yaradicilliq fonduAzərbaycan Yaradıcılıq Fondunun Himayəçilər Şurasının toplantısı keçirilib.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantını açan qurumun sədri akademik Kamal Abdullayev onun yaranma tarixindən, gördüyü işlərdən, yeni planlarından bəhs edib.
Fondun aparat rəhbəri Qismət Rüstəmov qurumun fəaliyyətinin yenidən təşkilində məqsəd və vəzifələrdən danışıb, Fondun fəaliyyət proqramındakı layihələrlə toplantı iştirakçılarını tanış edib. Yaradıcılıq Fondunun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi “Qurani-Kərim motivləri əsasında hekayə müsabiqəsi”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə “Kitabi-Dədə Qorqud” dastanının ilk dəfə dünyaya tanıdılmasının 200 illiyi ilə bağlı ölkə Prezidentinin imzaladığı Sərəncama əsasən “Basatın Təpəgözü öldürdüyü boy” və Fridrix Fon Ditsin bu boy və ümumən dastan haqqında yazdığı müqəddiməsinin 25 dilə tərcüməsi kimi artıq başlamış layihələr, eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə yaxın perspektivdəki layihələr barədə məlumat verilib.
Toplantıda Fondun fəaliyyət proqramı, gələcəkdə icra edəcəyi digər layihələrlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Himayəçilər şurasının üzvləri Azərpaşa Nemətov, Məryəm Əlizadə, Məryəm Seyidbəyli, Tehran Əlişanoğlu, Etibar Babayev, Asif Hacıyev, Sərdar Fərəcov, Ziyadxan Əliyev toplantıda maraqlı təkliflərlə çıxış ediblər.

3 aprel 2015-ci il