bbmmAzərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Himayəçilik şurasının sədri, akademik Kamal Abdullayev BBMM-də alimlərlə görüşüb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi tarixinin araşdırılması müzakirə edilib. Müzakirə zamanı alimlərin apardığı araşdırmaların, aşkarladıqları faktların tədbirlərdə və nəşrlərdə əksini tapması zərurəti vurğulanıb.

Tədbirdə, həmçinin ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinin tarixi mərhələləri barədə müzakirələr aparılıb. Tariximizdə çox böyük iz qoyan Türkmənçay müqaviləsindən sonra çar Rusiyasının bölgədə öz mövqelərini möhkəmləndirmək naminə erməniləri Azərbaycanın tarixi torpaqlarına köçürməsi siyasəti ətrafında fikir mübadiləsi aparılıb. Ağdərə rayonunda ermənilərin Marağa kəndinə köçürülməsi ilə bağlı vaxtilə Dağlıq Qarabağ ərazisində olan “Marağa-150” abidəsi bunu sübut edən əsaslı dəlillərdəndir.

Görüşdə bu abidə ilə bağlı tarixi gerçəkliklər, eləcə də ermənilərin ərazilərimizə köçürülməsinin digər faktları ətrafında “dəyirmi masa”nın keçirilməsi qərara alınıb.

Müzakirələrin sonunda mövzu barədə təkliflərin sistemləşdirilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə tarixçi alimlərdən ibarət təşkilat komitəsi yaradılıb.

18 mart 2015-ci il