musavire 20142014-cü il dekabrın 24-də Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev müşavirə keçirib.

Zəngin gündəliyi olan müşavirədə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Bakı Slavyan Universitetinin, “Kultura+” internet televiziyasının nümayəndələri iştirak edib.

Müşavirəni açan K.Abdullayev deyib: “Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin uğurları üçün böyük işlər görür. Azərbaycan həqiqətlərinin tanıdılması, dünyadakı nüfuzumuzun artması Prezidentimizin amalıdır. Fiziki və intellektual cəhətdən son dərəcə ağır bir yükü çiyinlərinə götürərək böyük ləyaqətlə daşıyan Prezident Azərbaycan naminə, Ulu öndər Heydər Əliyevin ruhuna sədaqət naminə yorulmadan irəliləyir. Biz bu yolda onun köməkçiləri, yaxın silahdaşlarıyıq”.

Azərbaycanda son dövrlər bütün sahələrdə cahanşümul işlər görüldüyünü xatırladan Dövlət müşaviri multikulturalizm istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayıb: “Azərbaycan Prezidenti çıxışlarında hər dəfə qeyd edir ki, azərbaycanlının həyat tərzinə çevrilən multikulturalizm, tolerantlıq dünya üçün nümunədir. İlham Əliyev bir il ərzində millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi yaratdı. Prezidentin Fərmanı ilə Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin formalaşması da həmin missiyanın davamıdır. Bakı Slavyan Universiteti də bu amala xidmət edir. Azərbaycanın daxili, xarici, hüquq siyasətinin prioriteti olan multikulturalizm təkcə adını çəkdiyim qurumların deyil, digər rəsmi orqanların, vətəndaş cəmiyyəti institutlarının, təhsil və elm ocaqlarının əsas fəaliyyət istiqamətlərindən biridir. Artıq öz işini qurmuş Bilik Fondu, yeni fəaliyyətə başlayan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycandan kənarda da tanınır”.

Dövlət müşaviri K.Abdullayev deyib ki, Azərbaycan Prezidenti multikulturalizm istiqamətində görülən işlərə həmişə xüsusi diqqətlə yanaşıb: “İlham Əliyev “Rossiya-24” telekanalına verdiyi sonuncu müsahibədə Azərbaycandakı tolerant mühit, xüsusən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi barədə məmnunluqla söhbət açıb, Bakı Slavyan Universitetinin adını çəkib. Prezidentin söylədiyi hər bir söz bizim üçün yeni istiqamət, yeni hədəfdir.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Azərbaycan Prezidentinin cəmiyyətin maarifləndirilməsi istiqamətindəki fəaliyyətinə diqqət çəkib. Qeyd edib ki, İlham Əliyevin hər bir azərbaycanlıya göstərdiyi diqqət və qayğı ölçüyəgəlməzdir: “Qürur hissi duyuruq ki, Bilik Fondunun yaradılması cəmiyyətimizin hərtərəfli inkişafına qayğının nəticəsidir. Azərbaycan Prezidentinin imzaladığı sənədlər – fərmanlar, sərəncamlar Bilik Fondunun fəaliyyət proqramına çevrilir. Təsadüfi deyil ki, Fondun geniş əks-səda doğuran “Qardaşlaşmış məktəblər” layihəsi Prezidentimizin təşəbbüsü ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyasının davamıdır. Prezidentin imzaladığı müvafiq sərəncamların bəndlərinə uyğun Azərbaycanın bütün bölgələrində mühazirələr təşkil edilir. Sabirabadda ASAN Könüllülərinin Birinci Ümumrespublika Forumunun açılışında Azərbaycan Prezidenti könüllülər institutunun yaradılmasına xüsusi diqqət yetirib. Bu məqam Bilik Fondunda məmnunluqla qarşılanıb, belə qərara gəlmişik ki, Fondun könüllülərinin institutunu yaradaq”.

BSU-nun rektoru Asif Hacıyev universitetin inkişafında Prezident İlham Əliyevin müstəsna xidmətlərindən danışıb: “Əvvəllər xarici qonaqları universitetə dəvət edirdiksə, indi bizim məkanı doğma ocaqları bilib, özləri böyük həvəslə gəlirlər. Xarici ölkə universitetləri BSU-nun nəzdində mərkəzlərinin yaradılmasını arzulayırlar. Halbuki, Bakı Slavyan Universiteti yeni yarananda biz xarici həmkarlarımıza əməkdaşlıqla bağlı müraciət edirdik. Nailiyyətlərimiz möhtərəm Prezidentimizin Azərbaycana qazandırdığı nüfuzun nəticəsidir. Hər birimiz Prezidentimizin əsgəriyik”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov rəhbərlik etdiyi mərkəzdə Prezident İlham Əliyevin “Azərbaycanda multikulturalizm həyat tərzinə çevrilib” fikrinin daim əsas götürüldüyünü xatırladıb: “Prezidentin tolerantlıq haqqında səsləndirdiyi dəyərli fikirlər bizim gələcək fəaliyyətimizi müəyyənləşdirir”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətindən danışan dövlət müşaviri tezliklə yerli və xarici ali təhsil ocaqlarında bakalavr və magistratura pilləsində “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədris olunacağını bildirib. O, qeyd edib ki, artıq dünyanın 7 nüfuzlu universiteti ilə bu barədə razılıq əldə olunub. Fənnin tədrisi üçün yüksək ixtisaslı kadrların hazırlanması üzrə proqram həyata keçirilir. K.Abdullayev deyib: “Təsəvvür edin, xarici bir vətəndaş “Azərbaycan multikulturalizmi” fənni çərçivəsində ölkəmizin tarixini, dilini, mədəniyyətini, coğrafiyasını öyrənəcək. Beləliklə dünya ictimaiyyəti Azərbaycanı daha yaxından tanıyacaq”.

Dövlət müşaviri K.Abdullayevin fikrincə, Azərbaycan Prezidenti fəaliyyəti ilə ölkəmiz barədə o qədər dəqiq rəy formalaşdırıb ki, qarşımızda gələcəyə hamar yol açılıb: “Bizə ancaq bu yolu şərəflə getmək qalır”.

Bilik Fondunun Praqada keçirdiyi sərgi elmimizin təbliğinə yönəlib

Müşavirədə Bilik Fondunun “Azərbaycan elmi xaricdə” proqramı çərçivəsində Çexiyanın paytaxtı Praqa şəhərində keçirdiyi “Azərbaycanın geologiya elmi Çexiyada” sərgi-konfransının yekunları ilə bağlı hesabat dinlənilib, layihə üzrə həyata keçirilən tədbirlərin video və foto görüntüləri təqdim olunub. Fondun icraçı direktoru O.Səmədovun geniş təqdimatında layihə barədə ətraflı təəssürat formalaşıb.

Sərgidə iştirak edən azərbaycanlı alimlər layihənin davamlı olmasına imkanlar açıldığını bildiriblər. Akademik Arif İsmayılzadə deyib ki, bu layihə kompleks halında Azərbaycanın tərəqqisi yolunda elmi fəaliyyətimizin xaricdə təbliğinə çevrilib: “Belə görüşlər elmin, mədəniyyətin və təhsilin qloballaşma şəraitində inkişafı Çexiya-Azərbaycan əməkdaşlığının əhəmiyyətini möhkəmləşdirərək, dövlətimizin elm sahəsindəki fəaliyyətini dünyaya çatdırır. Azərbaycan neft və qaz yataqları ilə zəngindir, həmçinin xəritələrdə filiz və qeyri-filiz yataqları da göstərilib. Belə ki, müxtəlif tipli zəngin yataqların korrelyasiyasının bizim tərəfimizdən aşkarlanması Çexiya geoloqları üçün çox maraqlı oldu və Karlov Universitetindən olan həmkarlarımız bu sahədə əməkdaşlığa hazır olduqlarını bildirdilər”.

Təbiət Tarixi Muzeyinin direktoru, professor Tariel Eybətov Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası”nı təsdiq etməsini elmimizin inkişafına böyük töhfə kimi dəyərləndirib. Professor bildirib ki, Bilik Fondunun layihəsi qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməyə, kolleksiyaların və eksponatların mübadiləsini gerçəkləşdirməyə imkan yaradır: “Çexiyada biz Praqa Təbiət Tarixi Muzeyinin direktoru Jirina Daşkova və muzeyin paleontologiya şöbəsinin müdiri, tanınmış paleontoloq Jiri Kvacek ilə tanış olduq. Onlar gələn il Bakıya səfər etmək istəklərini dedilər və bizim muzey ilə əməkdaşlıq etmək arzularını bildirdilər”.

K.Abdullayev “Azərbaycan geologiya elmi Çexiyada” layihəsinin gedişindən razı qaldığını, layihə çərçivəsində ikitərəfli görüşlərin və birgə əməli tədbirlərin davamının zəruriliyini vurğulayıb. Bilik Fondunun “Dini abidələrdə tarixin izləri” layihəsi üzrə Bərdə İmamzadəsində daş kitabələrin və qəbirüstü yazıların oxunaraq tərcümə olunmasını, İmamzadə ərazisində aparılan abadlaşdırma işlərini, digər araşdırmaları diqqətlə izlədiyini bildirən dövlət müşaviri bu istiqamətdə görülən işlərin Azərbaycan tarixinə müəyyən töhfə verə biləcəyini deyib.

“Hər bir azərbaycanlı bu möhtəşəm əsərin cazibəsinə düşsün”

Dövlət müşaviri Fridrix fon Dits tərəfindən “Kitabi-Dədə Qorqud” dastanının “Təpəgöz” boyunun alman dilinə çevrilərək nəşr edilməsinin 200-cü ilinin yüksək səviyyədə qeyd olunmasına dair verdiyi tapşırıqların hansı səviyyədə yerinə yetirilməsi ilə də maraqlanıb.

Bilik Fondunun əməkdaşı Elnarə Əliyeva “Kitabi-Dədə Qorqud” – 200 – Fridrix fon Dits” proqramı ilə bağlı hesabat verib. E.Əliyeva tədbirlər planının təşkili üçün Fonda daxil olan xeyli sayda təkliflər barədə ətraflı məlumat verib. K.Abdullayev orta əsr oğuz xalqları yaradıcılığının möhtəşəm abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının təkcə filoloqlar deyil, cəmiyyətin bütün təbəqələri arasında təbliğinin əhəmiyyətini vurğulayıb: “Filoloqlar onsuz da “Kitabi-Dədə Qorqud” dastanı ilə yaxından tanışdırlar. Məqsədimiz mənəvi abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanının daha geniş əhali arasında təbliğinə nail olmaqdır. Qoy riyaziyyatçılar, iqtisadçılar, texnoloqlar, həkimlər, bir sözlə, hər bir azərbaycanlı bu möhtəşəm əsərin cazibəsinə düşsün”.

Maarifçilik işinin aparılması, dastanın hərtərəfli tədqiqi və əhaliyə çatdırılması üçün Bilik Fondunun qarşısında böyük işlər durduğunu deyən K.Abdullayev görkəmli alimlərdən və ictimai xadimlərdən ibarət işçi qrupunun yaradılmasını tövsiyə edib.

Sonda Dövlət müşaviri akademik K.Abdullayev iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.