazıçım deyil, amma yazıçıdır.

– Əkrəm Əylisli bu günlərdə Rusiya yazıçılarına müraciət edib. Rusiya ziyalılarından artıq dəstək gəlib.

– Mənim xəbərim yoxdur.

– Rus yazıçısı Akunin Azərbaycana müraciət edərək Əkrəm Əylisliyə qarşı təzyiqlərin  dayandırılmasını xahiş edib.

– Nəyi başlamışıq ki, dayandıraq?

– Bu əsər ciddi qalmaqal yaratdı. Bu, bizim ağrılı yerimizlə bağlıdır. Üç komponenti, Əkrəm Əylisli şəxsiyyətini, bu əsərini və reaksiyaları necə qiymətləndirirsiniz?

– Bu ölkə çox ciddi bir yolla gedir. Bu elə bir əsər deyildi ki, ona elə reaksiya veriləydi ya da verilməyəydi. Əsərdi, yazılıb də… Lazım bilib yazıb. Burada nə demək olar? Mən qəti bir söz, rəy deməyə çətinlik çəkirəm.

– Kamal müəllim, sizcə, hər bir yazıçının milli, dövlətçilik mövqeyi olmalıdır ya yox?

– Kimsə məhəbbət hekayəsi yazırsa, təsəvvür etmirəm ki, o, orada dövlətçilik mövqeyini nümayiş etdirə bilər.
Mən sizə fikrimi deyim. Mənim dediklərim onun indiki halına heç bir ağırlıq əlavə etməyəcək. Çünki titulları geri alındı, Yazıçılar Birliyindən çıxarıldı. Şəxsən mənim fikrimcə, o əsər zəif əsərdir. Niyə? Bir kəlmə ilə deyirəm ki, əsərdə qiymətvericilik məqamları, dəyərləri 180 dərəcə dəyişilib, azərbaycanlıların deyil, ermənilərin boynuna məsuliyyət qoyulsaydı, yəni azərbaycanlılar haqqında deyilən bütün ehkamlardan tutmuş kəskin deyilən nöqtələrə qədər hamısını ermənilərə etsəydilər, fırlatsaydılar yenə zəif əsərdir. Çünki nifrət üzərində qurulub bu əsər. Nifrət üzərində qurulan əsər güclü ola bilməz.

– Əgər paralel getsəydi, ermənilərin də Azərbaycanlılara qarşı etdiklərini vurğulasaydı..?

– Bəlkə onun əlinə şans düşmüşdü ki, orada bir şeyi gözləyə. Bu boyda riskə gedirdisə, bütün bu sonluqları o, çox gözəl şəkildə təsəvvür edirdi. Bu olanlar haradasa onun ssenarisinin bir hissəsidir. Qurulmuş ssenarinin bir hissəsidir. Özü qurmuşdu. İstəyərdi ki, onu ölkədən çıxarsınlar, istəyərdi ki, əsərini yandırsınlar. Bu riskə gedirdisə, bunu da gözü qabağına almamağı gülməli olardı Azərbaycan mühitində. O Azərbaycan mühitini yaxşı tanıyırdısa və yazmağa cəsarət edirdisə, demək bilməliydi ki, bu nə cür qurtara bilər. Onun indi təəccüblü şəklə düşməsini anlaya bilmirəm. Onun əlinə şans düşmüşdü, əgər bu riskə gedirdisə, tarazlığı gözləməli idi. Əlbətdə ki, yazıçı səbəb və nəticə üzərində işləyir. Səbəbsiz nəticə, nəticəsiz səbəb olmur.

– Əgər bu əsər belə qalmaqala səbəb olubsa, Azərbaycan yazıçıları, şəxsən siz həqiqi baş verən prosesləri qələmə almağı düşünürsünüz? İndiyə kimi belə bir əsər var?

– Kommentarisiz. No komment.

– Kamal müəllim, bəs reaksiyaları necə qiymətləndirirsiniz? Yəni söz azadlığı, hər kəsin fikrini azad şəkildə ifadə etmək hüququ var.  

– Həyatım boyu  bu sözü çox eşitmişəm. Volterin çox məşhur və demokratiyanın özüllərindən sayılan bir kəlamı var: “Mən sənə nifrət edirəm. Amma mən həyatımı verə bilərəm ki, sən fikirlərini açıq-aydın şəkildə izah edə biləsən”. Bu demokratiyanın özülüdür.

– Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüş barədə nə deyə bilərsiniz? Görüşlər yaxın vaxtlarda nəzərdə tutulubmu?

– Mənə heç bir məlumat verilməyib. Axırıncı görüş Moskvada olub. Məncə  görüşlərin bir mənası qalmadı. Sadəcə söhbət edib biri-birimizi inandırmağa çalışdıq ki, biz biri-birimizə nifrət etmirik. Onlar indiki situasiyadan sonranı fikirləşməyə çalışırdılar. Amma biz tərəfin adamları dedi ki, siz əvvəlcə özünüzün etdiyiniz hərəkətlərdən çəkinin, torpaqları azad edin. Onlar da gülməli cavab verdilər ki, gəlin, siyasətdən danışmayaq. Elə-belə havadan-sudan söhbət edək. Biz də deyirik ki, əgər itirilmiş torpaqlarımızdan danışmayacaqdıqsa, onda bura niyə gəlirdik? Bu işğal olunmuş Dağlıq Qarabağdan kənardakı 20 faiz torpaqlar barədə fikir ola bilməz axı? Onu verəndən sonra gəlin oturaq danışaq. Ondan sonra gələk ədəbiyyatdan, filan şeydən danışaq. Ona qədər heç bir şeydən danışmağın mənası yoxdur.

– Siz elə deyəndə bəs onların cavabı nə olurdu?

– Onların sözü olmurdu.

– Demək olarmı ki, “Xalq diplomatiyası” da nəticə vermədi?

– Demək olmaz ki, iflasa uğradı. Sadəcə effekti yoxdur. Yəni effekt azalır. Onların çıxış nöqtəsi ilə bizim çıxış nöqtələrimiz eyni deyil. Çıxış nöqtəsi ondan ibarət ola bilər ki, sən bizim torpaqlardan çıx, ondan sonra söhbət edək.

– Bu günlərdə internetdə belə bir məlumat yayıldı ki, ermənilər hansısa şəhərə Urartu adı veriblər.

– İstəyir Urartu yox e, Babilistan adı versinlər. Mən Şuşada gördüm insanları nə cür cəlb etməyə çalışırlar, amma xeyri yoxdur Şuşa ölü şəhərdir.

– Kamal müəllim, siz gedib o mənzərəni görmüsünüz. Bizdə də siyasi dairələr deyir ki, erməniləri elə vəziyyətə salacağıq ki, onlar özləri məcbur olub bizimlə barışacaqlar və deyəcəklər ki, bizə bir tikə çörək verin. Yəni bu məntiq nə qədər doğrudur?

– Burada həqiqət var. Yol buna doğrudur. Amma bunun tam həqiqət olması üçün biz orada azad iqtisadi zonalar yaratmalıyıq. Mən sizə bir misal göstərim. Yunan Kipri, Türkiyə Kipri. Mən özüm Kiprdə olanda gözümlə gördüm. Dəmir tellərdən ibarət sərhəd və qapı var. Türklər istəyir o tərəf gedir, yunanlar da istəyir işləri üçün bu tərəfə gəlirlər. Qurtardı getdi. Bu bir formadır. Belə bir forma ilə biz münasibətlərimizi başlaya bilərik. Mən siyasətçi deyiləm. Bu mənim fikrimdir. Ola bilər ki, dediyim kiməsə gülməli görünsün. Niyə də belə bir model olmasın. Belə olarsa, bütün məsələlər bizim xeyrimizə inkişaf edə-edə gedər.

– Sizin də iştirak etdiyiniz görüşlər həm də dövlət tərəfindən dəstəklənir. İndi dövlətin özünün münasibəti necədir? Erməni ziyalılarla görüşlərin davam etməsi istənilirmi?

– Bu, bizim dövlət rəhbərliyimizə daha aydın görünür ki, perspektivlər, strateji istiqamət hara gedir. Onu mənim üçün demək çətindir. Daha uzağı ölkə rəhbərliyi görür. Amma hər halda bütün bunların bir balaca da olsa, xeyri var. Bizimlə Bakıya qayıdan erməni ziyalıları Bakını görəndən sonra sarsıldılar ki, biz nəyə nail olmuşuq. 5 nəfərin ürəyinə biz şübhəni saldıqsa, bu bizim səviyyəmiz, keyfiyyətimizdir.

– Erməni ziyalıları Qarabağı görəndə nə dedilər. Onlardamı oranı dağıdanlar kimi düşünürdü.

– Orada nə deyə bilərdilər. Orada  biz sarsılmışdıq ki, Şuşa necə vəziyyətdədir. Xankəndi bir az normal vəziyyətdədir. Qalan o şəhərdən də bu şəhərdən də bir-iki nəfər çıxır.
Başqa bir məqam var… Elə erməni var azərbaycanlıların evlərinə getmirlər ki, bu mənim evim deyil, onlar haçansa qayıdacaqlar. Biz Şuşada əsas küçə və bazar tərəfə gedirdik. Oradan iki-üç erməni qarşımıza çıxdı. Qəribə idi, bomj kimi gedirdilər, bizi görəndə onların gözündə bir qorxu, çaşqınlıq hiss olundu. Onlar elə bildilər biz həqiqətən qayıtmışıq. Çünki bizim dəstədən bir neçə adamı tanıyırdılar. Onlar hər an gözləyirlər.

 – Fərhad Bədəlbəyli bildirmişdi ki, Qarabağ mühiti itir, məhv olur. Siz necə düşünürsünüz?

– Mən inanmıram, yeni nəsil məsələyə daha ciddi və açıq gözlə baxır. Amma düşünək ki, dünya dövlətləri gəlib erməniləri süpürüb atacaq “siz çıxın azərbaycanlılar gələcək”. Bu xam xəyaldır. Bəlkə də bu cür düşünənlər var. Lakin gələcək nəsillər daha məntiqli düşünəcək.

Gültəkin ƏLƏSGƏR