beynelxalq kollekviumYanvarın 30-da Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits – 200” beynəlxalq kollokviumu işə başlayıb.
AzərTAc xəbər verir ki, tədbir Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi, oğuz türk dastanı “Kitabi-Dədə Qorqud”un alman diplomatı və şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə çevrilərək dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunub.
Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, kollokviumda “Kitabi-Dədə Qorqud” dastanının təbliğatı məqsədi ilə cari ildə keçirilməsi planlaşdırılan geniş tədbirlər planının müzakirəsi nəzərdə tutulur.
Azərbaycan ilə yanaşı, Türkiyə, Qazaxıstan, Rusiya, İtaliya və Gürcüstandan məşhur qorqudşünasların, türkoloqların, nəşriyyat rəhbərlərinin, araşdırmaçıların iştirak etdikləri tədbir çərçivəsində müzakirələr Bilik Fondu, BBMM və BSU-da təşkil olunacaq. Bundan əlavə, “Kitabi-Dədə Qorqud” dastanının araşdırılması və ilboyu təbliğatının aparılmasının konkret proqramı müəyyənləşdiriləcək, kollokvium üzvlərinin yekdil rəyi əsasında qərar qəbul ediləcək.
K.Abdullayev qeyd edib ki, “Kitabi-Dədə Qorqud” dastanının dünyaya tanıdılması Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, multikultural durumunun beynəlxalq aləmdə təqdim formalarından biridir. Dastanın “Təpəgöz” boyunun 1815-ci ildə elmi müstəviyə çıxarılmasının 200-cü ildönümü ilə əlaqədar tədbirlərin ölkə daxilində və xaricdə ilboyu keçirilməsi nəzərdə tutulur. “Kitabi-Dədə Qorqud” dastanının hərtərəfli tanıdılması məqsədi ilə elm adamlarının verdikləri təkliflər əsasında hazırlanan proqram kollokviumun əsas müzakirə mövzusu olacaq.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan artıq üçüncü dəfədir “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı kollokviumlara ev sahibliyi edir. Bu ədəbi abidənin geniş təbliği, təşviqi, Dədə Qorqud irsinin daha dərindən öyrənilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında Fərman, 1999-cu il fevralın 21-də isə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” Sərəncam imzalayıb. Ümummilli Liderin 2000-ci ildə imzaladığı növbəti Fərman isə “Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması” ilə bağlı olub.
Bildirilib ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Əsərdə vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənələri, Azərbaycan toponimləri əks olunub. Dastan dilimizin incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz mənbədir. “Kitabi-Dədə Qorqud” həm də dünyada dastan mədəniyyətinin zirvəsidir. Bu dastan türk təfəkkürünün dünyaya bəxş etdiyi unikal ədəbi abidədir.
İ.Həbibbəyli dastanda Azərbaycanla bağlı adı çəkilən coğrafi məkanlardan da söz açıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev 2000-ci ildə dastanın 1300 illik yubileyinin türkdilli ölkə rəhbərlərinin iştirakı ilə dövlət səviyyəsində qeyd olunduğunu xatırladıb. Bildirilib ki, yubiley çərçivəsində elmi, ictimai, siyasi və bədii nöqteyi-nəzərdən böyük işlər görülüb və bütün bunları yüksək qiymətləndirən Ümummilli Lider “Kitabi-Dədə Qorqud” ensiklopediyasının nəşrini böyük nailiyyət adlandırıb.
Akademik T.Hacıyev Azərbaycanda “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı aparılan araşdırmalardan, bu istiqamətdə görülmüş işlərin əhəmiyyətindən də danışıb.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar Oğuz türk dastanı “Kitabi-Dədə Qorqud”un alman dilinə tərcümə edilərək dünyada tanıdılmasında alman şərqşünası Fridrix fon Ditsin xüsusi rolunu qeyd edib. Dastanın dünya ədəbiyyatında tutduğu yeri diqqətə çatdıran AYB sədri şifahi xalq ədəbiyyatımızın bu möhtəşəm sənət abidəsinin təbliğinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ulu öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının təbliği və təşviqi istiqamətində imzaladığı mühüm sənədləri xatırladıb. Bildirilib ki, hazırda Prezident İlham Əliyev bu ənənəni əzmlə davam etdirir. 2013-cü ildə Dədə Qorqud parkı salınıb və “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılıb. Abidənin açılış mərasimində Prezident İlham Əliyev dastanı Azərbaycan xalqının milli sərvəti adlandıraraq qeyd edib ki, hər bir azərbaycanlı üçün əziz olan bu əsərdə xalqımızın həyat tərzi, məişəti, psixologiyası əks olunub.
UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi ilə əlaqədar UNESCO çərçivəsində dünyanın müxtəlif şəhərlərində yubiley tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O, bildirib ki, təmsil etdiyi qurum bu sahədə layihələrin həyata keçirilməsində əməkdaşlığa hazırdır.
Daha sonra mövzuya həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, professor Zümrüd Quluzadə, türkiyəli professorlar Mustafa Kaçalin, Hayati Dəvəli, Fikrət Türkmən, Qazaxıstandakı Beynəlxalq Türkoloji Mərkəzin prezidenti, professor Erden Kajıbek, İtaliyanın Sandro Teti nəşriyyat evinin rəhbəri Sandro Teti, Tbilisi Dövlət Universitetinin professoru David Qotsiridze və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, təklif və mülahizələrini bildiriblər. Natiqlər xalqlar və ölkələr arasında mədəni əlaqələrin genişlənməsində belə görüşlərin rolunu xüsusi vurğulayıblar.
Kollokvium yanvarın 31-də işini müzakirələrlə davam etdirəcək.