Pərdə açılır, bu, bir səhnədir…
Tamaşaçılar, nə qədər çiçək…
Kimsə əl çalır, kimsə əl edir,
Hər şey tanışdır köhnə nağıl tək.
Səhnədə bizik – sənsən və mənəm,
Bir də sevgimiz – tükənməyəcək.
Sən yenə mənim sevgi dəfinəm,
Hər şey əzizdir köhnə nağıl tək.
Hamı dəribdir son nəfəsini,
Nə gözləyir bu adamlar bizdən?!
Qaçıb hər şeydən, udub səsini,
Bayılıcaqlar hənirtimizdən.
Nə gözləyir bu adamlar bizdən?!
Bilirmi onlar pərdə düşən tək
Qaçıb, gizlənib naməhrəm gözdən
Bizim sevgimiz ölüb gedəcək?!
Bilirmi onlar, bilirmi onlar,
Bu eşqin ömrü bir tamaşadı?!
Hər şey bitəcək, hər şeyə son var,
Bizi ancaq bu səhnə yaşadır.
Amma necə də bizə baxırlar,
Bu eşqimizi ölməz bilirlər.
Amma nə böyük ürəkləri var,
Göz yaşlarını gizli silirlər.
Sən yenə böyük, sən ölməz idin,
Və sən sevirdin, and içərəm mən.
Və sən sevirdin, bəli, sevirdin,
Mənim sevimlim, mənim biçarəm.
Pərdə enəcək, hər şey bitəcək,
Mən getməliyəm, sən getməlisən.
Hər şey dumanda, çəndə itəcək,
Mən itməliyəm, sən itməlisən.
Bizi səhnəyə çıxaranlara
Öz eşqimizi bir də oynayaq.
Burada oyun axtaranlara
Həyat bəxş edək, həyat biz ancaq.
Və çıxıb gedək, və nifrət edək
Pərdə enən tək bir-birimizə.
Bu bir sirdir köhnə nağıl tək,
Məxsusdur bizə, agahdır bizə.
Alın yazımız belə yazılıb,
Bu sirli sevgi indi bitəcək.
Bax elə indi, lap azca qalıb,
Hər şey aydındır köhnə nağıl tək
Pərdə bağlanır, bu da son, axır,
Mıxlanmışıq biz buraya nədir?
Bəs niyə bizi göz yaşı boğur –
Bu ki oyundur, bu ki səhnədir.
Pərdə bağlanır, bitir sevgimiz,
Biz getməliyik, xoş qalın sizi.
Pərdə bağlanır, bəs nə üçün biz
Yenə sevirik bir-birimizi?!
Şərh yoxdur