Ağacəfər Həsənli
Dünya səni qocaltdı, yaşıdın olsun deyə,
Gömüldü dərdin yerə, ucaldı ahın göyə.
Əli Kərim
Şeirdə Füzuli ucalığından ucalıq, Füzuli dərinliyindən dərinlik tanımıram. Orta məktəb illərindən üzü bəri şairin xeyli sayda qəzəli, qəsidəsi, qitəsi, rübaisi, mərsiyəsi (yüzdən yuxarı) yaddaşımda hopub qalıb. Həmin nümunələri ayrıca vurğunluqla (bəlkə də aludəçiliklə) özüm üçün (sonra dostların təkidiylə onlar üçün) əzbərdən söyləyir, zümzümə etməklə həzz almaqdan doymurdum. Nəydi səbəbi? Axı, ərəb, fars, qədim türk dillərinə məxsus və mənsub sözlərin əksəriyyətinin mənasını bütövlükdə yeniyetməykən anlamaq müşkül məsələydi. Çox sonra başa düşdüm ki, ey dili qafil, məni o dövrlərdə Füzuli şeirinin məzmunundan, hikmətindən, mətləbindən “füzun” havası vururmuş. Deməli, yaddaş Füzuli sözünün sehrini kor-koranə götürməyibmiş. Füzuli şeirinin sirri və eşqi məni hərcayi aldatmayıbmış:
Eşqdir aləmdə hər nə var,
Elm bir qeylü-qal imiş ancaq.
Şübhəsiz, Mir Cəlalın, Məmməd Cəfərin, Əkrəm Cəfərin, Sabir Əliyevin, Rəfael Hüseynovun (Əli Fəhminin şifahi söylədikləri) tədqiqatlarını, məqalələrini oxudum və Füzulini xeyli dərk etdim, özümünküləşdirdim. Əlbəttə, böyük şairin poetikasından bəhs edən hər sanballı kitab mənim üçün incidir, tapıntıdır, Füzulinin yaradıcılığını öyrənməkdə yardımçıdır. Axı, hər yazı bir təcrübədi, “gəl təcrübə eylə mən-zəifi” deyir şairin özü (Söz nəhənginin yumorla, ibarəylə, qəribə kinayəylə özünə “mən-zəifi” söyləməyi başqa mövzudu). Kamal Abdullanın “Mənim Füzulim” kitabı (Bakı, Mütərcim, 2019) isə Füzulişünaslıqda, Füzuliyə yanaşmada tam yeni mərhələ, özünəməxsus baxış, çağdaş düşüncə-esse toplusu, modern hiss-duyğu, hüdudsuz idrak məhsuludur. Qısası, nasir, alim, şair, dramaturq Kamal Abdullanın “Mənim Füzulim”i hamının Füzulisidir.
Tədqiqatçı-esseçi Füzuli irsini sintezdən keçirərkən və qeyri-adi şəkildə şəxsiyyətini öyrənmək istəyinə düşərkən yalnız yeganə tutarlı vasitədən istifadə edir – şairin şeirindən. Sözünün ətəyindən tutan “Mənim Füzulim”in müəllifi ideal doğru qənaətə gələrək göstərir ki, şair var gecə-gündüz göylə əlləşir, fikri-xəyalı daim səmada, asimandadı, şair də var, səhər-axşam yerdədi, cahanda nə baş verirsə, yer üzündə nə əks-səda tapırsa, sözündə özünü büruzə verir. Füzuli kimi sənətkar isə nə yer adamıdı, nə göy, nə gen dünyaya sığışır, nə də nəhayətsiz fəza aləminə – o, həm yerdə dolaşır, həm göydə. “Addım-addım, misra-misra, qafiyə-qafiyə bu insana yaxınlaşdığını” etiraf edən Kamal Abdulla yazır: “Göylə Yer arasında var-gəl edən ikinci şəxs təsəvvür etmək çətindir”. Və yaxud “Kimsə də Yerlə əlləşir, başını qaldırıb Göyə baxmağı belə yadına salmır, ya da buna sadəcə həvəsi olmur. Məsələn, Servantes kimi, Sabir kimi… Füzuli isə Yerdən Göyə və Göydən Yerə gözəgörünməz surətdə gedib-qayıdan bir Səyyahdır. Onun səyahəti öz-özlüyündə bir aləmdir” (“Eşqdir aləmdə hər nə var”).
“Mənim Füzulim” esselər toplusundan sətirlər: “Bütün intibah əhli əqli eşqə qurban verdi. Füzuli də həmçinin. Çünki o, artıq gəlmişdi. Özündən xəbərsiz. Özündən rizasız. Qarşıda onu gözləyən qəmi, dərdi, möhnəti tədbirlə yığıb-yığışdırmağın mümkünsüzlüyü onu qorxutmurdu. O bilirdi ki, artıq geriyə yol yoxdur”. Bu çarəsizliyin, çıxılmazlığın əlacı ondan “qisas almaq” idi. Füzuli bu qisası artıqlaması ilə aldı. Etiraf və zəmanəyə etirazından da qalmadı: “Gəldim, geri dönmək olmaz oldu”.
Cəmi 6 hissədən (fəsildən) ibarət kitaba müəllif özünəməxsus, bənzərsiz, orijinal forma seçib. Bu ümumi başlıqların dördündə Füzuli xatırlayır. Nəyi xatırlayır düşüncələr aləmində vurnuxan “qoca” şair? (bu qocalığın özü də bir ironik deyimdi, axı, Məhəmməd Füzuli vur-tut 63 il yaşayıb və bu yaşın adamına “qoca”, ahıl demək azı günahdı). Şairin üç qəzəlindən və bir qitəsindən götürülmüş başlıq nümunələrinə diqqət yetirək: “Deyildim mən sənə mail…” (eyni zamanda, formaca gəraylı), “Ey Füzuli…” (özünə öz ədəbi qəhrəmanı kimi müraciət ənənəsi bir çox qəzəllərində mövcuddur), “Bir dərdli macəra imiş eşq… (bu dərdli macəra şairi azdırmır: məsələn, “Eşq dərdinin dərmanı qabili dərman deyil. Tərki-can derlər bu dərdin mötəbər dərmanına”. Və yaxud “Eşqdən canımda pünhan bir mərəz var, ey həkim. Xəlqə pünhan dərdimi izhar qılma zinhar, ey həkim” və s. hələ bu möhtəşəm beytlərin izahı, təhlili bir yana), daha bir Füzuli xatırlaması, “Tifl həm cövlan edər, amma ağacdan atı var…” (yeniyetməykən, tifil ikən, cocuq ikən qırğı atını dəhmərləyib azmı yorğalamışıq?) Görünən kəndə nə bələdçi – beytlər, yarımmisralar, müraciətlər keçmiş zamandadı. Şair “cövrü-dövründən” yalnız keçmişdə yaşamış şəxs qismində danışır, şərh verir.
Bu unikal yanaşma metodu Kamal Abdulla esselərini ecazkar dərəcədə zinətləndirir, mənzərəsini yaradır. Dahi Füzuli, ustad müəllif, sıravi oxucu üçbucağı peyda olur. Kitabın son iki hissələri – “Səbr eyləmə, eylə tərki-aləm…” və “Məndə Məcnundan füzun aşiqlik istedadı var” adlanır. Birincisində “Füzuli səsləyir”, haray-həşir qoparmır, asta-asta, pıçıltıyla, sanki kimisə oyadır, (oyadar xəlqi əfğanım) köməyə çağırır, sonuncu hissəyə – finala, yekuna isə Kamal Abdulla “Füzuli inanır” sərlövhəsini qoyub (Baş qəhrəmanın Məcnuna bu və ya başqa şəkildə müraciətləri təkcə “Leyli və Məcnun” ədəbi abidəsində deyil, Füzuli qəzəllərinin xeyli hissəsində yer ayırıb. Misal çəkək: “Məcnuna seyri-səhra, Fərhada zövqü-surət. Bir rahət içrə hər kəs, ancaq mənəm bəladə”. Digər qəzəldə: “Məndə sakin oldu dərdi-eşq Məcnundan keçib, Ondan artıqdır məgər eşq içrə təmkinim mənim”. Və ya: “Qəm yolunda mən qalıb, getdisə Məcnun, yox əcəb, Sayruya düşvardır həmrahlıq etmək sağ ilən).
Kamal Abdullanın təkcə seçdiyi misallar, sitatlar deyil, müqayisələri də möhtəşəm və rəngarəngdir. O, Füzulini (Füzulişünaslıqda ilk dəfə) intibah dövr və XV-XVI əsr Avropa təsviri sənətinin ən qüdrətli simaları sayılan Mikelancelo, Rafael, da Vinçi ilə qarşı-qarşıya qoyur. Sözün rənglə və ya rəngin sözlə ifadəsi. Bu müqayisəli super qarşıdurmada (həm də yaxınlaşmada) Kamal Abdullanın haqlı qənaəti budur ki, Yer üzünün müxtəlif məkanlarında yaşamış, şedevrlər yaratmış nəhənglər bir-birindən xəbərsiz surətdə bəzən eyni mahiyyətə varmış, qısası, biri digərini təkrarlamışdır. Baxmayaraq, kimisi rəssam, kimisi şair doğulmuşdur. Müəllifin sübutları inandırıcıdır, oxucu ruhunu tərpədir, ərə-qana doldurur, qidalandırır. “… uzaq İspaniyada bir senyor əlinə taxtadan cüda alaraq ağac ata oxşar Rosinant adlı bir yabıya minib həqiqətən də “bir tifil kimi dörd yana cövlan edir, min bir oyundan çıxardı” (“Tifl həm cövlan edər, amma ağacdan atı var”).
Təkrarsız Azərbaycan rəngkarı Səttar Bəhlulzadənin qrafik əsərləri kitab boyu səpələnmiş, fikir və mühakimələrin dadını-duzunu artırmış, Kamal Abdullanın mülahizələrini dolğunlaşdırmışdır. Sirr deyil ki, Səttar Füzuli qəzəliyyatını dəruni məhəbbətlə sevmiş, necə deyərlər, əzbərləməkdən “usanmamışdır”.
Yerinə düşsə də, düşməsə də, Kamal Abdulla demişkən, kiçik bir “ricət”. Bakıda Sabirin heykəli ucaldılan yığcam bağda çayxana vardı (indi yoxdu). Hərdənbir bu çay evində Səttar Bəhlulzadə görünürdü. Yaşıl gözləri, uzun barmaqları, çiyninə tökülmüş çal saçları həmişə yaddaşımdadır. Armudu stəkanda çay içdiyi məqamlarda dahi rəssam sakit idi, heç kəsin xətrinə dəymir, bostanına daş atmır, sözünü-sovunu kəsmirdi. Deyirlər ki, bir gün özündən çıxır, qəzəbi yerə-göyə sığmır, çayxananın qapısından ayağını içəri qoymur. Adamlar hörmət-izzətlə Səttarı çaya dəvət edirlər. Əsəbindən gözləri hədəqəsindən çıxmış rəssam heyrətlə
Nə gördü badədə, bilməm ki, oldu badəpərəst,
Mürid məşrəbü zühhad gördüyüm könlüm
– deyə əhli-çayxanaya müraciət edir və soruşur: “Başa düşdüzmü?” Təbii və mənalı surətdə hamının bir-birinə baxdığını, heç kəsin cınqırını çıxarmadığını görən Səttar Bəhlulzadə sualının cavabını da Səttarsayağı verir: “Başa düşməzsiz, çünki hamınız rəiyyət nəslisiniz” və sakitcə gedib dinməz-söyləməz çayxananın bir küncündə əyləşir…
Füzulinin xatırlamaları, səsləməsi, inamı. Əslində, bütövlükdə “Leyli və Məcnun” poeması xatırlamadır. Bu ərəb dastanını şairin sələfləri neçə əsr öncə dönə-dönə işləmiş, məlum hadisələri hər kəz öz üslubuna uyğun qələmə almışdır. Bəs Füzulinin əsas məqsədi bu dastanı təzədən yazmaq idimi? Eləydisə, buna nə ehtiyac? Əsla. Füzuli özünəxas şəkildə cövlan edən hadisələri məhz Füzuliyanə yaradır, bəşəriyyətə xatırladır. Məhz onun xatırlaması başqalarına bənzəmir, bir özgə xatırlama, təlqinetmədi. Kamal Abdulla yüksək intellekti və ilahi yaradıcı fəhmi sayəsində ədibin xatırlamalarını açır, can atır ki, ortada qaranlıq heç nə qalmasın, nəsə nəzərindən qaçırmasın. Axı, Füzuli təkcə “Leyli və Məcnun”unda xatırlamır, kəsəsi, xatırlama bütün yaradıcılığına xasdır.
“Ey Füzuli” özünəxitabı barədə. Bu cür müraciəti şair sevir, tez-tez qəzəliyyatında təkrarlayır. “Ey Füzuli” Füzuli əşarının sonu, mahiyyəti və açarıdır. O, sərgərdan və kimsəsizdir, özündən başqa müraciət eləməyə adam tapmır. İçində nə dərdi varsa, yenə xitabən özünə söyləyir. Kamal Abdulla təsdiq edir ki, Füzuli özü-özünü dinləməyi bacarır, qəribə tərzdə müraciətinə qulaq asır. Axı, onun özündən başqa kimi var? Ancaq bu kimsəsiz Füzuli zəif deyil, “dağlardır sinəmdə qarası qopmamış” pıçıldaya-pıçıldaya nikbin ovqat üstdə köklənir:
Ey Füzuli, dura məndən ala təlimi vəfa,
Nagəhan mərqədi Məcnuna düşərsə güzərim.
Çünki Məcnunun dərdi Füzulinin dərdini ona unutdurub, özünü yaddan çıxarıb “uzunçuluq” edən şair (“Füzuli” ərəbcə çox danışan, uzunçuluq edən deməkdir) eyforiyaya qapılmır. Axı, beytdə Məcnun vəfasızlıqda suçlanır, ittiham olunur. Füzuli yenə özünəmüraciətində Məcnunu sədaqət-vəfa təliminə çağırır, ona bu məsələdə dərs keçmək niyyətində bulunduğunu yazır. Bəs harda, nə zaman? Məcnun artıq dünyadan köçmüşdür, o, həyatda yoxdur. Füzuli bu qəliz sualdan üzüağ çıxmaq naminə şərt qoyur. Əgər qəfildən Məcnunun qəbrinə yolumu salsam (haqq dünyasına) və Məcnun məni eşitsə… Kamal Abdulla böyük eşqlə məşhur “Əql yar olsaydı, tərki-eşqi-yar etməzdimi?” misrasıyla başlayan qəzəlin təhlilinə keçir, şeirə orijinal münasibətilə oxucunu düşünməyə vadar edir. İndi baxaq görək, qəzəlin müəllifi “Ey Füzuli” naləsi çəkərək sonluğu necə möhürləyir?
Ey Füzuli, daği-hicran ilə yanmış könlümü,
Lalələr açsaydı, seyri-laləzar etməzmidim?
Bu da ustadın daşa dəymiş arzusu. İstəyir ki, həsrətin cəhənnəm odunda korun-korun yanmış könlü qanlı lalələr açsın və aşiq həmin laləzarlığın seyrinə dalsın. Mümkünsüzlüyün mümkünü dilemması. Həmişə bu labirintdə qalmağı xoşlayır Füzuli, özünün bəxtəvərliyini tapır. Ona görə ki, zəmanə şairi istedad sarıdan varlı yaradıb, bu dövlətinə görə isə dövran Füzuliyə həmişə müxalifdir, Füzulini sevmir.
Ey Füzuli, müttəsil dövran müxalifdir sənə,
Qaliba, ərbabi-istedadı dövran istəməz.
“Füzuli səsləyir”, çağırış edir, doğru olaraq yazır Kamal Abdulla. Allahımı çağırır, bəndənimi? Sədasını göyə bülənd etməkdə məqsədi nədir “qoca” aşiqin? Səsini sözünün, sözünü səsinin arxasında gizlədir Füzuli. Məqsədi dərdini gizlətməkdirmi? Yox, müəllifin qənaətinə görə, “başqaları çağırır, Füzuli səsləyir”. O, məharətlə sözün intonasiyasını yaradır, harmoniya – yaradıcılığında sanki hərf-hərf, söz-söz, kəlməbəkəlmə başlanır, qurtarır. “Füzuli başdan-başa səsdir. Başdan-başa köks dolusu nəfəs və bu nəfəsin son iqamətgahı olan səs!” Bəli, nəfəsi ruhunda əridən səs Füzuli sözünün axırıncı mənzili – qərargahıdır. “…səsin arxasındakı nəfəs Füzuli sənətinin canı, mayası, hətta bəlkə də iddiasıdır”.
“Avazın yaxşı gəlir, oxuduğun Quran olsa” – el arasında deyiblər. Bəlkə də Füzuli dövründən yaranıb bu zərb-məsəl. Axı, adını dəyişib “uzunçu” qoyan, misralarında, beytlərində eninə-uzununa özünə şəbədə qoşan, “böhtan atan”, özüylə məzə qılan, zarafatlaşan, rişxəndlə danışan Füzuli Allahın səmavi kitabını – “Qurani-Kərim”i də mükəmməl öyrənib və müqəddəs surələrə, ayələrə münasibət külliyyatında bol-bol işlənir. Bu məqamda klassik fars şairi Əbdürrəhman Caminin Mövlanə Cəlaləddin Ruminin haqqında dedikləri yada düşür: “O, peyğəmbər deyildir, ancaq kitabı vardır” (“Məsnəvi” nəzərdə tutulur). Məncə, “Leyli və Məcnun” müqəddəs kitablara tay tutulmağa layiq bəşəri nümunədir.
“Füzuli səsləyir”. Ancaq Füzulinin qara qışqırıqla, yüksək ahənglə kimisə səsləməsi qeyri-inandırıcıdır. Bu səs o qədər zəifdir ki, kənardan eşidilmir, yalnız özü-özünü eşitməyə məcburdur. Eyni zamanda, Füzulinin səsi zərifdir – çiçəyin yaz ağzı pıçıltısıdır, yarpağın açılışıdır, sübh erkən əsən bahar nəsimidir, bahar mehidir. “Füzuli səsləyir”, Füzuli bütün vücudu ilə müqavimət göstərir, səsi havanı yarıb keçir, ünvana yetir. Bu anda elə bilirsən, Füzulinin gözləri misra və beytlərindən söz-söz açılır, boylanır, baxışları ilə səsləyir sübhün açılmasını, gecə ilə gündüzün tən ortadan bölünüb yarılmasını. Yerində misal çəkir “Mənim Füzulim”in müəllifi:
Ey Füzuli, şami-qəm əncamına yoxdur ümid,
Bir təsəllidir sənə ol söz ki, derlər var sübh.
Əslində, Füzuli səsləməklə bərabər, həm də gözləyir. Bəs nəyi gözləyir əlini hər yerdən üzmüş, ancaq “Allahına sığınmış” Füzuli? Yalnız gecə şamın yanmağı ilə sübhün varlığından xəbər tutub təsəlli tapan müdrik “uzunçu”? Məncə, Füzuli səsləyə-səsləyə, gözləyə-gözləyə vaxtın sərhədlərini itirmişdir, hərdənbir “zəbun” taleyi şairi çəkisizlik şəraitinə, zamansızlığa yuvarlamışdır. Yoxsa Füzuliyə nə gəlmişdi ki, səsləyə:
Dedi ol yar, səhər vəqti gəlim, leyk nə sud,
Vəqt məlum deyil, şam ilə birdir səhərim.
“Füzuli inanır yazır” Kamal Abdulla. Əgər inamı olmasaydı, tam ümidsizliyə, bədbinliyə qapılsaydı, Füzuli bu qədər şedevrlər yaratmazdı. O, “Məndə Məcnundan füzun aşiqlik istedadı var” misrasıyla inamını ortaya qoyur. Füzulinin qapısını döyüb soruşan yoxdur: məgər aşiqlik də istedadnandır? Və ya bunlar axı ayrı-ayrı sözlərdir? Digər tərəfdən məlumdur ki, əgər həqiqətən dəlicəsinə sevmək, aşiqlik istedadnandırsa, onda Məcnunu bu istedadın fövqünə qaldıran Füzulidir. Məcnun Füzulidir, Füzuli Məcnun. “Füzuli xatırlayır” bəhsində bu barədə mülahizə yürütdük və şairin ölməz iki misrasını misal gətirdik:
Məndə sakin oldu dərdi-eşq Məcnundan keçib,
Ondan artıqdır məgər eşq içrə təmkinim mənim?
“Dərdi-eşqin insanda sakin olması”, əbədi qərar tutması möcüzəsi, bu sağalmaz “sayrunun”, xəstəliyin məhz Məcnundan Füzuliyə keçməsi fəlsəfəsi. Füzuli “təmkin” əhlidir, təvazökarcasına inanır ki, “eşq içrə” onun səbri Məcnundan artıq deyil. O, səbr-təmkin, bəzən göz yaşına çevrilib bütün dünyanı tutsa da, ancaq şairin “səbr-təmkin” binasının özülünü tərpədə bilmir.
Tutdu seylabi du çeşmim yer üzün amma xoşa,
Kim binasın səbrimin ol seyl viran etmədi.
Füzuli “paradoks”unun mahiyyəti “yalan” və “doğru” üzərindədir qeyd edir Kamal Abdulla. İki əks qütbdə – “doğru” və “yalan”da (“tifl həm cövlan edər, amma ağacdan atı var”). Yox, Füzuli yəni bu qədər sadəlövhdü, yalana uyur, doğrunu anlamır? Axı o, yaradıcılığı üçün səciyyəvi əhəmiyyət daşıyan nəticənin də mahiyyətinə varmağı bacarır: “Aldanma ki, şair sözü, əlbəttə, yalandır”.
Hikmət və məna Füzuli poeziyasının təkcə üst qatında deyil, həm də alt qatında qərar tutub. Bu poeziya zahiri parıltıdan və təmtəraqdan uzaqdır. Eyni zamanda, Füzuli şeiriyyətinin quruluşu da (qafiyə-vəzn, bölgü sistemi, metafora-obraz forması) məzmunundan geri qalmır, onunla tamlıq, bütövlük təşkil edir. Füzulinin xoşbəxtliyi ondadır ki, üç dili (türk, fars, ərəb) yüksək səviyyədə – ana dili səviyyəsində mənimsəyib və heç vaxt söz üçün gəzməyib. Kamal Abdulla məntiqi surətdə bu kimi nüanslara işarə vurur, Füzulinin “sirri”ni açır.
Füzuli şeiri bütün estetikası ilə bahəm çətin riyazi sxemdir, obrazlar həndəsi silsiləsidir. Oxucusundan yüksək hazırlıq tələb edir. Təbiət qanunları (maddə kütləsinin itməməsi, Yerin cazibə, əskikliklərin vəhdəti və s. qanunlar, Günəş-Ay tutulmaları, planetlərin hərəkəti) bu və ya başqa şəkildə Füzulinin təfəkkür süzgəcindən keçir, konkret cavabını, həllini tapır. Çağdaş riyaziyyatda qeyri-səlis məntiq və müasir gibernetika var (banisi həmyerlimiz Lütfi Zadə). Füzulinin şeirləri səlis məntiq deyil, qeyri-səlis məntiqdir və Kamal Abdulla demişkən, bu yazıların siqləti barədə düşündükcə, insan adilikdən yaxa qurtarır, aliliyin ən yüksək qatına qalxır. Məsələn (1) “Açmadı könlüm fələk, ta bağrımı qan etmədi” (2). Və ya “Qəm diyarında əcəl peyki güzar etməz mənə” (3). Yaxud: “Rəngi-ruyundan dəm urmuş sağəri-səhbayə bax. Aftab ilə qılır dəva, tutulmuş ayə bax” (4). “Yer işi, göy cünbüşi rəyinlə bir dəm olmasa, Yeddi iqlimi, doqquzi gərdüni gərdan olmasın”. Füzulidən gətidiyimiz misallar açmağa aciz qaldığımız beytlərin küll halında cavabıdır.
Şərh yoxdur