Azərbaycanın ən yeni tarixinin böyük bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Respublikaya rəhbərlik etdiyi dövrdə bu dahi şəxsiyyət dövlətimizi və xalqımızı tarixin ağır sınaqlarından çıxarıb, müasir Azərbaycanın etibarlı bünövrəsini yaradıb.
Ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Bakı Slavyan Universitetində (BSU) artıq altıncı ildir ki, “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda keçirilən ənənəvi Beynəlxalq konfrans bu il Ümummilli Liderin anadan olmasının 92-ci ildönümünə həsr edilib.
AZƏRTAC xəbər verir ki, konfransa hazırlıq işləri ilə bağlı aprelin 3-də BSU-da Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları, habelə BSU-nun rəhbərliyi, müəllim və tələbələrinin iştirakı ilə müşavirə keçirilib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri,, akademik Kamal Abdullayev iclası açaraq konfransa hazırlıq mərhələsində təşkilat komitəsinin qarşısında duran məsələlərin həlli istiqamətində görülən işlərlə maraqlanıb.
BSU-nun rektoru, professor Asif Hacıyev konfransa hazırlıqla bağlı məlumat verib, nəzərdə tutulmuş işlərin qısa müddətdə həyata keçiriləcəyini bildirib.
İclasda Heydər Əliyev irsinin tədqiqi və azərbaycançılıq ideyasının təbliğinə, ölkəmizdə multikultural cəmiyyətin xüsusiyyətləri və millətlərarası münasibətlərin, Azərbaycan tarixi və mədəniyyətinin, dil və ədəbiyyatının aktual problemləri ilə bağlı bölmələrin təşkili, qonaqların qarşılanması və yerləşdirilməsi, mədəni tədbirlər planının hazırlanması, mətbuatın işə cəlb olunması, konfrans materiallarının çapı ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.
Həmçinin Xocavənd, Qax, Beyləqan, Tərtər və digər ərazilərdə keçiriləcək tədbirlərlə əlaqədar geniş fikir mübadiləsi aparılıb, xarici qonaqların Azərbaycanın tarixi yerləri ilə tanışlığının nəzərdə tutulduğu vurğulanıb.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, o cümlədən digər məsul şəxslər çıxışlarında konfransa hazırlıq çərçivəsində görülən işlərdən danışaraq, bir sıra təkliflər irəli sürüblər.
Müşavirə çərçivəsində multikulturalizm fənninin həm Azərbaycanda, həm də dünyanın altı tanınmış ali təhsil müəssisəsində tədrisindən danışan akademik K.Abdullayev fənnin tədrisi ilə bağlı treninqi məqbul səviyyədə başa vuran müəllimləri sertifikatlarla mükafatlandırıb. Dövlət müşaviri bu istiqamətdə atılacaq addımlardan, gələcək planlardan danışıb.
3 aprel 2015-ci il
Şərh yoxdur