berde imamzadesi berpaAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dini abidələrdə tarixin izləri” proqramı çərçivəsində Bərdə İmamzadəsinin abadlaşdırlması, kompleksin tarixinin öyrənilməsi, təbliği layihəsinin icrası başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə aprelin 13-də İmamzadə kompleksində görülmüş işlərin təqdimatı keçirilib. Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Bilik Fondunun əməkdaşları, Milli Elmlər Akademiyasının alimləri, Bakı Slavyan Universitetinin müəllim və tələbələri, Bakı Elitar Gimnaziyasının, Qəbələ rayonu Nic kənd tam orta məktəbinin şagirdləri, rayon ziyalıları və bölgə dindarları iştirak ediblər. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.

Mərasimdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ölkəmizdə dini-tarixi abidələrə göstərilən diqqət və qayğıya, o cümlədən Bərdə İmamzadəsinin bərpasına görə görə Prezident İlham Əliyevə, Bilik Fonduna minnətdarlığını ifadə edib. Bildirib ki, Bərdə İmamzadəsinin bərpası ölkəmizdə dini və tarixi abidələrə olan diqqət və qayğının təzahürüdür.

Vurğulanıb ki, İmamzadə kompleksində 5-ci imam Məhəmməd Bağırın nəvəsi İsmayıl dəfn olunub. Ona görə də ziyarətgah əsrlər boyu el arasında İmamzadə adlanıb. İnşa ediləndən 4 əsr sonra, 1200–cü illərdə İbrahim adlı tacir öz vəsaiti hesabına qəbir üzərində minarəli türbə tikdirib. Sonrakı dövrlərdə isə kompleksin ərazisində Fətəli Şah Qacarın oğlu Abbas Mirzənin böyük oğlu Bəhmən Mirzə və ailəsinin, Qarabağ xanlarının, bəyzadə və övliyalarının çoxlu nümayəndəsi, Bərdənin bir sıra nüfuzlu şəxsləri dəfn edilib. Bunu 68 daş və qəbirüstü yazı sübut edir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev ölkəmizdə milli-mənəvi dəyərlərə, tarixi-dini abidələrə göstərilən diqqətdən bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin dini abidələrə verdiyi dəyər, Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlər bizi ruhlandırdı ki, Bilik Fondunun xətti ilə Bərdə İmamzadəsini bərpa edək.

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov “Dini abidələrdə tarixin izləri” proqramı çərçivəsində Bərdə İmamzadəsinin bərpası layihəsi barədə məlumat verib. Qeyd edilib ki, Bilik Fondu “Məscid kitabxanası” layihəsinin də icrasına başlayıb. Lyihə çərçivəsində İmamzadə kompleksinə 200 adda kitab hədiyyə olunub.

Mərasimdə Mirmövsüm ağa ziyarətgahı dini icması tərəfindən də İmamzaə kompleksinə hədiyyələr təqdim edilib.

Bərdə şəhər Cümə məscidinin axundu hacı Ramazan Hüseynov və başqaları çıxış edərək ziyarətgahda görülən işləri Azərbaycan Prezidentinin Qarabağın tarixinə və qarabağlılara dərin sevgisinin göstəricisi kimi dəyərləndiriblər.

Tədbir iştirakçıları İmamzadə kompleksində yaradılan şəraitlə tanış olublar. Layihə çərçivəsində abidənin ümumi görünüşünə heç bir müdaxilə edilmədən yerli ustalar tərəfindən abadlaşdırma işləri aparılıb. XVII-XIX əsrlərə aid ərəb və fars dillərində qəbirüstü yazılar və daş kitabənin mətni dilimizə çevrilərək müasir əlifbamızda dəmir lövhəyə köçürülüb. Türbənin kümbəz tipli dam örtüyünün sıradan sıxmasının qarşısı alınıb, həyətdə 144 kvadratmetr tamet meydança, 115 kvadratmetr sahədə çaydaşından səkilər düzəldilib, yaşıllıqlar salınıb.

Görülmüş işlər sayəsində Bərdə və ətraf bölgələrdən buraya ziyarətə gələnlər qəbirüstü yazılardakı Quran ayələrini, hikmətli söz və kəlamları oxumaqla yanaşı, burada dəfn edilən mərhumların kimliyini də öyrənirlər.

Tədbir iştirakçıları sonra Bərdə şəhərindəki Heydər Əliyev adına park-bulvarla tanış olublar.