Kamal Abdulla dünyasında “Kitabi-Dədə Qorqud” <b style="color:red"></b>

Azərbaycan xalqının dünyaya bəxş etdiyi ən nadir incilərdən olan “Kitabi-Dədə Qorqud” eposunun görkəmli yazıçı, alim Kamal Abdullanın istər bədii, istərsə də elmi yaradıcılığında mühüm yer tutduğu hamıya bəllidir.

Kamal Abdullanın elmi və bədii fəaliyyətində müşahidə olunan bu vəhdət onun bütövlükdə yaradıcılığını səciyyələndirən bir keyfiyyətdir. Akademik K.Abdullanın elmi əsərləri intellektual axtarışların məhsulu, yazıçı K.Abdullanın bədii əsərləri isə bu elmi axtarışların poetik müstəvidə davamıdır.

K.Abdullanın “Kitabi-Dədə Qorqud”dan qaynaqlanan yaradıcılığı (həm bədii, həm də elmi) o qədər əhatəli, tutumludur ki, onu bir yazıda cəmləşdirib təhlil etmək, ifadə etmək mümkün deyil. K.Abdullanın yaradıcılığının bu hissəsinə yalnız hissə-hissə toxunmaq olar. Məhz toxunmaq. Çünki hətta bir hissəni ayrıca götürüb təhlil etdikdə belə onu lazımınca əhatə edə bilmədiyinin fərqinə varırsan.

Biz yazıçı Kamal Abdullanın Dədə Qorqud motivləri əsasında yazdığı “Beyrəyin taleyi” və “Casus” pyeslərinə toxunmaq istərdik.

Bu pyeslər öncə orijinal bədii tutumu ilə diqqəti çəkir. Müəllifin ustalığı ondan ibarətdir ki, o, pyeslərində təzadlı məqamları bir-biri ilə əlaqəli şəkildə qovuşdura bilib. Süjetin sadəliyi məzmunun məna gözəlliyi ilə qovuşaraq kompozisiya mürəkkəbliyi yaradıb. Daha bir təzad isə burada komikliklə ciddiliyin son dərəcə orijinal və inandırıcı şəkildə birləşdirilməsindən ibarətdir.

Süjet zahirən komikdir. Boğazca Fatma Oğuz bəylərini öz sözləri ilə inandıraraq, dolayır. Lakin bu komikliyin altında ciddi bir faciə görünür. Oğuz elinin birliyi, İç Oğuzla Dış Oğuzun parçalanması, qardaş qırğını sürətlə yaxınlaşır.

“Casus” və “Beyrəyin taleyi” pyesləri bir-biri ilə məzmun strukturuna görə sıx bağlıdır. Janrına görə “Casus” komediya, “Beyrəyin taleyi” dramdır. Eyni zamanda, vurğulamaq lazımdır ki, bunlar tamamilə fərqli əsərlərdir.

“Beyrəyin taleyi”ndə müəllif Oğuz tayfaları arasında baş verən gah açıq, gah da gizli düşmənçilikləri, qəbilələr arasındakı anlaşılmazlığı ön plana çəkir. Beyrək isə bu düşmənçiliyin və anlaşılmazlığın qurbanıdır.

K.Abdulla “Gizli Dədə Qorqud” monoqrafiyasının “Beyrəyin taleyi” fəslində yazır: “Beyrəyin taleyi onun özünün açıq və gizli şəkildə əlaqədar olduğu adamların taleyindən aralı deyil — bu talelər rəngbərəng iplərin kələfi kimi qəribə bir nöqtədə qaynayıb qarışıb. Bəzən bu nakam qəhrəmanın taleyi öz əlində olub və öz istəyincə bu taleyi ifadə edib. Bəzən də tale kələfinin ipi Beyrəyin özündən də xəbərsiz başqalarının əlinə keçib”.

Münaqişə necə başlayır? İlk baxışda səbəb sadə görünür.

“Üç ox, boz ox yığnaq olsa Qazan evi yağmaladardı. Qazan geri evin yağmalatmadı. Amma Dış Oğuz belə bulunmadı. Hamın İç Oğuz yağmaladı.

Qaçan Qazan evin yağmalatsa, halalının əlin alır, dışarı çıxardı. Ondan yağma edərdilər.

Dış Oğuz bəylərindən Aruz, Əmən və qalan bəylər bunu eşitdilər.

Ayıtdılar ki:

— Bax! Bax! Şimdiyə təkin Qazanın evin belə yağma edərdik. Şimdi neçin belə olmayavuz? — dedilər.

İttifaqən cəmi Dış Oğuz bəyləri Qazana gəlmədilər. Ədavət elədilər”.

“Kitabi-Dədə Qorqud”un “Bamsı Beyrək” boyunda Dış Oğuz bəylərindən Aruz, Əmən, Alp Rüstəm və adları çəkilməyən digər bəylər “Biz Qazana düşməniz, bəlli bilsin” deyərək and içirlər. Onlar Qazanın sadiq silahdaşı Beyrəyi də Qazana asi etməyə çalışırlar, çünki Beyrək onlardan qız alıb.

İlk baxışda sirr kimi görünən hər nə varsa dastanın dərin, iç qatlarından çıxarıla bilər. “Casus” pyesi də sirr və onun açılması üzərində qurulub. Bu pyesdə “Kitabi-Dədə Qorqud”un heç bir bir boyundan istifadə olunmayıb, lakin iştirakçılara diqqət etmək lazımdır: Dədə Qorqud, Qazan xan, Burla Xatın, Boğazca Fatma, Beyrək, Aruz Qoca, Şirşəmsəddin. Deməli, Dədə Qorqud qəhrəmanları K.Abdullanın öz bədii təxəyyülü ilə yaratdığı “Casus” pyesində iştirak edirlər.

Bəs “Casus” pyesindəki sirr nədən ibarətdir? Bunu Beyrək Qazan xana söyləyir: “Oğuzda casus var”.

“Beyrək: Ağam Qazan. Bu sirri mənə hələ Bayburd hasarında açıb dedilər. Əvvəl-əvvəl inanmadım. Düşmən sözüdü dedim. Sonra gördüm yox, həqiqətdi bu söz.

Qazan: Həqiqətdisə, acıdı bu həqiqət. Dedilərmi kimdi casus? Bəlkə səni boşuna başdan eləyiblər?”

Beləliklə, dramaturji konfliktin əsası qoyulur. Beyrəyin bu xəbərindən sonra Qazan xan sadiq silahdaşı Şimşəmsədinlə təklikdə görüşür. Lakin Şirşəmsəddin də Beyrək və Qazan kimi casusun kim olduğunu təxmin edə bilmir. Bundan sonra Qazan xanla Oğuzun bilicisi Dədə Qorqud arasında mükalimə başlayır. Dədə Qorqud casusun kim olduğunu Qazan xana söyləyir: “Oğuzda Boğazca Fatma deyilən bir arvad var. Özünüzü xam göstərməyin. Hamınız yaxşı tanıyırsınız onu. Gəncliyində gözəldimi, gözəl deyildi. Ayaması vardı — onu da bilirsiz. Sizlərə görəydi bu ayama. Qırx oynaşlı Boğazcı Fatma. Yadınıza düşdü? Kim çaşıb yanınızdan keçdisə, boğaza qaldı. Amma çifayda, ömründə bircə oğul övladı oldu Fatmanın! Bütün mehrini, məhəbbətini də bu oğlana bağladı. Babası kimdi, heç kim bilmir. Sirr sizindi indi, Qazan. Boğazca Fatmanın oğludu kafirin casusu, biləsən”.

Beləliklə, casusun kim olduğu açıqlanır. Bəs, casusun anası Boğazca Fatma kimdir? “Kitabi-Dədə Qorqud”un “Bamsı Beyrək” boyunda Beyrək ox atmaq yarışından qalib çıxır və Qazan xan ona deyir ki, “Dilə məndən nə dilərsən”. Beyrək deyir ki, heç nə istəmirəm, şülən yeməyinin yanına varmaq istəyirəm. Beyrək qarnını doyurduqdan sonra, yenə Qazan xanın iznilə qızların yanına varır. Burda Qazan bəyin xatunu boyu uzun Burla Xatun, Qısırca Yengə, Banıçiçək, Boğazca Fatma və digər qızlar-qadınlar əyləşiblər. Beyrək “Ərə varan qız qalxa oynaya” deyir. Əvvəlcə Qısırca Yengə durub oynayır. Beyrək onun kim olduğunu söyləyir. “Ondan sonra Boğazca Fatma derlərdi bir xatun vardı, ona ayıtdılar:

“- Çal mərə dəli ozan, ərə varan qız mənəm, oynayım — dedi.

Dəli Ozan aydır:

And içəyim bu gəz, boğaz qısrağa mindiyim yox
Minibəni qazavata vadığım yox.
Hay mən səni xub tanıram
Eviniz ardı dərəcik deyildimi?
İtiniz adı Bəraq deyildimi?
Sənin adın qırx oynaşlı
Boğazca Fatma deyildimi?
Yürü, var yerinə otur! Oynamağıl!
Yoxsa dəxi eybin açaram, bəlli bilgil! — dedi.

Böylə degəc Boğazca Fatma aydır:

— Boy, bu dəli boğma çıxaracaq olanca eybimizi qaqdı. Dur qız! Oynarsan oyna, oynamazsan cəhənnəmdə oyna! Beyrədən sonra başına bu hal gələcəyin bilirdin”.

Deməli, dastanda yalnız bir boyda — “Bamsı Beyrək” boyunda Boğazca Fatma adı çəkilir, amma bu bircə səhnədə Boğazca Fatmanın kimliyi, səciyyəsi tam açılır və bundan da artıq təsvirə zərurət duyulmur. Belə epizodik, yalnız bir anda görünüb bir də xatırlanmayan surətlər boylarda az deyil.

Kamal Abdulla isə bu epizodik surəti “Casus” pyesinin mərkəzi və dinamik obrazlarından birinə çevirib. Eposda onun yalnız “qırx oynaşlı” bir qadın olmasından söz açılır, casus olub-olmaması barədə heç nə deyilmir.

“Beyrəyin taleyi” pyesində olduğu kimi, “Casus”da da Dədə Qorqud obrazı “boy boyladı, söy söylədi” funksiyasını deyil, həm də aparıcı obraz missiyasını yerinə yetirir, hətta hadisələrin axarını istiqamətləndirir. Belə ki, Oğuz tayfaları arasında casusluq edənin kim olduğunu Qazan xana o söyləyir, ancaq Boğazca Fatmanı da məsələdən xəbərdar edən o özü olur.

Niyə, nə səbəbə? Bu məqamda Dədə Qorqudu qınamaq olarmı? Oğuz elinin bilicisi niyə Oğuz elinə xəyanət edən bir casusu hifz edir?

“Kitabi-Dədə Qorqud”a diqqət yetirdikdə görürük ki, bütün boylarda Dədə Qorqud xeyirxahlıq və təəssübkeşlik mövqeyindən çıxış edir. Bu cəhəti eposun tədqiqatçıları dönə-dönə qeyd ediblər. Dastanda qəhrəmanların hər uğurlu qələbəsindən sonra Dədə Qorqudun söylədiyi alqışlar, etdiyi dualar (“Kölgəli qaba ağacın kəsilməsin! Qadir səni namərdə möhtac eləməsin! Çaparkən ağ-boz atın büdrəməsin! Çalışanda qara polad üz qılıncın kütləşməsin!”) da buna bir sübutdur.

Kamal Abdulla bu mənada haqlıdır ki, Dədə Qorqud bir Oğuz xəyanətkarının öldürülməsini də bir ananın dərdə-müsibətə düçar olması kimi qəbul edir, yəni hər məqamda Oğuzun təəssübkeşi kimi çıxış edir. Məhz bu səbəbdən casusun kim olduğunu söyləsə də, o biri yandan da məsələyə insani mövqedən yanaşır, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edir, ona ölümdən xilas yolunu göstərir.

Azərbaycan folklorunun şah damarı olan “Kitabi-Dədə Qorqud” eposunda sözün həqiqi mənasında qeyri-adi bir mənəvi qüdrət mövcuddur. Epos bizi əhatə edən aləmi sanki iki rəngə — ağa və qaraya boyayır, insanların hərəkətlərini xeyrə və şərə bölür. Nəyin yaxşı, nəyin pis olduğunu qiymətləndirmək haqqı isə eposda Dədə Qorqudda qalır.

“Kitabi-Dədə Qorqud” qəhrəmanlıq eposu, həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir.

Dramaturgiyamızda “Kitabi-Dədə Qorqud” motivləri əsasında ilk bədii əsər ötən əsrdə, İkinci Dünya müharibəsi illərində Ə.Dəmirçizadə tərəfindən qələmə alınsa da, sonralar bir müddət dramaturqlar bu mövzuya qayıtmadılar. Yalnız 1970-ci illərdə Altay Məmmədov “Dəli Domrul” pyesini qələmə alandan sonra səhnədə Dədə Qorqud dünyasına qayıdış gücləndi.

“Kitabi-Dədə Qorqud”da dramaturji elementlər olduqca güclüdür, klassik və müasir dram əsərlərinə xas konfliktlərə eposun hər boyunda təsadüf etmək olar. Dramaturqları Dədə Qorqud boylarına çəkib gətirən də həm dramaturji xammal, həm də dastanın indiyədək aktuallığını itirməyən ideyalarıdır. İstər K.Abdullanın, istərsə də M.A.Dağlının, V.İbrahimoğlunun, A.Məmmədovun, N.Xəzrinin pyeslərində eposdan gələn ideya və motivlər müasir həyatın, çağdaş gerçəkliyin problemləri kontekstində işıqlandırılıb. Bu baxımdan “Kitabi-Dədə Qorqud” boylarından qaynaqlanan dram əsərləri eposun mövzu və ideyalarının teatral üsul və maneralarla yenidən xalqa çatdırılmasında və gənc nəslə mənimsədilməsində mühüm əhəmiyyət kəsb edir.

Dədə Qorquddan ilhamlanan pyes müəlliflərinin bəzisi boylardakı mətnə çox, bəzisi az müdaxilə etsə də, onların hamısı Dədə Qorqud dövrünün koloritini, ictimai-siyasi mənzərəsini saxlamağa çalışıblar.

“Casus” pyesində yazıçı Kamal Abdulla “Kitabi-Dədə Qorqud” eposuna tamamilə sərbəst yanaşıb. Ancaq istər “Casus”, istərsə də “Beyrəyin taleyi” pyesində müəllifin bütövlükdə elmi və bədii yaradıcılığında əksini tapan bir şövqü aydın duyulur: Dədə Qorqud kodlarını açmaq, məsələyə “Gizli Dədə Qorqud” bucağından yanaşmaq eşqi. Bu baxımdan Kamal Abdullanın hətta zahirən “Kitabi-Dədə Qorqud” boylarının mətni ilə əlaqəsi minimum səviyyədə olan bədii əsərləri də Dədə Qorqud dünyasının bir parçasıdır. Bu, zahiri yox, batini əlaqədir. Bu, süjetdəki yox, mənalardakı əlaqədir. Və həmin mənaların sayəsində biz Dədə Qorqud süjetlərini daha yaxşı dərk edib, daha dərindən kəşf etmiş oluruq.

Gülnarə ABBASOVA