Nələr arzuladıq, nələr qazandıq,
Hələ nələri də itirəcəyik.
Yollara sarılıb biz də uzandıq,
Yollar şahə qalxıb göyə dirəndi.
Hələ nələri də itirəcəyik,
Gözündən görürəm bu dost itəcək.
Yalın ayağıma batmaq istəyib,
Yolun ortasında tikan bitəcək.
Ən gümanlı yerə güman dalıyca –
Dənizə su üçün, göyə su üçün!
Səninki bildiyin müqəddəs, uca
Ətəyi namazlı bir arzu üçün…
Bu arzu dalıyca yüyürən zaman
Qəfildən bu gözəl nağıl bitəcək.
Tikanı hərlənən iz – dəmirdaban,
İzindən bilirəm bu dost itəcək.
Hələ nələri də itirəcəyik,
Bu dərs olmayacaq yenə də bizə.
İtmişə əvəz də gətirəcəyik –
Yenə çiyin-çiynə, yenə diz-dizə…
Hər şey təzədən?…
Hər şey təzədən!…